Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:12

Štefan Füle: «Son vaxtlar AB-dən insan haqlarına dair azı 8 bəyanat olub»


Štefan Füle
Štefan Füle
Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə etimad mühitinin formalaşdırılmasına dair yeni təkliflər paketi hazırlayıb.

Bu barədə Bakıda səfərdə olan, Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və Genişlənmə məsələləri üzrə komissarı Štefan Füle deyib. Amma o, detallar barədə danışmayıb. Bircə onu deyib ki, onların vəzifəsi bu təkliflər əsasında münaqişəni həll etmək deyil, sadə insanlar səviyyəsində təmaslar qurmaqdır. O, Avropa Birliyinin Qarabağ münaqişəsinin həllində rol oynaması ilə bağlı suala belə cavab verib:

FRANSANIN DƏYİŞDİRİLMƏSİNDƏN SÖHBƏT GEDƏ BİLMƏZ

«Avropa Birliyi ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir. Bu, birliyin son bəyanatlarında da əksini tapıb. Ona görə də ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın dəyişdirilməsindən söhbət gedə bilməz».

Aprelin 3-də Azərbaycan Xarici İşlər Nazirliyində brifinq keçirən Štefan Füle bildirib ki, onun Bakıya səfərinin əsas məqsədi həm Avronest Parlament Assambleyasının Brüsseldən kənardakı ilk iclasında iştirak etmək, həm də öz həmkarları ilə müxtəlif sahədə müzakirələr aparmaqdır.

Štefan Füle deyib ki, Avropa Birliyi ilə Azərbaycan arasında müsbət irəliləyiş görür və Bakıya gəlməklə bu münasibətlərin nə qədər əhəmiyyətli olduğunu göstərməkdir.

İNSAN HAQLARINA DAİR AZI 8 BƏYANAT

Şərq Tərəfdaşlığı Proqramında Azərbaycanın bir tərəfdaş kimi imkanları olduğunu söyləyən komissar mayda Bakıda keçiriləcək «Eurovision» müsabiqəsinə də toxundu:

«Gələn ay keçiriləcək tədbir təkcə Azərbaycanı dünyaya bir pəncərə kimi acmayacaq, həm də ölkəyə diqqəti artıracaq, özü də təkcə mədəniyyət baxımından deyil. Bu günlərdə beynəlxalq təşkilatların insan hüquqları ilə bağlı narahatedici bəyanatları, təkcə Avropa Birliyindən azı 8 bəyanat olub ki, bu da xeyli narahatlıq doğuran bir cərəyanı göstərir. Mən bu barədə nazirlə səmimi söhbət etdim».

Elmar Məmmədyarov
Elmar Məmmədyarov
Avropalı komissar Azərbaycanda dini tolerantlıq olduğunu bildirdi və dedi ki, insan haqlarının qorunmasında bu amil də vacibdir.

«MÜNAQİŞƏNİ YERİNDƏN TƏRPƏDƏK»

Xarici İşlər naziri Elmar Məmmədyarov isə bildirdi ki, onlar brifinqdən əvvəl komissarla Qarabağ münaqişəsində Avropa Birliyinin töhfəsini müzakirə ediblər:

«Bu istiqamətdə təklifləri müzakirə etmişik ki, Avropa İttifaqı tərəfindən həm Ermənistana, həm də Azərbaycana köməklik olsun ki, bu münaqişəni yerindən tərpədək. İnsan hüquqlarına da toxunmuşuq, bu məsələ həmişə gündəmdədir, bir də təhlükəsizlik məsələsini müzakirə etmişik».

Štefan Füle təkcə hakimiyyət rəsmiləri ilə yox, həm də müxalifət liderləri, vətəndaş cəmiyyətinin təmsilçiləri ilə də görüşüb.

Bu barədə AzadlıqRadiosuna danışan Sülh Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus dedi ki, avropalı komissar onlara açıq dialoq təklif edib.

Leyla Yunus
Leyla Yunus
«Söylədi ki, insan hüquqları onlar üçün prioritet məsələlərdir və bu sahədə islahatlar gözləyirlər» deyən Leyla Yunus bildirdi ki, onlar ölkədə insan haqları ilə bağlı problemləri komissarın diqqətinə çatdırıblar:

«DEDİM, ELƏ BİLİRSİZ AZƏRBAYCANDA DİKTATURA YOXDUR»

«Dedim ki, siz Belarusdakı diktaturaya görə o ölkəyə qarşı tədbirlər görürsüz. Amma elə bilirsiz ki, Azərbaycanda diktatura yoxdur. Deyirsiz ki, «hökumət, prezident sizə deyir ki, burda islahatlar olacaq». Amma bu sözdür, sözə inanmaq olmaz, reallığa baxmaq lazımdır. Misallar gətirdik».

Leyla Yunus deyir ki, onlar işgəncə faktlarını sadalayıblar, mülki hüquqların pozulmasına dair misallar gətiriblər, jurnalistlərə qarşı təzyiq və şantaj üsullarından danışıblar, siyasi məhbus məsələsini də qaldırıblar.

Müsahibimiz deyir ki, onlar Avropa Birliyindən Azərbaycan vətəndaş cəmiyyətinə dəstək gözlədiklərini bildiriblər.
XS
SM
MD
LG