Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:01

İbrahim İbrahimov "Herakl Şalvarzadə" (20-liyə düşməyən hekayə)


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib.


İbrahim İbrahimov


HERAKL ŞALVARZADƏ

Günlərin bir günü, bəlkə də iki, üç, yaxud dördüncü günü, dəqiq yadımda deyil, orta yaşlı Azərbaycan vətəndaşı, kişi cinsinin qabarıq nümayəndəsi həyatında böyük dəyişiklik etmək fikrinə düşür. Azərbaycanda böyük dəyişikliyin böyük pullara bərabər olduğunu düşünənlər yanılırlar, əslində bu heç də belə deyil. Bu kişi də eyni fikirdə idi, heç bir pulsuz, parasız, filan–beşməkansız həyatını dəyişmək.

İlk növbədə ad və soyadını dəyişir. Uşaqlıqdan özünü əfsanəvi qəhrəman obrazında gördüyünə görə adını Herakl edir. Şalvarı əsl kişi geyimi saydığı üçün Şalvarzadə soyadını götürür. Nəticədə nəsil–nəcabət onu iqnora qoyur, qonşular isə onu ələ salmağa başlayırlar. İşdən qovulur, o səbəblə ki, ¨bizdə Herakl Şalvarzadə ad–soyadlı şəxs çalışmayıb və çalışmır¨.

Darıxdırıcı Bakı həyatında belə qlobal dəyişikliyə nail olan kişi həvəsdən düşmür, əksinə ruhlanır və özünə taxtadan qılınc düzəldib gedir polis şöbəsinin qarşısına. Yekəqarın, boynuyoğun, eşmə bığlı polis çavuşu Məmmədov onu dəli sayıb ruhi xəstəxanaya zəng etmək istəyəndə Herakl Şalvarzadə ¨seyid¨olduğunu bildirir və əvəzində çavuş ona əlli qəpik pul verir. Axı birdən cəddi ona qənim olar, seyid cəddindən isə heç İranda da sığorta yoxdu. Amma Məmmədov seyidin ad–soyadını eşidən kimi Heraklın arxasına bir təpik vurub şöbənin qarşısından qovur

Bu hadisə Herakl üçün yeni qəhrəmanlıqlara və zəfərlərə çağırış işarəsi kimi olur. O, evindəki plasmas zibil vedrəsin götürüb səyahətə çıxır. Taxta qılıncı da yaddan çıxarmır. Yolda tapdığı konserv qutularını yığır plasmas vedrəsinə, sonra onlardan özünə zireh və dəbilqə düzəldir.

Qız Qalasının yanından keçəndə onu görən xarici turistlər Bakının yeganə salamat qalmış tarixi görüntüsünə tüpürüb Heraklla şəkil çəkdirməyə başlayırlar. Bu hal İçəri Şəhər idarəsinin xoşuna gəlmir və yerli mühafizəçilər onu təpikləyərək Qız Qalasından uzaqlaşdırırlar.

Herakl Şalvarzadə taxta qılınc və plasmas vedrəsi ilə gəlib çıxır İçəri Şəhərə heç bir aidiyyatı olmayan, zahirdən üçbucaq formalı modern tərəvəz parnikini xatırladan ¨İçəri Şəhər¨ metro stansiyasının qarşısına. Plasmas vedrəsini ağzı aşağı qoyub taxta qılıncını havaya qaldırıb aşağıdakı məzmunlu mahnını oxumağa başlayır:

Ay Tağı, ay Tağı,
Metro xatırladır botanika bağın.

Metronun mühafizə polisi çanta yoxlanışın dayandırıb bayıra çıxır ki, görsün ictimai asayişi kim pozur. Nəticədə bir–iki qapazla Herakl qovulur. Amma üzərindəki konserv–zireh və başındakı dəbilqə onu polis zərbələrindən qoruyur.

O plasmas vedrəsini alıb Bakı meriyasının önünə gəlir. Yenə də vedrəni ağzı aşağı qoyur. Bu dəfə də uzaqdan onu izləyən metronun iki mühafizə polisi qaçaraq özlərinin yetirir. Herakl Şalvarzadə təslim olmur və taxta qılıncını havaya qaldıraraq polislərdən birini duelə çağırır. Bilmirəm nədən, lakin polislər duel qaydalarına əməl etməyib, ikisi də dəyənəklərin çıxarıb düşür Herakl Şalvarzadənin üzərinə. Yoldan keçənlər dayanır, olayı telefonları ilə çəkir, avtomobillər siqnal verir, hardansa televiziya işçiləri peyda olur. Herakl Şalvarzadə qətiyyətlə müdafiə olunsa da, plasmas vedrəsi başına keçirilərək taxta qılıncı sındırılır.

Gözlərin açır. Ağ palata. Başında sarğı, bədəninin bəzi əzalarında ağrı. Sol qoluna sistem qoşulub. Çarpayının ayaq tərəfində iki nəfər, baş həkim və tibb bacısı. Onlar öz aralarında sakit səslə mübahisə etsələr də, Herakl hər şeyi açıq aydın eşidir.

– Doktor, məncə Herakl adında ka hərfindən sonra ı hərfi gəlir, sonra el.
– Yox ay qız, ka hərfindən sonra i hərfi gəlir və Herakil oxunur
– Herakill?
– Hə
– Sonu kill? İngiliscə öldürmək yəni?
– Təqribən hə

Herakl Şalvarzadə anlayır ki, bayaq tünd göy geyimli adamlar onu fiziki şikəst etdikdən sonra indi də ağ geyimli adamlar onu mənəvi şikəst etmək istəyirlər. Gözucu əyninə baxır, xəstələr üçün nəzərdə tutulan ağ xalat. Demək zireh və dəbilqəsin çıxarıblar. Hətta alt paltarı da yerində deyil. Yadına qılınc düşür. Sol əlin uzadıb sistem köçürülmə üçün dərman asılmış dəmiri götürür və ayağa qalxıb palatanı tərk edir. Həkimlər ona fikir vermirlər, çünki başları mübahisəyə qarışıb.

Herakl Şalvarzadə artıq yeni fasonda, qılınc əvəzinə sol əlində sistem üçün dəmir asılqan, dəbilqə əvəzinə başında sarğı, zirehli geyim əvəzinə xəstələr üçün ağ xalat hospitalı tərk edir. Onun gözlərində əsl liderlik, addımlarında cəngavərlik ştrixləri duyulurdu. Budur, o, amiranə yolu keçir, hətta yol nizamlayıcısının hərəkəti qadağan edən siqnalına belə fikir vermir. Nəticədə Prado markalı maşın doxsan kilometr–saat sürətlə Herakl Şalvarzadəni vurub on beş metr irəli tullayır. Bayaq palatada mübahisə edən baş həkim və tibb bacısı gəlir, Heraklı xərəyə uzadıb qaytarırlar hospitala. Altı yerdən sınıq, iki yerdən tikiş, yüngül beyin silkələnməsi.

Bir aydan sonra Herakl Şalvarzadəni dünyanın o başına – Cənubi Amerikaya, daha dəqiq desək, Yamaykanın Kinqston şəhərinə göndərirlər. Sən demə, Herakl hospitalda yatdığı müddətdə belə qanun çıxıb ki, Şalvarzadə soyadlı hər kəs Yamaykaya deportasiya edilsin. Niyə görə? Elə belə, mırta. Sorğusuz-sualsız deportasiya, üstündə də iki yüz dollar pul. İyirmi beş dollar Kinqston hava limanında viza almaq üçün verirsən, qalan pula yerli qadınlardan biri ilə evlənirsən, yemək–içməyə pul çıxmır demək olar ki. Yaşamaq üçün palma yarpaqlarından ev kifayət edir.

Bax beləcə, həyatını dəyişmək istəyən bir azərbaycanlı, Herakl Şalvarzadə düşür Yamaykaya.

Eşitdiyimə görə yerli əhali içərisində böyük hörməti var. Kənd təsərrüfatı və siyasi fəaliyyətlə məşğul olur.

Şalvarzadə soyadlı adamların Yamaykaya deportasiya olunması haqda qanun isə cəmi bir gün qüvvədə olduqdan sonra yaddan çıxır və unudulur. Mənası nədi, cəmi bir Şalvarzadə var, o bu ölkəyə bəs edər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG