Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:16

Twitter-də məşhurları “öldürən” adam budur!


Tommaso De Benedetti
Tommaso De Benedetti
Onun “öldürdüyü” ilk məşhur adam– Roma papası 16-cı Benedikt olmuşdu.

İtaliyalı məktəb müəllimi Tommaso De Benedetti bu yalan xəbəri yaymaq üçün Vatikanda ikinci şəxs olan kardinal Tarcisio Bertone-nin adına Twitter-də saxta profil yaratmışdı.

Bundan sonra De Benedetti “qətllər”inə davam etdi. Twitter-də Kuba lideri Fidel Kastro və tanınmış ispan rejissoru Pedro Almodóvar-ın da ölüm xəbərlərini yaydı.

Bu xəbərlər sosial şəbəkədə virus kimi yayıldı.

Bu əməlin “dünyanın ən bacarıqlı və yaradıcı təfəkkürlü” saxta ölüm xəbəri yayan insanına - De Benedetti-yə aid olması sonradan bilindi.

"SOSİAL MEDİANIN ZƏİFLİYİNİ GÖSTƏRMƏK CƏHDİ"

“Ölüm xəbəri Twitter-də çox asan yayılır” – deyə 43 yaşlı De Benedetti bu il martın 30-da Britaniyanın “Guardian” qəzetinə müsahibəsində bildirib.

O deyir ki, bu hərəkətilə sosial medianın zəifliyini, onun xəbər mənbəyi kimi nə dərəcədə etibarsız olduğunu göstərmək istəyir.

De Benedetti özünü “normal adam” kimi təqdim edir.

Amma Twitter-də o, bu yaxınlarda hətta Əfqanıstan prezidenti Həmid Kərzay, ispan naziri və Suriya prezidenti Bəşər Əsədin “cildinə” də girib.

“Sosial media dünyada ən qeyri-dəqiq xəbər mənbəyidir, amma xəbər mediası ona inanır, çünki sürətinə görə ona ehtiyacı var” – deyə De Benedetti bildirir.

KÖHNƏ YALANÇI

De Benedetti köhnənin yalançısıdır.

O, italyan mətbuatını da barmağına dolayıb, tanınmış yazarlar John Grisham, Arthur Miller, Gore Vidal, Toni Morrison, Derek Walcott və Philip Roth-la saxta müsahibələr yazaraq çap etdirib.

Bu yalan 2010-cu ildə ortaya çıxıb, bir jurnalist Roth-a onun Amerika prezidenti Barak Obamanı tənqid edən müsahibəsi haqda sual verib.

Yazıçı belə bir müsahibə vermədiyini bildirib.

Amma De Benedetti saxta müsahibələri qonorar xatirinə yazdığını inkar edir. Deyir ki, sadəcə, italyan mətbuatının nə dərəcədə zəif olduğunu göstərmək istəyib.

“İtaliya mətbuatı heç vaxt heç nəyi yoxlamır. Xüsusən də əgər yalan xəbər onların qəzetinin siyasi xəttinə uyğundursa. Məhz buna görə sağçı qüvvələrə yaxın “Libero” qəzetinin Roth-un Obamanı tənqid etməsindən xoşu gəlmişdi”.

De Benedetti onu da qeyd edir ki, redaktorların onun saxta müsahibələr yazmasını bildiklərindən şübhələnir, amma onun fikrincə, buna baxmayaraq redaktorlar müsahibələri onlara sərf etdiyi üçün çap ediblər.

YENİ MEYDAN

Müsahibə qalmaqalından sonra ifşa olunan De Benedetti “qəhrəmanlıqları üçün” yeni meydan axtarıb tapır – İnternet.

O, email-lə “Umberto Eco” imzası ilə “International Herald Tribune” qəzetinə (The New York Times Company-yə məxsus beynəlxalq qəzet) Liviya müharibəsini tənqid edən yazı göndərir.

“Məqaləni çap edəndən sonra zəng edib onlara yazının saxta olduğunu dedim” – deyə De Benedetti bildirir.

Bundan sonra o, Meksika yazıçısı Paco Ignacio Taibo-nun adından Italiyanın dini qəzetlərindən olan “Avvenire”ə e-mail-lə məqalə göndərir və Papanı tərifləyir.

“Avvenire” məqaləni birinci səhifəsinə verir...

De Benedetti-nin Twitter-dəki ilk “əməliyyatı” İsveç yazıçısı Henning Mankell-in adına hesab açmaq olur.

İsveç qəzetlərindən biri həmin hesabdakı “tvit”lərdən sitatlar verməyə başlayandan sonra yazıçı təkziblə çıxış etmişdi.

SON "İŞLƏR"...

De Benedetti İtaliyanın baş naziri Mario Montinin də adına saxta profil açmışdı. “Həmid
"Umberto Eco" profilindən Markesin ölüm xəbəri
"Umberto Eco" profilindən Markesin ölüm xəbəri
Kərzay” adından “tvit”lərə isə Əfqanıstan prezidentindən təkzib gəlmişdi.

“Bəşər Əsəd” profilində isə De Benedetti Suriya liderinin təkzibini yerləşdirmişdi.

Guya Əsəd mətbuata sızan e-mail-lərinin həqiqiliyini təkzib edir.

Bu “tvit”i qısa müddətə “Guardian” da aldanıb İnternetdəki səhifəsinə qoymuşdu.

De Benedetti Ispaniyanın maliyyə naziri Cristóbal Montoro-nun saxta profilini açaraq dəfələrlə yalan məlumatlar yayıb.

Nazir bunların yalan olduğunu bildirsə də, saxta profilin 3 min folloveri var.

“Facebook-da dostların sayı adamın əl-qolunu bağlayır, amma Twitter-də sən bilirsən ki, insanlar səni izləyəcəklər, xəbərini yayacaqlar və bu, yoxlanılmamış “real-time” xəbər mənbəyi kimi istifadə ediləcək”.

De Benedetti-nin son “işlərindən” biri də Şimali Koreya liderinin saxta profilini yaratmasıdır.

İndi şübhələr yaranıb ki, Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin bu günlərdə “Twitter”də yayılmış ölüm xəbərinin müəllifi də De Benedetti-dir.

Ölüm xəbəri “Umberto Eco” profilindən yayılıb...

"Guardian"a istinadla oxuzali.az
XS
SM
MD
LG