Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:30

Zinəddin Babayev "Donuz cənnəti" (20-likdən hekayə)


Zinəddin Babayev
Zinəddin Babayev
Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyinə keçib.


Zinəddin Babayev


DONUZ CƏNNƏTİ

“Qələt eləyirlər! İnana bilmirəm ki, bu götündə şalvar dayanmayan dılğırlar gecənin bu aləmində bülbül ovlayacaqlar. Mən bilən, buralarda bülbül olmamalıdı. Görəsən bülbül hansı quşdu, adam soruşmağa da utanır. Amma bilirəm də, bülbül nə gəzir ey! Özü də ki, lap var deyək! Yazıqdı vallah!.. Deyəsən, nəsə balaca qəşəng quşuydu, özləriylə gotürdükləri bu boyda tüfəngə yaraşır elə! Nə qalacaq ondan ümumiyyətlə anlamıram!? Mən, nə isə özümü yaxşı hiss eləmirəm, yadıma bülbüllə bağlı bütün xatirələr düşdü; Bülbüloğlu, Şuşa, nə bilim hər şey!... Mən bu ölkəni sevə bilmirəm də! Əvvəldən də komplekslərim varıydı burayla bağlı, nədir bilmirəm o gərginliyi məndə yaradan. Əslində bilirəm ey, sadəcə o hissləri basdırmaq istəmişəm həmişə. Çalışmışam ki, özümü inandırım ki, yox ora da Azərbaycandır, əslində əsl Azərbaycan elə oradır, amma stereotipləri qıra bilmirəm ki, bilmirəm.. Yəqin, elə ona görədir ki, rahat ola bilmirəm. Üç gündür buradayam, yenə də o gömrükdə başlayan gərginliyim keçmir ki, keçmir. Nəysə, gərək özümü yığışdırım, ayıbdır! Adamlar qonaq eləyiblər. Gəldiyimdən bəri başıma fırlanırlar, mənim düşündüklərimə bax! Yekəbaşam ki, yekəbaş! Mənə xeyri yoxdur, vallah! Nəysə, hər şey yaxşıdır, əladır!” -deyərək özümə təskinlik verdim və Zülfəlidən soruşdum: “Zülfəli, çoxdu burda bülbül, yoxsa necə?....”

***

İyul ayının sonu avqustun əvvəli idi. Cəmiyyətin ən xırda təbəqəsini təşkil edən, ali təhsilini rüşvətlə yox, öz təşəbbüsləri ilə oxumuş gənclər ümidlərini itirməyib həyatla mübarizə aparır, özlərinə müəyyən məşğuliyyətlər tapmağa çalışırdılar. Həmən gənclərdən biri də deyəsən mən idim. İrandan qab-qacaq gətirib Azərbaycanda satırdım. Bir dəfə başıma qəribə bir hadisə gəldi...

Yolumuz Tehran tərəfə idi. Bazar tamamilə təbrizlilərin əlində idi. Necə deyərlər “fərqi yoxdu hardan olursa olsun, o taylı, bu taylı azərbaycanlıların 80%- nin bazarla muəyyən əlaqəsi mütləq olur”. Hər yan bazar idi və hər yanda təbrizlilər var idi.

Tehranda mənim mal aldığım bir tacir vardı. Adı Zülfəli idi. Dükanda oturub iş danışırdıq. Birdən kənddən qardaşı Nağdəli zəng elədi. Zülfəli məndən üzr istəyib, telefona cavab verdi. Bir az əlacsız, bir az əsəblə danışıb, telefonunu söndürdü. Fikirli olduğunu görüb dedim ki, “Zülfəli mən hələ 2 həftə burdayam. Tələsmirəm. Səni narahat edən nəsə ciddi məsələ varsa, onu həll edək, sonra mənim işimi görərik”.

Sən demə, bunların Araz çayının ətrafında qarpız bostanları var. Oralarda şirin qarpız becərib, Tehran bazarında baha qiymətə satırlarmış. Zülfəli dedi ki, bostanına hər gecə Bülbül sürüsü hücum edir. Qarpızı səliqəylə deşir və içini sorur. Harası dadlıdır, orasını da yeyir.

Mən çox təəccübləndim: “Bülbül sürüsü?” O anki al-ver tərzimin mənə verdiyi ciddilik icazə vermədi ki, soruşum "bülbül olmaz, başqa şey olar?" “Nə isə”, - dedim öz-özümə.
Sən demə, Zülfəlinin ah-naləsi yalan yerə deyilmiş. Bir həftəyə 1 hektar məhsulu bada gedibmiş...

Zülfəli dedi ki, “səni kəndimizə dəvət edirəm. Gedək oğuz ellərinə hücum edən yağıları basaq”. Yemək yeyib tərpəndik. Zülfəlinin “Peugeot” markalı maşını var idi. İranda istehsal edildiyi üçün o biri “dranqlet cənaz” maşınlarından fərqlənmirdi, amma daha sürətliydi. Onların kəndinə bir günə çatdıq. Kənd Arazdan bir neçe kilometr aralıda yerləşirdi. Gözəl təbiəti varıydı.

Zülfəligilə çatanda gördük ki, Nağdəli Hacıqara kimi oturub, elə bil yasa batıb. Atası öləndə heç bu qədər qəmlənmədiyini söylədi. “Cənublunun canına dəy, amma puluna dəymə”, deyiblər. Özümü gülməmək üçün zorla saxladım. Bağda bir yük maşını dolu zay olmuş qarpız var idi. İnəklərə və eşşəyə yedirmək üçün yığıb gətirmişdi həyətə. Sən demə, bu zərər 4000 dollar dəyərindəymiş.

Məni çox yaxşı qarşılayıb evə dəvət etdilər. Axşam Zülfəli və Nağdəli özləri kimi cüvəllağı dostlarını evə yığdılar. Zənən xeylaqları çıxdıqdan sonra müzakirə başladı. Dostlarının birinin adı Qulaməli idi. Qulaməli dedi ki, “gədə, Tüfəng mənlikdi”. Atası ovçu imiş. Sənədsiz tüfəng saxlamağın orda çox çətin olduğunu söylədi. Ancaq ovçuların sənədli tüfəngi olurmuş.

Nağdəli: "Baba nəmənə tüfəng sizlıxdı? Sizin tüfeng quşu, dovşanı güclə vurur”.
Qulaməli: "Baba hər işin bi çəmi var, ba! Sən niyə elə mənim ağzımnan vurursan? Sən bilmirsən mən necə eliyecam. Alacax patrunu, ağzınacan barıt dolduracax, başına da qırma, yo bolt qoyacax. Nəmənə bilmişdin?"
Nağdəli: "Baba sən haçannan belə eqilli olmısan?".
Hamı güldü.

Zülfəli: "Baba, ora mənim maşınım gedən deyil aa. Yekə maşın lazımdı”.
Nağdəli: "Baba məsələ deyil. Mən bir “Saipa” taparam. Hamıda var da.” (Saipa, “Nissan” sertifikatı ilə buraxılan mühərriki köhnə yapon maşını olan pikapdır. İri təkərləri var, kənd yerlərində çox istifadə edirlər. Bərk maşındı. Üstəlik içində mikrofonu da var. Qarpız satanların çox istifadə elədiyi maşındı.)

Qulaməli: "Baba, fənəri yaddan çıxarmısız haaa. Bunu qərdeş qərdeşə demiy ha. Həm də birdən kimsə ağıllı çıxıb it filan gətirər. Gərək orda səs küy olmasın. Və yaduzda saxlıyuz ki, cəmi bir dəfə güllə atacayıx. 2-3 dəfə atsax, sərhəddəki sərbazlar səsə gələcaxlar".

Qərara alındı ki, tüfəngdən elə Qulaməli istifadə edəcək.

"Gərək çölün o biri tərəfində kimsə səs-küy salıb bülbülləri biz tərəfə yönəltsin", - mən dedim.

Dedilər ki, "baba sən qonaxsan, bir şey filan olar, olmadı elə, oldu belə. Elə sən qal maşının üstündə, ba!"

Mənsə hələ də təəccüblə hər kəsin ağzına baxırdım və doğrusu o an onların anormal olduqlarını düşünürdüm. Plan belə oldu. Mən və Qulaməli maşının üstündə olacaqdıq. Zülfəli və onun kənddəki uşaqlıq dostu bülbülləri qorxudacaqdılar. Nağdəli maşının sükanında oturub, hazır gözləyəcəkdi.

Gün keçdi.

Qulaməli patronları ve tüfəngi hazırladı. Ləvazimatları maşına qoydu. Sərhəd tərəfdə xidmət edən əsgərlərdən bir neçəsini bu kəndin çobanları tanıyırmış. Əsgərlərə şirinlik təşkil olundu ki, əgər səs eşitsələr, daha əl-ayağa düşməsinlər.

Axşam düşdü, Zülfəli anasıgilə dedi ki, "gedirik qonağımıza sahədə qarpız kəsək. Gec gələcik."

Axşam saat 9-da çıxdıq.

Yol məni dərin xəyallara qərq elədi...

Dözməyib Zülfəlidən soruşdum:

- Zülfəli, çoxdu burda bülbül, yoxsa necə?

- Hə baba, doludi. Bir az səbr elə, özün görəcaxsan!

- Lap elə görünəsi qədərdilər yəni?! Amma uşaqlar, mən baxmayacam, nəsə ürəyim götürməz, yazıqdılar, balacadırlar yəqin.

- Baba, bular gərgədan kimidi, adama elə hücum da çəkərlər.

- Bülbül? Nə danışırsız?! Mən bilən bülbül balaca quş olmalıdı axı..

Hər kəs gülməyə başladı.

“Eşi bülbül dediyimiz donuzdu da”, - Zülfəli dedi.

“Nə, Donuz?!...”, - mən soruşdum.

Nağdəli: “be ne diyax baba, burda haramdı axı”.

Mən çox utandım, amma bunu biruzə verməməyə çalışaraq, onlarla bərabər gülməyə başladım. Zülfəli dedi ki, burda donuz ovlamırlar, haramdı!. Ona görə də İran donuzlar üçün əsl cənnətdi. Kərgədan kimi iri donuzlara belə rast gəlmək olur. Allah göstərməsin adama qaça-qaça gəlib elə kəllə vurar ki, gərgədan onun yanında yalan olar.

Mən birdən ayıldım! Dedim ki, “uşaqlar mən qonağam, birdən tutdular bizi, siz heç! Şallaxla canınızı qurtaracaqsınız, məni dövlət pis günə qoyar, ha!”

Dedilər ki, "Qorxma!. Allah saxlıyar bizi! Birinci dəfə deyil ki..."

Dedim: "Haramdı! Eləməyək!"

Qulaməli: "Baba nəmənə sizə, avrupuya, rusa halaldı, biz yetimlərə haram?"


Elə bu dəm Nağdəli dizinə vurub: "Bə bu heyvanı kim kəsəcaxdı? Mən bilmirəm bu cür işləri ba" Soruşdular ki, kim qəssablıq bacarır? Heç kimdən səs çımadı.

Birdən Qulaməli dindi: “Zülfəli, əlin cibində olsun”.

Zülfəlinin elə bil atasına söydülər: ”Baba nəmənə əlin cibində olsun, hələ bi dinən görax necə eliyəcaxsan axı?”

Qulaməli: “Baba Qəssap Səvzəli yoxdi? Yaman araxbazdi ba. 50 dollar ona versəm, vallah bülbülün ətini ehsan deyib, verər millətə”.

Zülfəli: “Baba hələ pul da istiyəcax?! Burnundan gəlsin ona verdiyimiz araxlar. Biz verən araxdan içib, arvadın qeyrib, üç oğlu var, üçü də gijdıllaxdı”

Dedim ki, “Zülfəli, iş görürsənsə gərək tərləyəsən. Xəsislik eləmə, ver!”

Zülfəli Qulaməliyə 50 dollar verdi.

Qulaməli: "Baba zəng eliyim indi Səvzəli motoruna minib baltalı biçaxlı gelsin bura"
.
Bostanda Səvzəlini gözləyənə qədər qarpız kəsib gecəyə qədər vaxt öldürdük. O da saat on ikidə gəldi. Gecə saat birdə artıq biz bostandan kənardakı çöllükdəydik. Yaxınlıqda çox da böyük olmayan, irəlidə Araza qarışan kanal axırdı. Plana görə donuzlar bu kanalın yanıyla bizə tərəf gəlməliydilər. Bura kənddən çox uzaq idi. Maşınların işıqlarını da yarı yoldan sonra söndürmüşdük. Nağdəli çölün daş-kəsəyini əlinin içi kimi tanıyırdı. “Əgər o, gecə maşını belə işıqsız sürürsə, “Parij Dekar”da çempion da olar”, - deyə düsünmüşdüm.

Səs-küy salıb donuzları qorxutmaq üçün Zülfəliylə dostu çölün o biri başına getdilər. Problem çıxsa, bir ağaca çıxıb canlarını qurtarmalıydılar. Rabitə mobil telefonla olacaqdı.

Zülfəligil səs-küy salanda biz əməliyyatın başladığını anladıq. Birdən gördük ki, ayaq səsləri gəlir. Elə bil üstümüzə gərgədan sürüsü gəlirdi. Çox vahiməliydi. Nağdəli əlində fənər maşında gözləyirdi. Donuz sürüsü maşının yanına çatanda Nağdəli fənəri yandırdı, donuzların hansının gözünə işıq dəyirdisə, dayanıb mat-məəttəl işığa tərəf baxırdılar. Mən hələ belə iri donuzlar görməmişdim, aralarında camış kimi nəhəngləri də var idi. Qulaməli nisbətən balacasının düz qaşqasından atəş açdı. Cəmi bir güllə. O biriləri qaçdılar. Ortalığa sükut çökdü. Güllədən sonra Zülfəligil qaçaraq gəldilər.

Qəssab Səvzəli maşından düşdü. Gəlib donuzun başını isti-isti kəsdi. Nağdəli yerdəki başı kanala atdı. Dedim ki, başı gərək basdırardıq. Tələsik cavab verdilər ki, vaxt azdır, sərhədçilər gələ bilər. Səvzəli sonra balta ilə donuzun ayaqlarını dizdən bir az yuxarıdan, quyruğunu isə dibindən kəsdi. Nağdəli üzümə gülümsədi və onları da kanala atdı. Mən başımı yelləyərək narazılığımı bildirdim. Sonra Səvzəli çox səliqəli şəkildə donuzun dərisini 2 dəqiqəyə soydu. Donuz dana boyda olardı. Dərini və içalatı da kanala atdılar. Proses boyunca fənərdən ümumiyyətlə istifadə etmədilər. Hər şey ay işığında baş verirdi.

Cəmdəyi 8 yerə böldülər. Ümumi 6 nəfər var idi. Budun biri səsini çıxartmaması üçün Səvzəliyə verildi. Digər budu Nağdəli öz evində gizlədəcəkdi. Qalan qənimətin hamısı Zülfəlinin dostlarına verildi. Hamımız maşına mindik, işıqları yenə yandırmadılar. Maşını qarpız sahəsinin yanında saxlayıb, yolu piyada getməyə başladıq. Kənddə deyəcəkdilər ki, maşın xarab olub yolda qalıb. Çünkü gecə vaxtı kəndə qayıtmaq şübhə yaradardı. Səvzəli 50 dollarını da cibinə qoyub maşınına minib yola düşdü. Biz isə piyada, səs çıxarmadan təqribən 4 kilometr yolu qət edib, kəndə gəldik.

Kəndin girəcəyində kəşfiyyat xarakterli baxış keçirildi. Nağdəli ilə Qulaməli işarə verəndən sonra arxa məhlələrdən sakitcə Nağdəligilə gəldik. O subay idi. Evində heç kəs yox idi. Gecə saat 4 olardı. Qulaməligil o biri kəndlilərlə birlikdə qənimətlərini alaraq, ehtiyyatla evlərinə getdilər. Nağdəli səhərə kimi əti doğrayıb, duz, istiot, sirkə ilə basdırma elədi.

Səhər açıldı. Kəndlilərin işinə-gücünə gedən vaxtı idi. Nağdəli qonşuluqda yaşayan anasıgilə dedi ki, maşın xarab olub, bostanda qalıb. Ustanı gözləyir, usta uçün qonaqlıq hazırlayır, heç yerə getməyəcək. Donuzun budu o qədər iri idi ki, bəlkə də Nağdəli bir həftə boyunca hər gün kabab çəkib, araq içəcəkdi.

Zülfəlinin Urmiyada Erməni tanışları var imiş. Sən demə onlar buraların araq tələbatını Urmiyadan tədarük edirmişlər. Amma dediklərinə görə qanunsuz olduğundan qiyməti Rusiyadakından baha imiş. Əgər bir “çubuş” Bakıda 1 manatdırsa, orada 10 manatdır.

Gündüz baxçanın ortasında Nağdəli kabab çəkdi. Dünənki ağıllılar kampaniyası yenə yığıldı. Sən demə, Səvzəli gecə biz yatandan sonra içibmiş, bir az hallı idi.

Məclis başladı. Qədəh istifadə eləmirdilər. Arağı fincanda kampot kimi içirdilər. Qonaqlıq qurtarandan sonra hamı Nağdəlinin evində yatdı.

Dedim ki, “Ay Zülfəli, biz tutaq ki birini öldürdük. Bəs o birilər yenə bostana hücum edəcək axı”. O dedi ki, “Baba hər həftə birini vıracağıx. Qorxandan sonra elə olur bir neçə gün həmən sahəyə gəlmillər. Həm də əsas məsələ qarpız yığılana qədərdi. Qarpızı yığandan sonra, qoy gəlsinlər, kef eləsinlər!”

Əslində isə məni Zülfəligilin qarpızları bir o qədər də narahat etmirdi, sadəcə həmən donuz başlarının Arazla axıb Xəzərə tökülməsi məsələsi fikrimdən çıxmırdı...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG