Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:17

NİHALƏ "Bir ayaq iki başmaqda" (20-liyə düşməyən hekayə)


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib.


NİHALƏ


BİR AYAQ İKİ BAŞMAQDA

Kənddə vəziyyət get-gedə ağırlaşırdı. Dolanmaq çətindi, tapdıqları qurdu-yeməyi şəhərdən gələn üzlü, qoluzorlu qarğalar mənimsəyirdilər. Cahan qarğa təzə ailə qurmuşdu, otdan-ələfdən palıd ağacının əlçatmaz, insan gözündən iraq budağında pis-yaxşı yuva qurmuşdu. Gözüylə görməsə də, eşitmişdi şəhərdəki bəxtəvər qarğaların iri yuvaları, bol yemləri var.

– Eh dostum,– Şirin adlı dostu elə ah çəkdi, ağacdakı yarpaqlardan bir neçəsi yerə töküldü. – Onlara nə var, gecə-gündüz bizim kimi toz-torpaqda eşələnib qurd-quş axtarmırlar.

– Bəs nə yeyirlər, ac qalırlar?

– Yemək göydən başlarına tökülür, özləri yemir, özgələrinə də qıymırlar. Ətrafa bax,
kənddə iki-üç ev qalıb. Bədbəxt kəndçilər bir qarın yemək üçün gecə-gündüz çalışırlar, amma ortalıqda heç nə yoxdur.

Cahan qarğa dostunun halbahal olmasından qorxub tez söhbəti dəyişdi, gözləriylə göy deşən Simuzər qarğanı ayıq salmaq istəmirdi, axı o da şəhəri görmək istəyirdi. Kirkirə daşları kimi səhərədək yuvasında fırlandı, arvadının da yuxusuna haram qatdı.

– Nə baş verir,elə bil yerinə qor dolub.
Cahan Simuzərə diqqətlə baxdı. Simuzər arıq, çəlimsiz olsa da, qıvraqdı.

– Simuzər, mən səhər tezdən şəhərə gedəcəyəm.

– Ay kişi, keyf vaxtıdı? Yumurtaların üstündə oturanda kim mənə yemək gətirəcək? Bu gün-sabah balalarımız yumurtadan çıxacaq. Ətcəbala yetimlərin öhdəsindən necə gələcəyəm? Bəlkə yadlardan xahiş edim?

– Yox, sən başa düşmürsən!

Cahan qarğa belə kəskin etirazı gözləmirdi. Çox götür-qoy eləmişdi, Simuzəri şəhərə aparmaq əbəsdir, həm də ikisi birdən yuvanı tərk edə bilməzdilər. Digər qarğalar fürsəti fövtə verməyib yuvalarını tutardılar. Həm də şəhərə bələd deyildi, orada yer-yurdları yoxdu.

– Of, sən Allah, qarıldayıb baş-beynimi aparma! Hərdən elə sərsəmləyirsən, qanadlarım yanıma düşür. Bütün günü güzəranımızın yaxşılaşması üçün çarpışıram, sənsə deyinməkdən yorulmursan.

Simuzər bilirdi tərs Cahanla deyişmək əbəsdir, dediyini edəcək, ona görə gözlərini yumub yerini rahladı.

Səhər erkəndən gözü yaşlı Simuzər qarğa həyat yoldaşı, erkək qarğa Cahanı uzaq səfərə yola saldı. Ürəyi sıxılsa da, dilucu uğurlu uçuş arzuladı. Cahan elə həyəcanlıydı, başını da döndərib arxaya baxmadı. Az uçdu, çox uçdu, vaxt ölçüsünü itirdi, kollarda, ağaclarda gecələyə-gecələyə, müxtəlif quşlardan, yad qarğalardan soraqlaşa-soraqlaşa arzularının məskəni Bakıya gəlib çıxdı. Alçaqdan uçanda az qala maşına toxunmuşdu. Qorxudan ürəyi tir-tap olub ayağının altına düşdü. “Nə qəribə dəmirlərdir” – deyə öz -özünə fikirləşdi. Hava da təmiz deyildi. Boğucu qoxular, tüstülər, basırıq küçələr, bulaşıq zibil qabları, iyrənc milçəklər, həyasız siçovullar ovqatını təlx etdi, Bakı haqqındakı təsəvvürünü korladı. Bir neçə gün Dərnəgül şosesi yaxınlığında qotur ağaclarda avaralandı. Şəhər qarğaları gözünə dəymirdi. Axırda məcbur olub bir sərçədən onların yerini soruşdu.

– Sərçə qardaş, bəlkə qiyamət günü gəlib, Bakı qarğaları qırılıb? Hara yoxa çıxıblar bu qarğaağızlar?

– Xeyr, qarğa qardaş, güzəranın yaxşı olduğu yerlərə topalaşıblar.

– Belə de, sən nə əcəb buradasan?

– Mənim mədəm kiçikdir, özüm də çeviyəm. Ac qalmıram.

– Yaxşı, yaxşı, boyundan böyük danışma, yolu göstər, yoxsa səni dimdikləyib xəlbir edərəm.

– Sənə yaxşılıq yoxdur, sən təksən, mənimsə bütün sülaləm burada yaşayır. Tək qanaddan səs çıxmaz. Tökülüb səni yastıq edərlər.

– Dimdiyin nə uzunmuş, tərs sərçə! Mübahisə etməyə vaxtım yoxdur, yolu göstər.

Sərçə düşündü bu acıdil, ac qarğa ailəsinə təhlükə ola bilər. Tədbirli tərpənib dinməz-söyləməz Cahanın yanına düşdü. Yarım saat qanad çaldılar, nəhayət, sərçə bulvardakı hündür, yam-yaşıl, təravətli tikanları parıldayan küknar ağacındakı qarğa yuvalarını göstərdi.

– Buyurun, bu da qarğa yuvaları, indi onlar yuvada deyillər.

– Yaxşı, sərçə, sağ ol!

Sərçə hələ gözdən itməmişdi, Cahan qarğa gördü iri bir qarğa dəmir qutunun qırağında oturub. Əvvəlcə sağa-sola, yuxarı-aşağı baxır, təhlükəsizliyinə əmin olandan sonra dimdiyini qutunun içinə soxub nəsə çıxartmaq istəyir.

– Salam, qardaş, nə axtarırsan?

– Sənə nə?

– Soruşuram da.

– Soruşma! Çox bilən tez qocalar.

Cahan təəccübdən dimdiyini açdı, gözünü yumdu, bir də açdı, həyasız qarğaya bir dimdik vurdu. Qarğa qutunun üstündə yellənib, arxası üstə səkiyə düşdü. Kənardan keçən anayla qızı onların tamaşasına durmuşdular.

– Ana, bax, qarğalar dalaşır. Necə də məzəlidilər. Yəqin yem üstündə sözləri çəp gəlib.

– Yaxşı, baxdın, day ayıbdı, camaat bizə baxır, gəl gedək.

Cahan qarğa mat-məəttəl onlara baxan adamları gombul qarğaya göstərib dedi.

– Bax, mən uzaq kənddən gəlmişəm, qəribəm. Dedilər Bakı gözəldir, mən də isti yuvamı, arvadımı qoyub bura uçdum. Düşündüm, yaxşı şərait, bol yem olsa, həmişəlik bura köçərik. Qonaqla söz güləşdirirsən. Ayıbdır axı, camaat qınayar. Deməzlər qarğalar olub-qalan ağıllarını itirib dava edirlər?

– Çox görmüşük sənin kimilərini, rayondan, kənddən gəlib, əhliləşib, başımızı döyürsünüz. Bizdən yaxşı yem tapırsınız, ən uca, yaşıl budaqlı ağacları zəbt edirsiniz. Yerli qarğaları sıxışdırırsınız. Bu azmış kimi, qanadlarınıza yer edən kimi bütün sülalənizi bura tökürsünüz.

– Sözümün qabağında söz desən, baxmaram qarğalığına, dimdikləyib gözlərinin qarasını tökərəm. Nə üçün bu dəmir qutuda xəzinə tapmış acgöz insan kimi eşələnirsən?

– Görmürsən, qızmar yay bizi necə əldən salıb? Uşağın biri dondurma yeyirdi, başının üstündən qəsdən vıyıltıyla uçdum, qorxub əlindən yerə saldı. Anası məcbur olub zibil yeşiyinə atdı. Mən də bu dəmir qutu dediyin zibil yeşiyindən çıxarıb içməyə çalışıram. İndi anladın?

– Belə de! Qorxdun şərik çıxam dondurmana, ona görə də sözü uzatdın? Gəl bir yerdə dadına baxaq. Mən heç dondurma yeməmişəm.

Gombul qarğa əlacsız qalıb razılaşdı. Dondurmanı kağızıyla yerə atdı, dimdiyiylə kağızı dondurmadan ayırdı. İkisi də dondurmanın dadına baxdılar. Sonra qarğaların bir ağızdan məşvərət etdikləri budaqlara uçdular. Yaraşıqlı dişi qarğaları görən Cahan qarğanın gözləri dörd oldu. Onlar daha baxımlı, daha nazlı, ətli, yumrubaldır idilər. Cahan qarğa daha vaxt itirmədən hamıyla tanış oldu, hər gün birinin yuvasına qonaq getdi. Şəhərdəki dişi qarğalar ona görə xoşuna gəlirdi ki, şən və qayğısızdılar, yuva qurmağa, bala çıxartmağa tələsmirdilər.

Burada çox şey öyrəndi; dondurmanın ləzzətini gördü, yaraşıqlı dişi qarğaların əhatəsində yurd, yuva, yem dərdi çəkmirdi. Hər şey çox asan başa gəlirdi, su içmək üçün cəviz qabığı axtarmırdı. “Kola” şüşəsinin qapağını suya salıb başına çəkirdi, bunu yaşlı Bilgəh qarğasından öyrənmişdi. Artıq cantaraq, çevik, güclü qarğadan harın, ətli, əprimiş, müftəxor quşa çevrilmişdi. Həmyerlisi Şirin qarğanı görməyənədək işləri yağla bal kimi gedirdi.

– Şirin, Şirin, ay qara-zırtıq qarğa, məni tanımadın? Mənəm də, Cahan qarğa…

– Bıyy, Cahan, dədən də gəlsə səni tanımaz. Əməlli-başlı qarın bağlamısan!

– Yum ağzını, qarın düşmən çəpəridi, gözün dəyər. Nə var, nə yox? Kənddə vəziyyət düzəldi? Dişi qarğam Simuzər neyləyir?

Şirin tutuldu.

– İndi yadına düşür? Burda keyfdə-damaqdasan. Nə əcəb indiyədək gedib özün görməmisən?

– Elə demə, Şirin, ürəyim yaralıdı. Qəribəm, gəldim yem tapım, yuva qurum. Simuzəri də gətirəcəkdim, amma burada vəziyyət yaxşı deyil. Bütün şəhər qarğaları budaqları mənimsəyib. O budaqda, bu budaqda gecələməkdən bezmişəm. Az qalırlar məni dimdikləyib öldürsünlər.

– Yaxşı, ağlama, axşam düşməmiş uçub getməliyəm.

– Simuzərə çatdır uçub gələcəyəm, şəhərdən ona dimdiyimdə dondurma gətirəcəyəm.

– Yaxşı deyərəm!

Şirin qarğa tələsik gözdən itdi.

Dimdiyində kəndə necə dondurma apacağının fərqinə varmayan çaşqın Cahan Şirinin arxasınca xeyli baxdı. Kəndçisinin sözlərindəki istehza, şübhə qanını qaraltmışdı. Ürəyinə gələni dilinə gətirmədi.

Cahan bütün yayı Bakıda qaldı. Yedi, içdi, neynim demədi, amma bir gün canındakı kəndçilik baş qaldırdı. Həm də kənddə ağzının dadını da dəyişməyə ehtiyac duyurdu. Başında öz doğma yurduna uçub getmək, ixtisar edilmiş sehirli Bakı nağılını Simuzər qarğaya danışmaq, yenidən yuvasında hüzur tapıb rahatlanmaq, səhər obaşdan yem axtarmaq kimi şirin xəyallar qurdu. Şəhərdəki qarğalarla vidalaşdı, yenidən qayıdacağını vəd edib kəndə uçdu. Kəndə girər-girməz “Simuzər” deyə qarıldadı. Elə darıxmışdı Simuzəri, isti yuvası üçün. Yenə “Simuzər” deyə möhkəm qarıldadı, cavab verən olmadı. Birgə yuva qurduqları palıd ağacına sarı uçdu. Qəfildən Şirinin ona tərəf şığıdığını gördü.

– Nə olub, sərxoş adamlar kimi nə qarıldayıb durursan?

– Simuzəri görmək istəyirəm.

– Hmm, Simuzəri görmək istəyir. Haradan gəlmisən, ora qayıt.

– Nə üçün? Anlamadım!

– Simuzəri narahat etmə, o bizim yumurtaların üstündə oturub.

– Necə? Şəhərdən ötrü ölən sən deyildin? Bəs mənim balalarım? Mənim əziyyətlə qurduğum yuva? Sən mənim ən yaxın dostum…

– Hə, indi, sadəcə, tanışın! Simuzərin çətin anlarında mən yanında oldum, yem, su gətirdim. Sənin yumurtalarının üstündə oturub xiffət edirdi. Axırda qəzəblənib yumurtaları yuvadan aşağı atdı. Xatırlasan, o zaman şəhərdə dişi qarğalarla halay vururdun! Havayı yemək, içmək, gözəl dişi qarğalar səni başdan çıxarmışdı.

Cahan qarğa qabaqdangəlmişlik etmək istədi, alınmadı. Şirin ondan güclüydü. Artıq nə yuvası vardı, nə dişisi, nə də balaları. Qarşıda onu al-əlvan işıqları bic-bic sayrışan, seyrək ağaclı küçələri çarpazlaşan, hələ soyuq qışına bələd olmadığı Bakı şəhəri gözləyirdi.
XS
SM
MD
LG