Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:35

Əsəd Cahangir. Bütün ölkə imanovlaşır


.
Əsəd Cahangir



BÜTÜN ÖLKƏ İMANOVLAŞIR

Dünən televiziyada Tahir və Cabir İmanov qardaşlarının növbəti oyunlarına baxdım və ağlımdan bir sual keçdi: görəsən, niyə hökmdarlar öz saraylarında təlxək saxlayardılar? Suala bax! Əlbəttə ki, gülmək, məzələnmək üçün! Amma bu, uşağın da bildiyi bəsitdən də bəsit cavabdır…


İkincisi, bu sualın özünü böyük “sənətkar” sayan imanovlara və onların rusdilli, rusbaşlı komandasına nə dəxli var?

Birinci sualdan başlayaq! Təlxək hökmdarların nəyinə lazım idi?! Bu sualın uşaqlar yox, böyüklər üçün cavabı Şekspirin “Kral Lir” faciəsində gizlənib. Qocalıb əldən düşən, taxt-tacından əl çəkən, torpaqlarını qızları arasında bölüşdürən Lirdən hamı üz çevirir - vəfalı təlxəkdən başqa! Və yesir kökündə səhraları dolaşan sabiq kraldan kölgə kimi əl çəkməyən təlxək bir gün soruşur:

- Yeddi Qardaş ulduzunda niyə 7 ulduz var?

Lirin cavabı da sualın özü qədər “bəsit”dir:

Çünki ordakı ulduzların sayı səkkiz yox, yeddidir.

Cavabında “Hə, bax, indi səndən təlxək çıxar”, - deyən təlxək bundan sonra, əsərin ortasındaca, üçüncü pərdədə yoxa çıxır və bir də səhnədə görünmür. Bu dünya dramturgiyasında görünməmiş bir hadisədir və belə müəmmaya yalnız özü də, sözü də bugünəcən bir sirr olaraq qalan Şekspir dühası qadirdir!

İntibah dahisi, bütün zamanların ən ağıllı ingilis kəlləsi bu superprimitiv sual-cavabla, sonra da təlxəyi qeybə çıxarmaqla nə demək istəyirdi? Şekspirin başına Ofeliya kimi hava gəlmişdi, yoxsa, o, Hamlet kimi özünü dəliliyə qoymuşdu?

Bu “bəsit” sual-cavabdan ən azı üç nəticə çıxarmaq olar:

Taxt-tac, var-dövlət, torpaqlar, qoşun, pal-paltarın insana nə qədər dəxli varsa, bu fani, efemer şeylərin bir onca dəxli var! Soyundunsa, sənin deyil! Bircə təlxək – həqiqət vəfalıdır insana! Çünki təlxək həmişə həqiqəti deyir. Bu, bir!

Bir toplumdakı “sözün düzünü demək on min adamdan seçilmək” deməkdir, bir toplumdakı diktatura hökm sürür, bir toplumdakı bir adamın fikri hamı üçün qanundur, orda həqiqət ancaq təlxəyin dilindən, biabırçı kökə salınmış, komik deformasiyaya uğradılmış şəkildə səslənə bilər. Bu, iki!

Hansı formada olursa olsun, lap təlxəyin dilindən də olsa, həqiqət səslənməlidir! Balıq susuz, insan havasız yaşaya bilmədiyi kimi, bu yalan dünya da həqiqətsiz keçinə bilməz! Bu, sadəcə mümkünsüzdür! Bu da qoy üç olsun!!! Punktların sayını artırmaq da olar, amma bizə lazım olan məhz bu 3-cüdür və elə burdaca dayanaq! Həqiqətsiz keçinmək mümkünsüzdür! Hökmdarların təlxək saxlamasının daha ciddi səbəbi gülmək, məzələnmək yox, bu idi! Nəinki hökmdar, hətta adi vəzifə sahibi də yaxşı bilir ki, ətrafındakılar qorxudan ona həqiqəti demir, onu şirin yalanlarla aldadırlar. Nə qədər şirin olsa da, yalanlar içində yaşamaq isə dəhşətdir. İnsan həqiqəti eşitmək istəyir. Lakin məsəslə bunula bitmir...

Acı həqiqət özünün ləyaqətli, normal formasında hökmdara sərf eləmir. Yox, həqiqətin taxta çıxması ona gərəkməz. Bir diktator olan yerdə ikinciyə nə hacət?! Bax onda təlxək məsələsi çıxır ortaya. Həqiqət səslənməyinə səslənir, amma suyumsuz kökə salınır. Hökmdar həm haqqa can atır, həm də onu beşiyindəcə şikəst edir. Şikəstin dedikləri isə kov deyil, ona güzəşt var.

Görürsünüzmü, həqiqət mənim təlxəyimdir! Görürsünüzmü, mən həqiqətin qol-qabırğasını necə qırmışam!

Görürsünüzmü, mən ondan üstünəm!
Görürsünüzmü, mən Ondan qorxmuram!
Və demək ən böyük həqiqət mənim iradəmdir!
Və demək Yeganə Həqiqət mənəm!!!
Və demək hamı mənə baş əyməlidir!!!

Bəs, Şekspir niyə beş pərdəli bir əsərin üşüncü pərdəsindən təlxəyi yoxa çıxarır? Çünki təlxək artıq öz görəvini yerinə yetirmişdi. Çünki krala artıq təlxək lazım deyildi - o özü “təlxəyə” çevrilmişdi. Çünki kral artıq həqiqəti tapmışdı, özü də onu hansısa idbar təlxəyin dilindən yox, birbaşa içindən gələn SƏS kimi eşidirdi. Çünki kralın Vicdanı oyanmışdı! Bax, buna görə... Şekspir üzünü kral Lirə tutub, sözünü kraliça Yelizavetaya deyirdi.

Sən həqiqətdən güclü ola bilməzsən! Təlxək gününə qoyduğun həqiqət bir gün sənin
özünü təlxəyə çevirər! Haqqın divanından heç kəs qaça bilməz! Hətta ölkənin birinci kişisi olan kral da! Həqiqət hər şeydən və hamıdan güclüdür! Şekspir həm də və ən son olaraq bunu deyirdi!

Estrada teatrı çağdaş dünyanın təlxəklik institutudur. Ünli rus estrada aktyoru Raykin SSRİ-inin bir nömrəli təlxəyi idi. Onun pulu, adı-sanı, hətta hörməti də varıydı – amma bu, mahiyyəti dəyişmirdi. O əynində kostyum, başında şlyapa, boğazında qlastuk təlxək görəvini yerinə yetirirdi.

İndi gələk İmanovlara.

İmanov qardaşları Bakı meriyasınını rəhbərliyindən tutmuş, nazirlərə və hətta Prezidentin özünə qədər hamını parodiya edir!

Azərbaycan adlı bu nəhəng sarayda yalnız İmanov qardaşlarının həqiqəti demək statusu var. Görəsən, bu üstünlüyü onlar nəylə qazanıblar?

İmanov qardaşlarına icazəli “qəhrəmanlar” kimi baxıram.

İmanov qardaşlarını milli raykinlər sayıram. İmanov qardaşlarında yeganə icazəsiz qəhrəmanlıq narkoman Bakı qədeşlərinin şivəsini və toy müğənnilərinin geyimini ələ salmaqdır. Amma nə narkoman şəp-şüplərində gəzmək, nə də müğənnilik onlara yabançı deyil.

İmanov qardaşlarından sonra hər dəfə Sartrın “Ürəkbulanma” əsəri yadıma düşür... Çünki inanmıram şöhrət və bu şöhrət hesabına pul qazanmaqdan başqa heç bir idealı olmayan bu adamların həqiqi Vətən sevgisi, səmimi millət yanğıcına!

Amma İmanov qardaşları ismində raykinizmin sadəcə altı halı yox, bütün fonetikası, leksikası, qrammatikası və sintaksisi ehtiva olunur. Üstəlik də onlar bu qədim saray dilçiliyinə bir yenilik - neologizm əlavə edirlər. İmanovçu neologizmin bir ucu xaricə hesablanıb: görürsünüzmü, biz necə sivil, mədəni, demokrat ölkəyik! Hətta Avropa şurasına üzv ola bilərik!

İmanovçu neologizmin o biri ucu daxilə hesablanıb: söz azadlığı istəmirsiniz, bu da sizin üçün söz azadlığı! Neynirsiniz mitinqi, nümayişi, polis dəyənəyini, barmaqlıq arxasına girməyi! Pulunuzu verin, biletinizi alın, gəlin, baxın, qarnınızı tutub yıxılınca gülün, hökumət üzvlərinin tənqidini eşidin, hirsiniz soyusun, özünüzü xoşbəxt hiss edin, sonra da gedib başınızın altına yastıq qoyub, mışıl-mışıl yatın! Azadlıq verilmir, alınır, özü də biletlə! İmanov qardaşları söz azadlığını pulla satırlar. Lirin sarayında, ümumən klassik təlxəklikdə bu məsələlər yoxuydu. İmanov qardaşları əsil novator, əsil postmodernistdir! İmanov qardaşları Lirin raykinləridir.

Onlar məktəbli uşaqları belə təlxək qismində səhnəyə çıxarır və demək, gənc nəsil “yetişir”, demək gələcəyimiz “varıymış!” Orta məktəblərdən tutmuş universitetlərə qədər hər yerdə imanovçu pavlik morozovlar yetişdirilir, kaveenşiklər fəaliyyət göstərir, “Parni iz Baku”nun filialları açılır. İmanovçuluq əsil Platon akademiyasıdır! Bütün ölkə imanovlaşır! Hamı xoşbəxtdir! Hamı deyir! Hamı gülür! El azaddır! Dil azaddır!!

Elə zənn etməyin ki, özümü bu ittihamlardan kənarda saxlayıram. Ötən həftə elə bu saytdaca çıxan “Tafar.az” adlı yazım köşəçilikdə imanovçuluq nümunəsiydi. Həqiqəti üzümə təlxək maskası taxıb, zarafatla demiş, sözü baş-ayaq eləmişdim. Çünki yaxşı başa düşmüşəm ki, bu yalan dünyada sözün düzünü zarafatsız deyənləri Rafiq Tağının aqibəti gözləyir...

Qafqazinfo

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG