Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:52

İllərlə həbsdə qalan müxalifətçinin partiyası parlamentə düşdü


Aung San Suu Kyi
Aung San Suu Kyi
15 il həbsdə qalan Nobel mükafatçısı Aung San Suu Kyi'nin müxalif partiyası Myanma (Birma) parlamentinə əlavə seçkilərdə qələbə qazanıb.

Onlar parlamentdə boş olan 44 yerdən 43-ünü qazanıb.

Amma hökumətpərəst partiyalar hələ də parlamentdə çoxluq təşkil edirlər.

Myanma rejimi zamanı (1990-2010) ev dustağı olan 66 yaşlı Suu Kyi ilk dəfədir seçkiyə qatılıb.

Demokratiya naminə Milli Liqa 1990-cı illərdə seçkini udsa da, hərbi xunta onun qələbəsini tanımayıb.

Aung San Suu Kyi partiyasının seçkilərdə göstərdiyi nəticəni «xalqın qələbəsi» adlandırıb. Onun fikrincə, Myanmada yeni era başlayır və Qərb bu tarixi səsvermədən sonra sanksiyalara son qoya bilər.

MYANMADA HAMINI TƏƏCCÜBLƏNDİRƏN DƏYİŞİKLİK?

Myanmada iki onillikdir ki, hərbi xunta hakimiyyətdədir. Parlamentə əlavə seçkilər ərəfəsində ölkədə bəzi təəccüblü dəyişikliklər baş verib: hökumət yüzlərlə siyasi məhbusu azad edib, azsaylı etnik üsyançılarla danışığa gedib, senzuranı yumşaldıb, ticarətə imkan verib.

Aung San Suu Kyi Yanqonda partiyanın qərargahında deyib:

«Ümid edirik ki, adamların ölkənin siyasi həyatında rolunun daha çox göründüyü yeni era başlayacaq. Biz ona da ümid edirik ki, milli barışığa nail ola biləcəyik».

Suu Kyi onu da deyib ki, ölkədə demokratik mühitin yaranması üçün bütün partiyaların onlarla əməkdaşlıq edəcəyinə inanır.

Suu Kyi ev dustaqlığında, 12 noyabr 2010
Suu Kyi ev dustaqlığında, 12 noyabr 2010
Demokratiya naminə Milli Liqa hərbi xuntanın yeni tikdiyi şəhərdən 4 yer udub. Bu şəhərin sakinlərinin əksəriyyəti isə hökumət əməkdaşları və hərbi qulluqçulardır.

ÖLKƏYƏ SANKSİYALAR TƏTBİQ EDİLİB

ABŞ və Avropa Birliyi insan haqlarının pozulmasına görə bu ölkəyə sanksiyalar tətbiq edib. Onlar işarə etmişdilər ki, seçki ədalətli və azad keçirilərsə, bəzi sanksiyaları qaldıra bilər. Sanksiyaların ləğvi ölkəyə investisiya axınına səbəb ola bilər. Son həftələr Yanqona Asiyadan, elə Avropanın, ABŞ-ın özündən iş adamlarının səfər etdiyi müşahidə olunub. Diplomatlar deyirdilər ki, seçkilər ədalətli keçərsə, ABŞ-ın visa qadağası, hesabların dondurulması kimi məhdudiyyətləri, AB-nin ticarətlə əlaqədar sanksiyaları ləğv edilə bilər.

Amma bəzi ekspertlər düşünürlər ki, bütün siyasi məhbuslar azad edilməyincə, daha çox islahatlar aparılmayınca, etnik qruplarla qanlı toqquşmalara son qoyulmayınca, sanksiyalar qalmalıdır.

Suu Kyi 2010-сu ilin noyabrında ev dustaqlığından azad edilib. O, siyasi islahatları ilə dünyanı təəccübləndirən hərbçi-prezident Thein Sein'lə ümumi dil tapa bildi.

Qərb ölkələri siyasi və iqtisadi sanksiyalara yenidən baxmaq üçün seçkinin nəticələrini gözləyirlər.

Milli Demokratiya Liqası ilk əvvəl seçkiləri boykot etmişdi. Amma Myanmada dəyişikliklər Suu Kyi'nin qərarına təsir edib və onun partiyası seçkiyə qatılıb.
Aung San Suu Kyi Yanqonda tərəfdarları arasında, 2 aprel 2012
Aung San Suu Kyi Yanqonda tərəfdarları arasında, 2 aprel 2012
Suu Kyi prezident Thein Sein'i səmimi adam kimi təsvir etmişdi.

QƏRBDƏN DƏSTƏK ÜÇÜN SUU KYI'YA GÜZƏŞT?

Bəzi tənqidçilər deyirlər ki, hakimiyyət Qərbi demokratiyaya inandırmaq və sanksiyalara son qoymaq üçün Suu Kyi'dan istifadə edir.

Amma Suu Kyi'dan gözləntilər çoxdur. Keçmiş siyasi məhbuslardan biri isə deyir ki, gözləntilərin çox olması təhlükəlidir, çünki Suu Kyi sehrbaz deyil.

Avropa Birliyinin Tailand və Myanmada nümayəndə heyətinin britaniyalı üzvü Robert Cooper Yanqonda «Reuters»ə deyib:

«Bizdə adamların yardım etməyə və şəffaflığa can atması xoş təəssürat oyatdı».

Nümayəndə heyətinin digər üzvü David Lipman da fikirlərini «Reuters»lə bölüşüb:

«Biz Myanmada dəyişikliklər üçün bu nəhəng impulsu dəstəkləməyə davam etmək istəyirik».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG