Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:15

Taksi sürücüsünün "B" planı


Sahib Hüseynov
Sahib Hüseynov
Taksi sürücüləri yeni etiraz aksiyasına hazırlaşırlar.

Bunu Bakıda söhbət etdiyim bir neçə taksi sürücüsü dedi. Narazılar lisenziyası olmayan və Rusiya istehsalı avtomobillərin sürücüləridir.

Bir müddət əvvəl Nəqliyyat Nazirliyi sovet və Rusiya istehsalı olan avtomobillərə lisenziya verməyəcəyini bəyan edib. Üstəlik də lisenziyaların sayında məhdudiyyət var.

«OĞURLUQ YOLLA İŞLƏYİRİK»

Sahib Hüseynov da taksi sürücüsüdür. Məcburi köçkündür. Ali təhsillidir. Rusiya istehsalı «Jiquli»si 10 ildir ki, 3 nəfərlik ailənin yeganə dolanışıq mənbəyidir:

«Ailənin yükü mənim çiynimdədir. Başqa yolum yoxdur. Hələlik bu yolla çörəkpulu qazanıram».

Sahib Hüseynov deyir ki, Nəqliyyat Nazirliyinin qərarından sonra az qala hər gün, hər saat partizanlıq edir. Gözləri indi dörd olub. Bir yandan müştəri axtarır, o biri yandan nazirliyin işçilərini:

«İndi düzü, oğurluq yolla işləyirik. Gözümüz yoldadır, Nəqliyyat Nazirliyi işçiləri gələndə, maşının üstündəkini götürürük. O, gedəndən sonra sərnişini evinə aparırıq. Bizdən artıq izahat da alınıb ki, fəaliyyət göstərməməlisiz».

O ki qaldı, taksi sürücülərinin bu həftəsonu gözlənən etiraz aksiyasına, Sahib Hüseynov deyir ki, mütləq iştirak edəcək:

- İştirakım labüddür. Çörəyim burdan çıxırsa, iştirakım lazımdır.

- Faydasına inanırsızmı? Bir müddət əvvəl taksi sürücüləri aksiya keçirdilər və bəzi şərtlər yerinə yetirildi...

- O uşaq başı aldatmağa bənzəyirdi. Rəng məhdudiyyətini və il məsələsini götürdülər. Sonradan yenə qərar peyda oldu ki, ağ rəngdə olmalıdır, ili filan qədər olmalıdır, içində nələr olmalıdır, onun da 1500
«Jiquli» taksi
«Jiquli» taksi
manat xərci var.

- Bəzi taksi sürücüləri deyirlər ki, Rusiya maşınlarında təhlükəsizlik yastıqları yoxdur, standartlara cavab vermir deyə, yığışdırılmalıdır.

- Bu, əsas səbəb deyil. Onu deyənlər də Rusiya maşınlarının şinelindən çıxıblar. İkincisi də, sürücüdən çox şey asılıdır. Xarici maşınlar elə qəza törədirlər ki, onu «Zaporojets» sürən də törətməz. Mən bu maşını 15 ildir idarə edirəm, qəza törətməmişəm. Bu qərarın mənası budur ki, kasıb təbəqədə maşın qalmamalıdır. Ancaq varlı maşın sürməlidir. Necə ki, köhnə evlərdən camaatı ucqarlara qovdular. Guya bu maşınlar şəhərin görüntüsünü pozur...

- Şəhərə yeni taksiləri gətirilir, nazirlikdən deyirlər ki, plan da ləğv olunur, gəlin, götürün işlədin.

- Elə deyib şirnikləndirirlər. Yenə öz şərtlərini diktə edəcəklər. Aylıq planı necə ləğv edə bilər? Onda marağı nədədir ki?

«LİSENZİYAM OLSA DA, OLMASA DA İŞLƏYƏCƏM»

Kamil Dadaşov da taksi sürücüsüdür, amma lisenziyası yoxdur:

- Lisenziyam olsa da, olmasa da, işləyəcəm. Yığışdırsınlar da. Nə işləyim, iş var? Gedib məscidin qabağında yolçuluq edəcəm. İki uşağım, yoldaşım neyləsin?

- Aksiyalar çıxış yoludurmu?

- Çıxış yolu deyil. Gərək icazə versinlər camaat işləsin. Haçan fabrik-zavod tikərlər, onda başqa məsələ... Camaatın qazanc yeri budur.
Nəqliyyat Nazirliyi katibliyinin rəhbəri Namiq Həsənov
Nəqliyyat Nazirliyi katibliyinin rəhbəri Namiq Həsənov

- Lisenziya almaq asandırmı?

- Gəlib 1500 manata çıxır. O qədər pul var?

- 1500 manatı nə qədər vaxta qazanarsız?

- Vaaayy, uzun müddətə. Biz gündə 3-5 manat qazanarıq. Gərək 20-30 manat qazanasan ki, 10 manat arxaya atasan...

NAMİQ HƏSƏNOV: «BƏLKƏ DƏ KİMSƏ RÜŞVƏT İSTƏYİB»

«Sürücülər aksiya keçirsələr də, keçirməsələr də, qərar verilib və yerinə yetiriləcək. Heç bir güzəştdən söhbət gedə bilməz».

Nəqliyyat Nazirliyi katibliyinin rəhbəri Namiq Həsənov belə deyir:

«Qərar bəllidir. Bakıda cəmi 5000 taksiyə lisenziya veriləcək. Yalnız istifadəyə yararlı avtomobillərə. «Jiquli» filan yığılacaq. Yerdə qalanlar özlərinə iş tapmalıdırlar. Qayda var, hamı da ona tabe olmalıdır. Rusiya istehsalı avtomobillərin fəaliyyəti qanunsuz sayılacaq və cəzalandırılacaqlar».

Namiq Həsənov deyir ki, həmin avtomobillərin sahibləri 100 manat cərimə olunacaqlar. Avtomobillər isə cərimə meydançalarına aparılacaq və bu haqda hüquq-mühafizə orqanlarına məlumat veriləcək.

«London taksiləri»
«London taksiləri»
Lisenziya üçün 1500 manat tələb olunmasına dair sürücülərin dediyinə gəlincə:

«Vallah, mən bilmirəm, kim istəyib. Bəlkə də kimsə vəzifəsindən sui-istifadə edib belə hallara yol verib. Amma lisenziyanın qiyməti 150 manatdır. Bir də orda bəzi sənədlər toplanır, bəzi aparatlar quraşdırılmalıdır. Lisenziyanın qiymətisə faktiki 150 manatdır».

Taksi sürücüləri buna qədər bir neçə dəfə aksiya keçiriblər. Nazirliksə bəzi qərarlarında dəyişiklik edib.

Və bir də... Bakıya el arasında «London taksiləri» kimi tanınan daha 500 taksi gətirilir. «Taxi Baku» şirkətinin direktoru İlqar Qasımov «apa»ya deyib ki, şirkətin tərəfdaşı Çinin «Manganese Bronze» şirkəti 500 maşından ibarət yeni partiya göndərir. İndiyədək paytaxta 500 belə maşın gətirilib.
XS
SM
MD
LG