Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:13

Zahir Əzəmət: “Sanki AYO yoxdur, yalnız fərdlər qalıb"


Zahir Əzəmət: "Heç bir roman bumundan söhbət gedə bilməz"
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00
Direct-ə keçid

Zahir Əzəmət: "Heç bir roman bumundan söhbət gedə bilməz"

...Yazıçılar Birliyində bilərəkdən daxili bir intriqa qurulub...

...Azərbaycanda aktiv oxucu sayı cəmi 800-1000 nəfər arasında dəyişir...

...Dövlət kitab bazarının inkişafında maraqlı olmalıdır. Bu gün mən bu istəyi, marağı görmürəm...


Cavid Zeynallının "Şənbə" qonağı şair Zahir Əzəmətdir.

- Zahir bəy, xeyli vaxtdır imzanıza rast gəlmirəm. Elə bil, ədəbiyyatdan bir az uzaq düşübsünüz. Yaradıcılıqda nə yenilik var?

- Mən heç vaxt məhsuldar, yaradıcılıqda aktiv yazar olmamışam. Bu, həmişə belə olub. İlk kitabım 2006-cı ildə nəşr olunub. Həmin kitabdakı şeirlər iyirmi il müddətində yazdıqlarım idi.

Yəqin ikinci kitabım da yaxın vaxtlarda işıq üzü görməyəcək.

Təbii ki, 20 il çəkməyəcək, amma bir-iki il gözləməli olacağam. Əsas odur, ümumi əhvalım yaxşıdır, xarakter etibarı ilə nikbin adamam.

Bir problem görəndə depressiyaya düşməyə yox, ona qarşı mübarizə aparmağa çalışıram.

Sevdiyim işlə məşğulam. Çalışıram, fəaliyyət dairəmizi genişləndirək, yeni layihələrə imza ataq. Məncə, işlərimiz yaxşı gedir.

- Bəlkə, bu haqda bir az geniş danışaq? Nə işlə məşğulsunuz, yeni layihələr nədən ibarətdir?

- Mən “ann.az” saytında Azərbaycan redaksiyasının rəhbəriyəm. Saytla bağlı ümumi layihələri də mən həyata keçirirəm.

Hazırda Azərbaycanda ilk dəfə olaraq sayt içində saytlar yaratmaqla layihələr həyata keçiririk.

Aprelin 15-də böyük və maraqlı bir layihənin təqdimatını keçirəcəyik. Orta məktəb ədəbiyyat dərsliklərində adı keçən bütün müəlliflərin əsərlərindən ibarət elektron kitabxana yaratmışıq.

Bəzi mətnlər var ki, dərsliklərdə ixtisarla verilir yaxud, ümumiyyətlə, elektron versiyası yoxdur. Yaxın illərdə orta məktəblərin tam kompüterləşməsi həyata keçiriləcək və düşünürəm, belə bir təşəbbüs faydalı ola bilər.

Bu, həm də maarifçilik işidir. Hesab edirəm, bütün problemlərin kökündə mədəniyyətsizlik dayanır. Mədəniyyətin, təhsilin inkişafı bütün problemlərə bir açar ola bilər.

- Nəyə görə həmin kitabxanada yalnız dərsliklərdə adı keçən müəlliflərin əsərlərinə yer verirsiniz? Bu gün istedadlı yazarlar var ki, onları nə ali nə də orta məktəb dərsliklərinə yaxın buraxmırlar...

- Anladım nə demək istəyirsiniz. Məsələ ondadır ki, bu, sırf orta məktəblərə hesablanmış layihədir.

Bizim saytda elektron kitabxana bölməsi var. Həmin bölmədə həm müasir yazarların, həm də dünya klassiklərinin əsərləri yerləşdirilib.

Burda Salam Sarvandan tutmuş Nizami Gəncəviyə, Qurban Səidə qədər hər kəsin yaradıcılığı əks olunub.

Amma sırf orta məktəb şagirdlərinə hesablanmış layihədə, biz Təhsil Nazirliyinin tərtib
Cavid Zeynallı və Zahir Əzəmət
Cavid Zeynallı və Zahir Əzəmət
etdiyi proqrama uyğun işlərimizi qurmalıyıq. Bu işi öz gücümüz hesabına edirik. Heç kimdən dəstək almırıq. Sayt orta məktəblərə, liseylərə açıq olacaq. Bu, sırf təhsil layihəsidir.

- Son zamanlar sanki seyrçi mövqedən çıxış edirsiniz. Adama elə gəlir ki, gün-güzəran, dolanışıq qayğıları sizi ədəbiyyatdan bir qədər uzaqlaşdırdı. Belədirmi?

- Yox, ədəbiyyatdan uzaqlaşmamışam. Mənim dolanışığım “ann.az” saytından çıxsa da, “Kultaz.com”la nəfəs alıram, ədəbi proseslərdə iştirak edirəm.

Müsabiqələrdə münsif, ekspert kimi kitab təqdimatlarında iştirakçı kimi. Son vaxtlar mən daha çox müşahidəçi qismində görünür, proseslərə müdaxilə etməməyə çalışıram. Yəni ədəbi proses haqqında məqalələr yazmıram, ədəbi davalarda iştirak etmirəm.

Bu da səbəbsiz deyil. Düşünürəm, bu mərhələ artıq keçib. Biz davalara başlayanda həm çap problemləri var idi, həm də nəsillərin qarşıdurması çox kəskin idi deyə, bu mövzularda öz fikirlərimizi deməliydik. İnsanlar başa düşdü ki, Azərbaycan Yazıçılar Birliyi varsa, qarşısında Azad Yazarlar Ocağı, Zahir Əzəmət kimi heç bir qurumda təmsil olunmayan müstəqil yazarlar var.

Bu gün kitab bazarı formalaşmaqdadır, nəşriyyatlar bədii kitabları dərc edirlər. Artıq ədəbi davalardan çox, oxucu ilə işləməyin zamanıdır.

- Yəni hesab edirsiniz ki, 2000-ci illərdə olan problemlər bu gün yoxdur?

- Yox-yox, problemlər bu gün də var və həmişə olacaq. Bu gün ədəbiyyatın qayğıları artıq başqa şəkildədir.

Problemlər nəşriyyatlarla dövlət, dövlətlə yaradıcı qurumlar arasında olan münasibətlər kontekstindədir. Bu nədən ibarətdir?! Məsələn, nəşriyyatlar haqqında qanunumuz müasir tələblərə cavab vermir.

Bu gün hamı düşünür ki, rayonlarda kitab mağazaları niyə yoxdur? Bunun bir səbəbi dövlətin bu işə stimul verməməsidir. Nəşriyyatlar haqqında qanun yenidən işlənilməlidir, nəşriyyatlara müəyyən şərtlər daxilində kredit verilməlidir.

Məsələn, dövlət hər hansı bir nəşriyyata uzun müddətli kredit verib qarşısında şərt qoymalıdır ki, üç rayonda kitab mağazası açmalı, il ərzində 10 gənc yazarın kitabını dərc etməlisən.

Dövlət bu şəkildə kitab bazarının inkişafına müdaxilə etməlidir. Bizdə bu işlər yoxdur. Dövlətin bu işlərə dəstəyi mütləqdir.

Söhbət qeyri-neft sektorunun inkişafından gedirsə, kitab da qeyri-neft sektorudur. Bəziləri sovet nostalgiyası ilə yaşayıb deyir ki, yenə dövlətin nəzarətində “Azərkitab” yaradılsın.

Düşünürəm, bu lazım deyil. Sahibkar bilsə ki, mənim biznesimə kimsə maneçilik törətməyəcək, vergilərdən azad olunacaq, onda özü də bu işlərə maraqlı olar və nəticədə kitab bazarı inkişaf edər. Bu gün mədəniyyət haqqında qanun layihəsi hazırlanır.

Amma təəssüf ki, bu, geniş ictimaiyyətə açıq deyil, sanki müzakirələr aparılır, amma harada, bunu heç kim bilmir. Deməli, zahiri forma dəyişəcək, mahiyyət yenə olduğu kimi qalacaq.

Azərbaycanda aktiv oxucu sayı 800-1000 nəfər arasında dəyişir. Kitabın təbliğinə ciddi şəkildə ehtiyac var. Təəssüf ki, televiziyalar bu işə köməklik etmək istəmirlər və qəti şəkildə bu işdən imtina edirlər.

Bizim ödədiyimiz vergilər hesabına fəaliyyət göstərən İctimai Televiziyadan, AzTv və Mədəniyyət kanalından umuruq ki, yeni kitablarla bağlı veriliş hazırlamalıdırlar. Mən həmin telekanalların əməkdaşları ilə söhbətlər etmişəm, təkliflərimi bildirmişəm, amma nəticəsi yoxdur.

- Fərz edək, bu müsahibəni oxuyandan sonra hər hansı bir televiziya sizi dəvət etdi ki, kitabın təbliği üçün bir veriliş layihəsi, formatı hazırlayın. Kitabı hansı şəkildə təqdim etmək lazımdır ki, tamaşaçı maraqlansın, ənənəvi verilişlərdən olmasın?

- Bu, televiziyanın mənə verdiyi azadlıqdan asılıdır. Televiziyaların müəyyən siyasi çərçivələrdə olduğunu başa düşürük.

Zahir Əzəmət
Zahir Əzəmət
Bunu nəzərə almaqla, elə maraqlı şəkildə təqdim etmək olar ki, kitablar ətrafında yaxşı müzakirələr aparıla bilər.

Rusiyada bu tipli verilişlər var idi və hər verilişdən sonra ölkə çalxalanırdı. Məsələn, aparıcı kitab mağazalarına gedib, 15-20 kitab alırdı və vərəqləyib içindəkilərlə tanış olandan sonra kameranın qarşısında məşhur bir yazarın kitabını zibil vedrəsinə atırdı: bu kitab deyil! Demirəm, biz də bu şəkildə edək.

Müasir dövrün qaydalarından biri budur ki, yeri gələndə qıcıqlandırmağı bacarmalısan. Son vaxtlar teatr ətrafında müəyyən qalmaqallar baş verdi və ölü proses canlanmağa başladı.

Qalmaqallarda teatr həm də diqqət mərkəzinə gəldi. Mənə müraciət olunsa, təmənnasız layihə yazmağa hazıram.

Veriliş aparmağa vaxtım yoxdur, bunu heç istəmirəm də, amma təkrar edirəm, kitabın təbliği üçün layihə təqdim etməyə hazıram.

Televiziya işçiləri ilə qeyri-rəsmi söhbətdə başa düşdüm ki, kitab yazan məmurlardan ehtiyat edirlər. Yəni məmur zəng edib deyəcək ki, mənim kitabımı şkafda göstər, müzakirə etsinlər. Əlbəttə, məmur da yaxşı mətn yaza bilər, təbliğ olunmalıdır.

Adam var ki, işsizdir, amma yazdığı beş qəpiyə dəymir. Televiziyada peşəkar komanda çalışsa, rəhbərlik onlara etibar etsə, bu məsələni yoluna qoymaq olar.

- Dövlət kitaba, ədəbiyyata maliyyə dəstəyi versə, ortaya başqa suallar çıxa bilərmi? Məsələn, ola bilərmi maliyyə ayıran tərəfin maraqları, tapşırığı ümumi işə mənfi təsir etsin?

- Bilirsiniz necədir, belə şeyləri düşünsək, gərək hər şeydən imtina edək. Dövlət kitab bazarının inkişafında maraqlı olmalıdır.

Bu gün mən bu istəyi, marağı görmürəm. Şouya, idmana yönəldilən diqqət və kapitalın beş faizi kitaba yönəldisə, Azərbaycan böyük bir sıçrayış edə bilər. Dövlətin diktəsi yalnız texniki proseslərlə bağlı ola bilər.

- Dediniz məhsuldar yazar deyilsiniz. İnsan “az yazıram, yaxşı yazıram” şüarını özünə bəraət yeri seçə bilərmi? Yoxsa, çox həm də yaxşı yazmaq mümkündür?!

- İnsanları var ki, məhsuldardır və yetərincə də yaxşı yazır. Məsələn, Aqşin... Şeirlərinin böyük əksəriyyəti yaxşıdır. Hətta əla da deyərdim.

Yaxud, Şərifin hekayələri əladır. Mənim az yazmağım həm də ovqata düşə bilməməyimlə bağlıdır.

Yaxud daxili senzura çox yazmağa imkan vermir. 2006-cı ildə çıxan şeir kitabımı bu gün çıxarsaydım, uzağı on şeir saxlayardım.

Əslində, bu, pis yanaşmadır. Qoy oxucu özü qiymət versin. Demirəm, nə yazmısansa ortalığa çıxar, yox, hər halda bu qədər vasvası olmaq yaxşı deyil, mənfi xüsusiyyətdir.

- 2000-ci illərdə deyirdilər ki, Azərbaycan ədəbiyyatında şəxsi kontekstdə AYB-AYO qarşıdurması var. Bu gün vəziyyət necədir?

- Bu qarşıdurmalar şəxsi kontekstdən olmayıb. Kimlərsə proseslərdən xəbərsiz, o ağrı-acıları yaşamadan çox şey deyə bilər.

Cavid Zeynallı
Cavid Zeynallı
O zaman mən Yazıçılar Birliyinin üzvü, qurultaya hazırlaşan təşkilat komitəsinin sədr müavini olmuşam.

Bütün proseslərdə iştirak etmişəm. O zaman təkliflər verdik və bizim istəyimiz diplomatik şəkildə rədd edildi. Yazıçılar Birliyinin perspektivsiz günlərə doğru getdiyini görüb, istefa vermişəm.

Bu gün Yazıçılar Birliyi qismən də olsa, on il əvvəlki deyil. Müəyyən dəyişiklik var və bunun səbəbi qarşı tərəfin tənqidləri idi.

O tənqidlər olmasaydı, bu gün nə “Gənc Ədiblər Məktəbi” nə də Gənclər katibliyi, Gənclər şurası olmayacaqdı. Yeri gəlmişkən, bugünkü Gənclər katibliyi vəzifəsini o vaxt biz təklif etmişdik. Hətta o vaxt mənə Gənclər katibi vəzifəsi təklif olundu. Dedim, biz vəzifə davası aparmırıq, ona görə qurultaya qədər istefa verdik.

O vaxt deyirdik ki, “Yazıçılar Birliyində nə iş görürsünüz?” sualını verəndə, bilmirsiniz nə cavab verəsiniz.

Təklif etdik ki, Yazıçılar Birliyinin daxilində internet klub açılsın, yazarlar sərbəst şəkildə internetdən istifadə edə bilsinlər. Bir aydan sonra dedilər əla, internet klub hazırdır. Soruşduq, harda? Cavab verdilər, Çingiz Abdullayevin otağında! Çingiz Abdullayevin pulumu yoxdur?

Bütün dünyada kitabları satılır, maşallah imkanı yaxşıdır, özünə peyk antennası ala bilər. Onun gənclərin internetinə nə ehtiyacı var?! Bu, bir! O vaxt Yazıçılar Birliyinin balansında olan bir yeri banka 3 min manata icarəyə vermişdilər, indi 10 mindir, dedim, bu ildə 36 min manat pul edir.

Cavab verdilər ki, bu pulla əmək haqqını artırırıq. Tamam, 16 minini əmək haqqına ayrılsın, yerdə qalan pul şəxsən Yazıçılar Birliyi sədrinin sərəncamında olmaqla, marketinq bölməsi yaradılıb layihələrə xərclənsin.

Buna razı olmadılar. Yazıçılar Birliyində bilərəkdən daxili bir intriqa qurulub, oradakı yazarlar da bir-biri ilə yola getmirlər. İdarəçilik elə qurulub ki, hamı bir-birindən yamanlıq edir.

Ona görə ki, bu qüvvələr birləşməsin, vahid güc kimi çıxış edə bilməsinlər. Bu birlik böyük bir strukturdur, mən onun var olmasını istəyirəm.

Amma modernləşməlidir, müasir zamanla ayaqlaşmalıdır ki, insanlar ora çay içməyə, domino oynamağa gəlməsinlər, həm də bir yaradıcı mühit olsun.

- Vaxtilə AYO-nu da tənqid edən yazılar yazmısınız. Bu təşkilata münasibətiniz indi necədir?

- AYO-nu tənqid edən yazılarımdakı fikirlərimdə indi də qalıram. Yazdıqlarımı toplumun
diqqətinə çatdırmaq istəyirdim.

Bu həm də tarixə hesablanmış bir addım idi. Hesab etmirəm ki, AYO ciddi səhvlərə yol vermədi, sadəcə, orda cərgə davaları var idi. İstəyirdilər, mən də onların cərgəsində olum.

Onların gördüyü işi böyük mənada uğurlu sayıram. Sadəcə, müəyyən taktiki, təşkilatı səhvlər var idi. Hər kəs bizim sıralarımızda olmalıdır - kimi səhv bir yanaşma mövcud idi.

- Yazıçılar Birliyinin üzvlərini “Alatoran” jurnalında çap etməmək sizcə ədəbiyyata, sözə hörmətsizlik deyildimi?

- Məncə, bunu o vaxt etməli idilər və cəmiyyətdə müzakirə olundu. Bu, ayrı-ayrı üzvlərə yönəlik yox, iki təşkilatın prinsiplərinə hesablanmış etiraz idi.

- Belə çıxır ki, təşkilatı prinsiplər mətndən daha qiymətlidir?

- Bunu qeyri-adi qarşılamaq lazım deyil. Dünyada çıxan bütün ədəbiyyat dərgiləri bu prinsiplə çıxır.

Hər jurnalın ətrafında bir qrup formalaşır və o jurnal bir qrupun ifadə vasitəsi olur. Biz bir jurnal, sayt açan kimi qapıları hamının üzünə açırıq. Çünki bunun arxasında bir ideologiya dayanmır, bir cərəyan, manifest yoxdur.

Hər bir dərginin öz yayım siyasəti olur. “New York Times” haqqında filmə baxmışdım, bir yazı on beş redaktordan, hüquqşünasdan keçir.

Demokratiya dediyimiz bir rəqabət bazarıdır. Baxışlar necə toqquşmalıdır, rəngarənglik necə yaranmalıdır? AYO bu gün saytında hamını çap edir, ona görə də, nə isə çatmır. Sanki AYO yoxdur, yalnız fərdlər qalıb.

- Son illərdə yazılan romanlar haqqında fikrinizi bilmək istərdim. Kimləri oxuyubsunuz?

- Azərbaycanda roman bumu ilə bağlı son vaxtlar tez-tez danışırlar, amma mən belə bir şey hiss etmirəm. Fiziki anlamda hesablasaq, Azərbaycan adam başına düşən kitab sayına görə Türkiyədən, Rusiyadan dəfələrlə geri qalır.

Demək, kitab bumundan söhbət gedə bilməz. Son yazılan romanların içində oxuduğum, sevdiyim əsərlər var.

Məsələn, Şərif Ağayarın, Seymur Baycanın, Əli Əkbərin, Mirmehdi Ağaoğlunun, Məqsəd Nurun, Qan Turalının romanlarını oxuyub bəyənmişəm. Kənan Hacı diqqətdən kənarda qalsa da, kitabı çox xoşuma gəldi.

Aqşinin romanı müəyyən tənqidlərə məruz qalsa və bu tənqidləri bölüşsəm də, dil və cəhdlər baxımından yüksək qiymətləndirirəm. Nərmin Kamalın romanını cəhd olaraq çox bəyəndim.

Bu kitab mənə yazıla biləcək böyük bir romanın sxemini xatırlatsa da, çox bəyəndim. Çünki bu çəhdlər olmasa, arzuladığımız romanlar olmayacaq. Məni narahat edən başqa məsələdir.

Hər ay “Əli və Nino” kitab evi tərəfindən ən çox satılan kitabların siyahısı açıqlanır. Biz çox nadir hallarda yerli müəlliflərin kitablarına rast gələ bilirik. Bu, narahatedici məqamdır. İlk aylarda bizim müəlliflər birinci olurdu, amma sanki oxucu bu kitabları dişinə vurub, kənara qoydu.

Bu haqda ciddi düşünməliyik. Kitab çoxdur, amma oxucu nəyi seçir, bu başqa məsələdir. Bir xalqın ədəbiyyatını dünyaya ilk olaraq romanlar çıxarır.

Bu mənada nasirlərin üzərinə böyük bir məsuliyyət düşür. İstəyirəm, onlar bu yolu tez açsınlar.

Necə ki, Orxan Pamuk qapıları açandan sonra Türk ədəbiyyatına diqqət artdı, bu mənada, son vaxtlar çox gözəl kitablar yazmış Kamal Abdulladan tutmuş İlqar Fəhmiyə, Elçin Hüseynbəyliyə qədər bu yazarlar “Biləcəri sindromu”nu qırmalıdırlar.

Kamal Abdullanın bir çox ölkələrdə kitabları dərc olundu, amma daha böyük səs-küy gözləyirik. Onda biz şairlərin də üstündən kölgə çəkilər, üzərimizə gün işığı düşər...

Cavid Zeynallı
XS
SM
MD
LG