Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:14

Baş redaktorun istintaqı bitib


Əvəz Zeynallı
Əvəz Zeynallı
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Bakı İstintaq Təcridxanasında saxlanan «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının istintaqı başa çatıb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Elçin Sadıqov məlumat verib. Vəkil bildirib ki, Əvəz Zeynallıdan yekun ifadə alınıb və o, aprelin 16-da 4 cildlik cinayət işinin ilk cildi ilə tanış olub. Vəkil istintaq materialları ilə tanışlıqdan sonra işin məhkəməyə göndəriləcəyini bildirib.

2011-ci il oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub. Gülər Əhmədova şikayətində göstərmişdi ki, «Xural» ın baş redaktoru şantaj yolu ilə ondan pul tələb edib. İstintaq dövründə baş redaktora qarşı məhkəmə qərarlarını icra etməmə və vergidən yayınma ilə bağlı maddələr də əlavə olunub.

Baş redaktor isə ittihamları saxta hesab edir və həbsini fəaliyyəti ilə bağlayır.

Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı isə AzadlıqRadiosuna bildirib ki, aprelin 17-də «Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi» MMC «Xural» qəzetinə məxsus texniki avadanlıqları hərraca çıxaracaq. Əmlakın ilkin satış qiyməti 1430 manat dəyərləndirilib. Əmlak Nərimanov rayon Məhkəməsinin qətnaməsinə əsasən hərraca çıxarılacaq. Texniki avadanlıqlar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin «Xural»a qarşı qaldırdığı iddia əsasında çıxarılan hökmün icraata yönləndirilməsi nəticəsində müsadirə olunub.
XS
SM
MD
LG