Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:07

Sabutay Nağının 20-liyə düşməyən hekayəsi


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib.


Sabutay Nağı

ADINI İNQİLAB QOYDUM...

Gözlənilən zəng - üç hərfli adının abbreviaturalı açması "Azərbaycan Yeni Xidmət" olan telekanalın 31 mart azərbaycanlıların soyqırımından reportajını təqdim edəndə gəldi.

Müvafiq düyməciyi, "yes"i işə salıb bircə kəlmə "axşamın xeyr, bəy" deyibən dinləməyə başladı.

Salamlaşması kimi xudahafizləşməyi də qısaca çəkdi və sağ əlinin baş barmağı mexaniki olaraq qırmızı "no"nun - telefonun digər düyməciyinin üzərinə gəldi...

Baxmayaraq ki, "bəy" deyilən artıq söhbəti xırt etmək funksiyalı "no"sunu vurub telefonunu qapatmışdı, amma onun barmağı hələ də "no"nun qırmızı rəngini sığallamaqdaydı və aydınca hiss edirdi ki, arvadının nəzərləri yeni xidmətli telekanala yox, ona, bəlkə də elə "no"ya yönəlib...

"Yenə başlayırlar yaz qabağı?

"Olsun də... ərəblərin baharı dünyanı titrədir..."

"Ərəbistanda qış olur ki... onlarda həmişə bahardı də... Həmişə gizlətməyə çalışırsan, amma mitinq zəngini o dəqiqə hiss edirəm. Nə dəyişir e, düz 15 ildi bu zəngləri eşidirəm... Beş il də məndən qabaq... Əvvəllər ev telefonuna zəng edirdilər, indi allaha şükür, simsiz o dəqiqə səni tapır"

"Suriyada 40 ildi ... qırılırlar. Daha ərəblər dəvə yerişiynən yox, facebook-la hərəkət edirlər"

"20 ildir işləmirsən, deyirsən 20 il də gözləyəcəm? Anan evdə pendir düzəldib satmasa, acından ölərik..."

"Yox, day hazır yeyənlərin sonudu... Bu bahar başqa bahardı..."

"İnanmıram heç nəyə... Hər dəfə Bakıya mitinqə gedəndə mərəkə qopur, uçastkovu, qohum-əqrəba, kim qalmır ki, evə göndərib səni soruşmasınlar..."

"Hər şey dəyişəcək... elə o adamlar da başa düşəcək ki, onlar bu hökumət üçün uzaqbaşı ayağa ilişən, yaşamağa mane olan alaq otlarıdır. "

"Nə vaxt, üç qızının üçü də doğulanda burda olmayıbsan. Səsin ya rayon kepezesindən, ya Bayıldan gəlib, ya da hardasa gizlənibsən..."

"Hə də, heç olmasa birinin adını Bayıldan-zaddan qoyaydın ..."

"Elə niyə ?"

"Bıy, tarix yazılır də, ay arvad... Bu günlərin sabahı var."

"Bilirəm, nəyə işarə vurursan, olaydın burda uşaqların adın da dədəm yox, özün qoyardın... Addır də, bunun üçün inciklik salmayacağıq ki... Bir dənə gül gətirərdin doğanda. Bəsdir zarafata saldın... Bu dəfə oğlandı! Nə qalıb, uzağı üç-dörd gün."

"Bir günə qayıdacam. Bizim rayonda heç kim doğanı gülnən təbrik etmir. Hamınız türk seriallarındakı varlıların həyatını təqlid etmək istəyirsiz...Neynək, bu dəfə gülnən gələrəm, hər şeyin əvəzini çıxmış olaram..."

...Baş barmağı "no"nu qapadı.

Səssiz titrləri üz-üzə gələn nəzərlər televizora yönəldi. Bayaq matəmdən üzülən aparıcı şən səslə aprelin birindən - sabaha aldanmamaqdan bəhs edirdi....

***

Yeni xidmətli televiziya kanalı səhər xəbərlərində 31 martdan dünən, 1 apreldənsə bu gün formasında danışdı...

Ev qapısı arxasınca örtüləndə kicik qızının "atam hara gedir, mənə kukla alacaq?" sorğusuna ayaq saxlamaq istəsə də, arvadının "yox, demokratiya almağa" cavabı onu pillələri daha cəld enməyə vadar etdi. Əvvəllər, "demokratiya almağa gedir" məsələsi arvadının sevimli sözü idi, sonrakı illər isə bunu qəzəb qarışıq rişxənd bildirişinə çevirmişdi.

1 aprel gününün havası da aldadıcı idi. Səmada ara-sıra zərif istisi ilə parlayan günəşlə tutqun buludun bölüşülməz mübarizəsi görünürdü. Başını qaldırıb, uzun, çox uzun çəkmiş qış soyuğundan sonra günəşi görmək xəyalını da səmalara yüksəldirdi. Əhvalına elə bir istilik təsir edirdi ki, hər kəslə zarafat etmək istəyirdi... Olmazdımı, yaşadığın cəmiyyəti 20 ildir elə 1 aprelsayağı idarə edirlərsə, aldatmaq norması yaranıbsa sənin də bir dəfə buna ixtiyarın çatmırmı? Bu rayonun mərkəzində dayanıb bircə kəlmə daha "demokratiya almağa getməyəcəyəm" desəydi, nələr baş verərdi? Başını girləmək üçün balaca bir iş tapardılar sənə, evdə söz-söhbət, sənə lazımsızlıq nəzərindən baxan ətrafın səsi necə də kəsilərdi.... Və sən cəmiyyət üçün lazımlaşardın! Yoxsa, cəmiyyətə yad qızı kim görünən demokratiyanı normalarımıza qarşı qoymaq nəyə gərəkdir. Məsələn, bu aprelin ilk gününün mahiyyətindən yapışıb desəydi ki, YAP-a keçmişəm, bax buna heç vaxt heç kim inanmazdı..

Hara gedirsən get, istəyirsən lap ABŞ Respublikaçılar Partiyasının üzvü ol, xeyri yoxdu... Bu rayonda partiya-zad tanımırlar, siyasətdən danışırsansa, deməli cəbhəçisən və cəbhəçi olmaq rayon camaatı üçün "Azadlq" radiosu, qəzet, jurnal, nəyisə tənqid etmək, mütləq pis bir hala münasibət göstərməkdir.

Özü də hər kəsin səndən soruşduğuna cavab verməlisən.

- Nolacaq bunların axırı...

- Nəyin?

- Bunların də... adamı az qala ət kəsməyin də əlindən almaq istəyirlər... Vergidən tutmuş pojarniyə qədər hamısı deyir ver, özü də qazandın-qazanmadın. Qoyuram 64 vərəq nisyə dəftərini qabaqlarına deyirəm, buyurun, gedin camaatdan pulumu yığın... Xalqda pul yoxdu, məndə hardan olsun? Hələ levi pul istəyənləri demirəm, elə bil reketlərdi... Deyirəm, mən qəssabam ey, qoyun deyiləm. Əh, cəbhəçilər də bir şey eliyən deyil e...

"Həmişə belədi" - düşündü, "sanki biz dərin dövlətik"...

İlk aprel gününün zərif günəşinin istisini duydu yenə.

"İstisini" yolüstü kiçik dükanında ət doğrayan qaşqabaqlı qəssaba yönəltdi.

- Nolub ki, qardaş, dünyanın ən inkişaf edən ölkəsiyik, ümumdaxili məhsul da artıb. Evimizdə sakit yatırıq, yatırıq... Bütün dünya inkişafımıza heyrandı.

Qəssabın baltasının ağzı kötükdən qalxıb ona sarı döndü:

- Bu da cəbhəçi, qoyunu da tövləyə salırlar, sakit yatır, onda keçən aydan qalan borcunu 3 günə gətirib çıxararsan...

Balta zərblə kötüyə çırpıldı...

***

Ssenari təkrar olundu. İşsizlikdən səhər-axşam nərd atılan çayxanadan partiya sədrlərini qabaqlarına qatıb polis rəisinin kabinetinə apardılar. O, çayxanaya çatanda sədrlər artıq rəisin "sizi Bakıda mitinqdə görməyim" hədəsi ilə geri qayıtmışdılar. Həmişəki kimi çayxananın kənar hissələrində polisin nəzarətçiləri oturmuşdu... Mənzərə o qədər tanış idi ki, qəfildən aprelin ilk gününün istisi əhvalını qaldırdı:

- Bu gündən YAP-a keçirəm....

İki stolun ətrafına sığmış müxalifətçilərin nərd taxtasında zər də susdu...

Çayçı əlində çaynik ortalıqda qurudu...

Polisin, guya öz söhbətləri olan nəzarətçiləri dərhal ona sarı döndülər....

- İnanmırsınız... Daxili və xarici siyasətdəki uğurları nəzərə alaraq Rasim Musabəyov kimi....

Çayxanada yaz yağışı kimi gülüş qopdu....

***

Günəş bu gün daha erkən oyanmış və daha şən görünür...

Evin pəncərələrindən isə günəşə sarı yox, onun arxasınca narahatlıqla boylanan gözlərin yandırıcı müşayiətini hiss edirdi.

"Uşaqlar, arvad, valideyinlər, digər qohumlar... İlahi, inqilab üçün evdən başlamasaq, cəmiyyət də dəyişməyəcək. Az qala hamının gözü qaranlıqda yaşamağa alışıb. Amma anlamırlar ki, görmək hələ aydınlıq deyil. Çe Gevara xoşbəxt idi ki, həftədə bir dəfə toya, bir dəfə yasa getməyə məcbur deyildi. Bizdə isə...Yalan o qədər adiləşib ki, haqq, ədalət sözləri dilimizdən rəsmən çıxıb. Çünki analar indidən yalan danışan uşaqlarının sabah yalan danışan cəmiyyətdə mövcud ola biləcəyini görürlər. Məktəbdən televiziyaya, evdən iş yerinə, yas mərasimlərindən idman yarışlarına qədər yalan udulan cəmiyyətdə zəngin leksika kimə lazımdır? Hər şeydən əvvəl söz yaranmışdısa indi söz ölübsə yerdə nə qalıb? Hə, Siyavuş Novruzov dilimizi qətl etdi."

Ssenari o qədər tanış idi ki, hətta təkrarçılıqdan darıxdı. Əvvəlcə polislər avtovağzaldan Bakıya gedişi saxladılar. Sonra Bakıya gedənlər harasa səpələndi...

İki nəfərə avtovağzaldan xeyli kənarda yolüstü bir maşına əl etdilər...

- Hara gedirsüz?

Sürücü bağırdı.

Bakıya satlıq toyuq aparan alverçinin maşınına birtəhər yerləşdilər. Toyuqların səsi və iyinə sürücünün tez-tez yol polisini söyməsi də qarışırdı.

- Keçən həftə Tiflisə mal aparmışam, onların yolunda bir dənə "qai" görmədim... Bizdə elə bil ituşaqları bazara çıxırlar. Hərəsi əllərində bir dənə radar kol dibində gizlənirlər, kol dibindən çıxanlar...

Yolu irəlilədikcə isə günəş daha parlaqlaşırdı...

***

Mitinqin keçiriləcəyi Fəvvarələr Meydanının ətrafına gəlib çıxanda yenə tanış mənzərə öz panoramasını aldı. Polislər robot kimi meydana girişi divar kimi kəsmiş, mülki geyimli təhlükəsizlik işçiləri həyəcanla telefonla danışır, qaçışır, sarı ködəkçəli jurnalistlər mitinq qabağı polislərin pozasını yaddaşa həkk edir. Və hər kəs bu gün havanın daha günəşli, əsl yaz havası olmasından mütləq bəhs edirdi...

Telefonuna zəng gəldi... Rayondan idi... Baldızı birnəfəsə vəziyyəti çatdırdı:

- Vəziyyəti pisləşdi, hamı sizdədi... Mamaçanı da gətirdik, evdə hazırlıq görmüşük. Heç gözləmirdik...Amma deyəsən...

İstilik yəqin ki, günəşdən gəlirdi...

Orda hamı həyəcanlıdı, dünyaya daha bir körpə gəlir... Burda da hamı həyəcanlıdır, təzə və günəşli günün doğulması üçün...

Sonra bu uşağın gecələr ağlamağı hamını bezdirəcəkdi, buna baxmayaraq bir dənə asqırsa hamı təşvişə düşəcəkdi, yuyunmağa aparanda ağlayacaqdı, əllərini döyəcləyəcəkdilər, amma sevəcəkdilər...

Burda da yaşanan həyəcanlar tarixə çevriləcəkdi, oğlu həyəcansız bu günləri tarix dərsliyindən oxuyub müəllimindən qiymət alacaqdı. İşdi o vaxta sağ qalsa, oğlunun "siz nə istəyirdiniz" sualına o, sadəcə belə cavab verəcəkdi ki, istəsəydim Avropanın hansısa ölkəsinə gedərdim, insan kimi yaşamaq üçün, amma insan həyatını onlar özləri özləri üçün qurublar, öz uşaqları naminə... O yerlərə ki, orada hökmdarlar yoxdu və buna görə də insanlar da bizdəki kimi hökmlərlə danışıb idarə olunmurlar. Bilirsən, oğlum, o adamlar hökm edərlər ki, onlar heç nə bilməzlər, dözümsüz olarlar hər şeyə.

Bir dəfə hökm edərsən, düz olar, doxsan doqquzu səhv. Bax, bizi belə idarə edirdilər, birə görə doxsan doqquz səhv. Getmədik, bu nisbəti dəyişən cəmiyyəti burda qurmaq üçün.

Hava dünənə nisbətdə daha çox mülayimləşmişdi...

"Bir tərəfdən yaxşı oldu... məndə qalmasın fikirləri..."

Düşündü və mexaniki olaraq meydanın kənarında aprel istisini duymaq istəyən novruzgülü çiçəyinin bircəciyini qırıb əlində tutdu ...

- Neynirsən, polislərə gül verəcəksən...

Bakıya qədərki 4 saatlıq yoldan yorğunluğu keçməmiş partiya yoldaşı rişxəndlə güldü...

- Təbrizdə fədailər üstlərinə gələn tankın lüləsinə çiçək qoyma yarışına girirmişlər bir vaxt...

O isə çiçəyi pencəyinin döş cibinə qoydu və günəşin parlaqlığında daş döşəməsi göz qamaşdıran meydanın tən ortasına boylandı.

"Bir az ehtiyatlı olmaq lazımdır. Tutulmasam, adını özüm qoyacam...."

Ürəyində oğlan adlarını sadalamağa başladı....

***

Tufan günəş batmamış qopdu....

Meydanın 4 tərəfindən kiçik gənclik qruplarının "Xilas", "İstefa" şüarı səsləndi...

Şüarları polis qalxan döyəcləməklə eşidilməz etmək istədi...

Bir az kənarda, mərkəzdə dayanmış jurnalist əllərini geniş açıb təkbaşına "Azadlıq" deyib polis səfinə yeridi...

İndi toqquşma bütün meydan ətrafı gedirdi...

Günəşin obyektivi meydana işıq saçırdı...

Deyəsən, mitinqçilərin "Xilas" şüarı körpə qızcığazın xoşuna gəldi və ya da bu söz onun üçün təzə idi... Şüarı tez-tez təkrar edib yaddaşına ötürən qızcığaz anası qarışıq həbs ediləndə ehtiraslar daha da qızışdı...

Gənclik qruplarının taktikası müəyyən qədər bəhrə verdi...

Ağır zireh geyimli polislər cəld tərpənən gənclərə çata bilməyərək meydandan uzaqlaşanda daha bir qrup mitinqçi meydana girməyə cəhd etdi....

Dubinkalar və idman fəndləri işə düşdü....

-Adını de...- jurnalistlər gözündən vurulsa da, meydana daxil olan və 4 polisin təpiklədiyi şəxsə qışqırırlar.

- Təzə... xan... Mirələmli!

Növbə çatır...elə bir vaxt gəlir ki, sənin də növbən çatır... Ola bilsin ki, hansısa növbədə əsəblərin dözmür çıxıb gedirsən, amma bu o demək deyil ki, o növbə yenə həyatında olmayacaq... Növbə var, növbə var... əgər dünən balaca bir dükan işlədən özünü növbədə saymırdısa, qurbanlıq növbəsi ona da gəlib çatdı... Kimsə başını aşağı salıb yaşayırsa, bu o demək deyil ki, qəssab səni seçməyəcək... Və indi hər kəsin növbəsi var..Onların meydana girmək vaxtının çatdığı kimi...

***

Günəş ərəb səhralarının istisini damarlarına axıtdı...

"Nə vaxtsa oğluma deyəcəyəm ki, bizə məhz bir gün lazım idi. Yaxşı və Pis yaşamaq üçün araya atılmış barrikadanı "Xilas" barrikadasına çevirmək üçün... Məhz sənin üçün, bu polisin də insan kimi yaşaması üçün... vətən üçün..."

Yaxasından yapışan polisin əllərini kənar edib "Xilas" deyə qışqırdı...Sol tərəfindən kimsə qışqırdı.

"Rədd olsun diktatura ...."

Bu şüar təkrarlanaraq uzaqlara yayıldı.

"Bilirsən, oğlum, həmin vaxtlar bizim ölkədə yaşamaq necə ürəkbulandırıcı idi? Hakimiyyətin yeganə qorxduğu söz bu idi - Diktatura! Dubinkalar çiynimizdə, kürəyimizdə at oynatsa da... dilimizi kəsə bilmirdi, nə Azadlıq Doğulurun, nə Sərraf Turanın, Nə Məmməd İbrahimin, nə Kərim Mehdiyevin... Hələ bu ölkədə dili dubinkadan uzun insanlar qalmışdı"

Çiynindən dubinkanın tanış ağrısını hiss etdi...Telefonunun ayaqlar altına düşməsinə fikir belə vermədi. Mitinqçinin əlindəki 3 rəngli bayrağın tünd rəngləri gözündə yüz rəngə çevrildi...Tədricən bu rəng qarışığı Yepyeni bir bayraq şəklində gözləri önündə peyda oldu. Və...

- Adını de - Başına vurulan dubinka zərbəsinin yerini əli ilə örtmüş adama sarı jurnalistlər qışqırdı...

- Adını de... hansı rayon...

Gözlərinin cansızlığı jurnalist qızı həyəcandan ağlatdı...

Mülki geyimlilər onu maşına basdılar...

Jurnalist Bakı merinin meydana basdırdığı süni ağaca söykənib ögüməkdəydi..

- Adını bilmədik... Elə bil öldü.

***

- Nədi ə, bunun adı - şəhər polis rəisi mitinqdə saxlanılan şəxsi itələyə-itələyə kabinetə salmış polis sıravisinə qışqırdı

- Arzuman... rəis . Adını boynuna almırdı, içəridəkilərdən kimsə tanıdı

Arzuman isə iki polisin sürüyərək kabinetdən çıxartdığı cavan oğlandan qalan döşəmədəki qan izinə təəccüblə baxdı..

-Bura bax ə, - rəis qışqırdı - Sənnən Nəhmətov danışır e... hara baxırsan... O gədə də çox baş-ayağ atırdı, dilindən sərbəst toplaşma azadlığı düşmürdü. bu millətin heç ölüsünü də sərbəst qoymaq olmaz

Rəis ayağa qalxıb, tapançasını belindən çıxardı.

- İnqilab istəyirsiz, köpəyuşağı - Ayə, inqilabı bunnan edirlər, varundu? Yoxundu onda otur yerində. Köpəyuşağı dövlətçiliyimizə qarşısuz, hamınız erməniynən Amerkaya işləyirsüz...

- Rəis qələt eləyir Amerika da sizin qarşınızda - sıravinin səsi kabinetə yayıldı

- Arzuman, hansı rayondansan...?

Suala doğru gözlərini döşəmədən ayırdı...

Sıravi ondan qabaq dilləndi:

- Rəis, hardan olduğun demir, dəqiq bilirəm ki, naxçıvanlı deyil, deyir yadıma sala bilmirəm, mən bilən dubinka yaxşı təsir edib, düz başına dəyib....

Arzuman inadla rəisin gözlərinin içinə baxırdı:

- Mən fəxr edirəm ki, azərbaycanlıyam! Polis xalqı qoruyur, xalq da polisi sevir! Sizin dövlətçiliyimizin keşiyində gecə-gündüz bilmədən çalışmağınız qəhrəmanlıqdır. Daxili düşmənlərimizə qarşı amansızlığınız gələcək nəsillərin firavan yaşamasını təmin edir...

Ölkəmizin inkişafını istəməyən bir qrup müxalifətçinin dağıdıcı əməllərinə qarşı prinsipial mübarizəniz...

Rəis kreslosunu ayağı ilə itələyib düz onun qarşısında dayandı:

- Nömrə gəlirsən...səni otuzduraram şampanski butulkasına, ağlın başına gələr...

Arzumanın dişləri xırçıldadı:

- Vətəndaşı təhqir etmək olmaz. Bir Yapçı kimi biz Yepyeni Azərbaycan qurmuşuq ki....

Mülki geyimli bir şəxs tələsik otağa daxil oldu...

- Ən azı bir nəfər mitinqçi lazımdır ki, rəhbərlərinin əleyhinə danışsın... Yuxarıdan tələb edirlər... Keçən dəfəki kimi geydirmə olmasın... Naturalniy mitinqçi lazımdır. Bunların da rəhbərlərini satması çətin məsələdir. Amma yuxarılara nə var... Deyirlər doğun, qısır olsanız da.

Rəis mülki geyimli ilə pıçıldaşdı və həmin şəxs Arzumana baxa-baxa kabinetdən çıxdı.
Rəis fikirli-fikirli yenidən Arzumanın qarşısına gəldi.

-Ə, Arzuman, nə görübsən e bu cəbhədə, baxıram pencəyin sovetdən qalmadı, acından ölənin birisisən deməli, yüz faiz arvad da bezib səndən. Pulsuzluq belədir də... Boğazun da armud sapı kimi üzülür. Sən öl, çıx televizora mitinqləri pislə, gör nələr eləyəcəm sənə. Ev deyirsən ev, maşın... Görmədiyini görəcəksən, yemədiyini yeyəcəksən. Cəmi 3 dəqiqə i vsyo... Mən də oluram sənin qardaşın. Bir dənə kağız verəcəklər, onu oxuyacaqsan... Nə deyirsən, istəmirsən dövlətçiliyimizi?
Sıravinin pıqqıltısı kabneti bürüdü:

- Rəis, Allah haqqı deyirlər mənim yerlim Vaqif Səmədoğlu yaxşı konyaka görə müxalifətdən ayrılıb... Çətini əlləri ətə çatıncadır.

Rəisin qəzəbli baxışları sıravinin boğazını qurutdu. Həmin anda Arzuman dilləndi:

- Mən hakimiyyətin daxili və xarici kursunu istənilən yerdə müdafiə edə bilərəm...

Rəisin bir şey anlamadığını görən sıravi özünü saxlaya bilmədi:

- Razıdı, ay rəis, yəni mən razı.

Riqqətə gəlmiş rəis uzunboylu Arzumanı qucaqladı:

- Canqardaş! Başındakı şişi görüm neynirəm... Camaat qarşısına çıxacaqsan axı... Sən öl hər gün evinə bir kilo qırmızı ikra göndərəcəm, yeyərsən, cana gələrsən... Ayaq üstə durma, gəl otur mənim kreslomda. Bir dənə də əla çay. Yəqin zəhərli qazdan boğazın quruyub. Əşşi yaman qışqırırdılar... Xilas, İnqilab, İstefa... Adam bu sözlərdən az qalır şalvarını islatsın. Mitinqə pampers geyib gedirəm ki, biabır olmayım.

...Mülki geyimli ilə gələn həkim əvvəlcə onu danışdırdı, sonra müayinə etdi, başındakı dubinka yerinə nə isə sürtdü....Diaqnozu pıçıltı ilə rəisə çatdırdı:

- Şəxsiyyətin ikiləşməsi!

- O nədi - rəis təəccüblə mülki geyimliyə, sonra həkimə baxdı.

-Bu adam yüz faiz cəbhəçidir...Danışdırdım, gördüm sədri Əli Kərimlinin bütün çıxışlarını bilir, həm də bu adam bütün günü bizim telekanallara baxırmış, məsələn Az TV-yə. Orada danışılanlar da yaddaşına həkk olunub. Dubinka zərbəsi başını yarmayıb, amma kəllə sümüyünə dəyən zərbədən yaddaş qatı zədələnib. İndi bu elə bilir ki, Yap-çıdır... Yəni sizin mövqenizdədir.

Rəis ah çəkdi:

-Yarası dərin qardaş, Allah səni mənə göndərib ki, povışeniyaya gedim sənin hesabına.... mən deyirəm də, dubinkayla bütün ölkəni əhliləşdirmək mümkündü. Vallah, bizim gücümüz bu dubinkadadı, hər zibilə heykəl qoyurlar bir dənə dubinka heykəli qayırmırlar.

Mülki geyimli əmrini verdi:

- Televiziyaları çağıraq, vaxt azdır, hazırlıqları görün. Mən də gedim o biri otaqda ANS-in çəkdiklərinə baxım, görüm mitinqdə fəallıq edənlər kimlər olub.

***

Şöbənin zalında işıqlar söndürüldü...

Arzuman aparıcı ilə kameraların işıqlandırdığı masa arxasında oturmuşdu...

Kameralardan arxada rəis, mülki geyimli şəxs, sıravi polis və rəisin əmri ilə gəmiş, mitinqdə Arzumanı başından vuran polis əlində elə həmin dubinka maraqla səhnəyə baxırlar.

Az TV aparıcısı Fikrət Adıgözəlli:

-Bəli, bu gün telekameralarımız əsl vətəndaşı sizə təqdim edir... Bir nömrəli cəbhəçi olan Arzuman müxalifətin bu gün aksiya cəhdinə qarşı öz qəti etirazını bildirmək üçün studiyamıza təşrif gətirib...

Arzuman əllərini masa üzərində qoşalaşdırdı:

- Mən hesab edirəm ki, biz hamımız aldanmışıq. Xarici fondlardan maliyyələşən Kərimov Əli bizi aldadaraq özünə Londonda 4 villa, Panama adalarında otel alarkən bizi mitinqə çıxmağa təhrik edib. Bununla o, özünün xarici ağalarının göstərişini yerinə yetirib. Çünki, onun gözü ölkənin sürətli inkişafını götürmür....

...Rəis sevinclə yanındakılara göz vurdu;

- Halaldı vallah, bülbül kimi cəh-cəh vurur... Əşşi, bu müxalifətdə də pis uşaqlar yoxdu,
vallah ..

Arzuman isə danışdıqca qızışırdı:

- Hamımızın yadındadır ki, bir vaxtlar ölkə parçalanmaq üzrə idi. Kim qurtardı bizi bu bəladan... İndi ölkəmizdə az qala hər tinbaşı körpü görürük, hər yer Hacıbala müəllimin əkdiyi güllərlə doludu... Mən bir daha bəyan edirəm ki, bu gündən Cəbhə sıralarını etiraz olaraq tərk edirəm. Ar olsun müstəqilliyimizin düşmənlərinə!

Səhnəni izləyənlər bu aratorsayağı çıxışa valehliklə əl çaldılar...

Razılığını başının hərəkəti ilə bildirən aparıcı çıxışı davam üçün sual verdi:

- Məntiqlə, siz uduzmuş komandanı yox, yaxşı məşqçisi olan siyasi qütbü seçməlisiniz . Məsələn, hər bir futbolçu istəyir ki, məhz "Barselona"da oynasın.

Arzuman diqqətlə zalı süzdü:

- Bəli, mən belə fikirləşirəm ki, bu gün heykəllər, məhəbbət insanların ürəyində olmalıdır. O məhəbbət də rəhbərlərə insanlara edilən xidmətdən yaranır. Bu gün Azərbaycanın torpaqlarında taxıl, üzüm, pambıq, meyvə-tərəvəz əkməkdənsə, heykəllər qoyub camaatın başını qatırlar. Siz bir xalqın içinə çıxın, görün camaat nə vəziyyətdədir? Xalqın qədrini bilmək lazımdır. Qeyrətli oğlanlar acından ölür. Bu gün qaz, işıq yoxdur.
YAP-ın sədri Yeni Azərbaycan Partiyasının yaranma tarixindən danışanda adətən Arif Rəhimzadə kimilərin yox, mən Sirus Təbrizlinin adını çəkərdi. Mən ilk dəfə Naxçıvana, onun yanına gedəndə bu insan fikrə daldı və birdən qayıtdı ki, dünyanın işinə bax, ay Sirus, vaxtilə vəzifə, məqam, ev-eşik, orden-mükafat verdiklərim mənim yanıma gəlmir. Hətta başladı bəzi adamların adlarını çəkməyə və onları satqın adlandırdı.
Bu partiyanın adını da mən qoydum, yadınızdadırsa, həmin o çıxışda mən dedim ki, simasız quldurlardan hakimiyyəti almasa, Azərbaycanın vəziyyəti yaxşı olmayacaq. Görünür, bu simasız quldurlar, qaragüruh bir az gücləndi. İndi mən açıq deyirəm, YAP simasız quldurlardan ibarətdir... Heç bir hakimiyyət uzun müdət zorun, yalanın yanında sığınacaq tapa bilməz.

Həkimin naləsi zalı bürüdü:

- Onu saxlayın..O, özünü Sirus Təbrizli sayırmış....

***

Hər şey sürətlə baş verdi.

Aparıcı blaknotunu götürüb qapıya, rəisin dəstəsi artıq ayağa qalxan Arzumana sarı qaçdı.

Rəis dubinkalı polisə qışqırirdı..

- Ayə, vuranda bir az adam ol də... Necə vurubsansa Sirusa dönüb. İndi dayandır səsini...

Və eyni dubinka bu gün ikinci dəfə Arzumanın başına çırpıldı.

***

Arzumanın cansız gözləri açılanda rəisin komandası məsləhətləşməni bitirdi.

-Atın çölə, day bundan adam olmaz. Povışeniya cəhənnəm... işimi itirərəm bu it oğlunun üstündə... Nə qədər beynəlxalq təşkilatdan-zaddan gəlməyib rədd edin bunu. Getsin zibillikdə ölsün.

Rəisin əmri icra edildi. Maşının qapısı açılanda onu yaz havasına doğru itələdilər.

Bir xeyli durduğu yerdə qaldı. Başında əcaib sızıltı vardı. Onu özünə "sən balalarının canı" deyən dilənçi qızın yalvarışı gətirdi....

Ciblərini mexaniki olaraq eşələdi. Döş cibindən yalnız novruzgülünün iyini duydu, dilənçiyə verməyə belə pul yoxdur.

"Yəqin ki, rayona getməliyəm... Buna görə də avtovağzala.

Pul yoxdu, ayaqlarımız ki, var... Görəsən mənə nolub?"

Rayona aparan avtobusa necə mindiyini, necə yatdığını, sürücünün yol pulu istəyinə nə dediyini sonralar heç cür xatırlaya bilmədi.

***

Rayon avtovağzalından evə doğru bir kilometrlik yolu piyada gəldikcə beyni bir az aydınlaşmağa başladı.

Həyət qapısından içəri daxil olanda evdəki səs-küylə bərabər ilk olaraq onu baldızı qarşıladı:

- Sən keç o biri otağa... Başlayıb. Bütün günü gözləmişik. Yaman ağrı çəkib bütün günü.

Otağa çayı anası gətirdi.

- Məsləhət oldu ki, evdə doğsun...Xəstəxanaya pul çatdırmaq olur indi? Amma yaman ağrı çəkir... elə bil birinci dəfəsidir.

Çaydan bir az içdi və divana uzandı... Yarıyuxulu gözlər, sızıldayan baş, gözləri önündə lay divar polis səfi və kənar otaqdan artan ağrı səsləri... Bir azdan sanki başını dayanmadan dubinka ilə döyəcləməyə başladılar və paralel olaraq doğan qadının ağrıdan qıvrilan səsi ucaldı. İndicə huşunu itirəcəkdi...

Baldızı az qala oynaya-oynaya içəri girdi

-Oğlandı... oğlandı... sağ-salamat doğuldu... Adını de... adını...

Uzandığı yerdən qalxmışdı... Gözünün qarşısında meydanda "adını de" qışqıran jurnalistlər peyda olanda yaddaşına işıq düşdü

Dodaqları gülümsəmək üçün dartıldı...

Və əlindəki novruzgülünü baldızına uzatdı...

- Ona verərsən, özü istəmişdi, indi ancaq novruzgülü olur. Adını da Xilas..

- Nə...?

Nəfəsini dərindən aldı:

- Adını İnqilab qoydum...

Evdə yorğun düşmüş adamların səssizliyi fonunda yeni nəfəsin bəyanı ucalmaqda...

"Doğulmaq istəyən bir dünya dağıtmalıdır... İnqilab!! Bu gün doğum günündür!"

Arzuman qulaqlarını bir neçə dəqiqə bu səsə şəkləyib divana uzandı və yuxuya getdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG