Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:25

Qan Turalı: “Ramiz Rövşən Əli Kərimin topuğundan da deyil”


Cavid Zeynallı və Qan Turalı
Cavid Zeynallı və Qan Turalı
Cavid Zeynallının "Şənbə qonağı" kulis.az saytının redaktoru, yazıçı Qan Turalıdır.


...Əli Kərim bütün yaradıcılığı ilə yeniliklərə açıq olub, Ramiz Rövşən isə Azərbaycan klassik ədəbiyyatı formasında Füzuli estetikası və Şərq dekadensi ilə fransız simvolist ənənələrini birləşdirən və rus gümüş dövrü şeirinin təşbehlərindən yararlanmaqla özünə bir poeziya yaradıb...

...Elçin Hüseynbəyli üç roman yazandan sonra Mirzə Cəlili oxumağa başlayıb. Mirzə Cəlili oxumayan adam gərək əlinə qələm almasın!..



- Tural, əvvəllər sənin adın, imzan mətbuatda tez-tez hallanırdı. Yazıların etirazlara səbəb olurdu, yeni müzakirələrə yol açırdın. Son vaxtlar nədənsə bu işlər səngiyib. Yoxsa səhv edirəm?

- Elnur Astanbəyli də elə dünən mənim haqqımda çox şey danışıb. Əvvəllər çox yazırdım, davamlı yazılarım olurdu. Bu da müzakirələrə səbəb olurdu. İndi az yazıram, tez-tez mətbuatda görünmürəm. Yəqin bununla bağlıdır.

- Elnur Astanbəylinin tənqidlərində haqlı məqamlar vardımı?

- Mövlananın bir kəlamı var: “Bizdə veriləsi cavab çoxdur. Bizə söz deyəndə əvvəl sözə baxarıq - kəlammı deyə, deyənə baxırıq - adammı deyə” Bu məsələ haqqında geniş danışmaq istəmirəm. Mənim də gördüyüm işlər göz qabağındadır, Elnurun bu işləri qiymətləndirməsi də onun hüququdur.

- İnsanın iş yerini dəyişməyini satqınlıq, prinsiplərə xəyanət kimi qiymətləndirmək nədən qaynaqlanır, bunun səbəbi nədir?

- Bizim cəmiyyətdəki ziddiyyətlər pik həddədir. Yəni, cəmiyyətdə normal dialoq imkanları yoxdur. Siyasi hakimiyyətlə müxalifət arasında dialoq olmayıb, bunu başa düşdük. Bəs, yazarlar arasındakı bu anlaşılmazlıq nədən yaranır? Yazıçılar arasında normal dialoq varmı? Məsələn, Yazıçılar Birliyi ilə onun əksinə gedən qurumlar arasında heç vaxt dialoq olmayıb. Ümumiyyətlə, cəmiyyətdə bir dözümsüzlük mühiti var. Həm siyasi, həm də ədəbi mühitdə olduqca sərt bir düşərgələşmə var. Sanki biz yazmırıq, döyüşürük.

Bizim cəmiyyət ağ və qaradan ibarətdir. Məntiq elmində dixomatik deyilən bir bölgü var: bir var ağ, bir də var qeyri-ağ. Bizim cəmiyyət hər şeyi bu bölgüyə hesablayır. İki cəbhənin olmağı absurddur. Azərbaycan yazarları mətbuatda bir-birinə qarşı çox kəskin konfliktdədirlər. Müxalif mövqeli bir yazar İlham Əliyev haqqında hörmətli prezident ifadəsini işlətsə, halbuki, bu normal bir etiketdir, düşərgədə onu düşmən elan edəcəklər. Yaxud iqtidarın siyasətini dəstəkləyən bir yazar İsa Qəmbərin adını çəksə, o da eyni aqibətlə üzləşəcək. Gərək, İsa Qəmbər yox Qəmbərov İsa desin! (gülür)

Biz mütləq olaraq hər iki tərəfin haqlı olduğu qənaətinə gələ bilərikmi? Ya da iqtidar birmənalı pisdir, müxalifət yaxşıdır, yaxud əksi. Ronald Reyqan Samosa diktatoru haqqında demişdi ki, “əclafdır, amma bizim əclafdır” Biz bu yerə gəlib çıxmışıq.

- Vaxtilə “Azadlıq” qəzetində yazdığın köşələri xatırlayıram. Həmin yazılarda sənin də birtərəfli mövqedən çıxış etdiyin məqamlar olub! Hətta ayrı-ayrı fərdləri dolayısı ilə təhqir etməkdən çəkinməyibsən. İki il əvvəlki fikirlərinlə indi gəldiyin qənaətlər arasında uçurum hiss etdim...

- (Gülür) Problem də burdadır. Mən bunu inkar etmirəm və bu işin içində olmuşam,
Qan Turalı
Qan Turalı
özümü təmizə çıxarmıram. Bir il əvvəl mən də o cəbhənin üzvü idim. Həmin dövrdə mənim düşüncələrimdə təbəddülat var idi, yanlış qənaətə gəldiyim vaxtlar olub! Son bir ildə tutduğum mövqeni, xətti düzgün sayıram. İndi siyasətlə maraqlanmıram. Bəzi adamlar siyasiləşmənin fəsadlarını 60 yaşında başa düşürlər.

Məsələn, Yusif Vəzir Çəmənzəminli xatirələrində yazır ki, ömrümün ən pis vaxtları siyasətə qoşulduğum vaxtlar idi. Mənim üçün ən önəmlisi yazarın ümumiyyətlə, bu işlərə baş qoşmamasıdır. Keçmişdə düşərgə təfəkküründən çıxış edən yazıları mən də yazmışam.

- Sənin həmin cəbhələşmədən uzaqlaşmağının digər səbəbi yaxşı maddi təminat və karyera yüksəlişi ilə bağlı deyil ki?

- Belə deyək, mən o düşərgədən uzaqlaşanda “Kulis.az” saytı haqqında söhbət yox idi. Həmin ərəfədə “Azadlıq” qəzetində yazmırdım. O ki qaldı maddi təminatla bağlı, əlbəttə, yazmaqdan həddən artıq yorulmuşdum. Hər gün köşə yazmaq, hər gün köşə yazmaq... Bu təklifi qəbul etmək mənim həm karyera yüksəlişimdir, həm də yazı yazmadan maaş alma imkanım var idi. İndi hər gün yazmaq öhdəliyim yoxdur. Aya 7-8 yazı yazıram, artıq yaza bilmirəm.

- Vaxtilə yazmışdın ki, Ramiz Rövşən Əli Kərimin topuğundan deyil... Bu Ramiz Rövşənə qarşı qəzəb idi, yoxsa o vaxt doğrudan belə düşünürdün? İndi də bu fikirdəsən?

- İki daşın arasında o yazını bilmirəm haradan tapıb oxuyubsan?! (gülür) Xatırlayıram, bu, Cavanşir Yusifliyə yazdığım cavab yazısı idi. Yazmışdım, Cavanşir Yusifli haqqı o vaxt müdafiə edir ki, haqqın o müdafiəyə ehtiyacı olmur. Tam səmimi şəkildə deyim, o vaxt da, bu gün də belə düşünürəm: Ramiz Rövşən Əli Kərimin topuğundan deyil. Bu ona görə deyil ki, Əli Kərim istedadlıdır, yoxsa Ramiz Rövşən?! Hesab edirəm, Ramiz Rövşəndən fərqli olaraq, Əli Kərim novator şairdir. Əli Kərim bütün yaradıcılığı ilə yeniliklərə açıq olub, Ramiz Rövşən isə Azərbaycan klassik ədəbiyyatı formasında Füzuli estetikası və Şərq dekadensi ilə fransız simvolist ənənələrini birləşdirən və rus gümüş dövrü şeirinin təşbehlərindən yararlanmaqla özünə bir poeziya yaradıb. Ola bilər, ifadə tərzi sərtdir, amma mən belə düşünürəm: Ramiz Rövşəni böyük şair-filan hesab etmirəm. Ramiz Rövşən deyir, Sabirdən sonra ikinci şair mənəm. Əvvəl “Hop-Hop Namə”dir sonra “Nəfəs - kitablar kitabı”... Açıq danışaq, belə bir fikrə düşmək, xəstə təfəkkürün məhsulu ola bilər. Ramiz Rövşən poeziyasının haradan gəldiyi geniş xalq
Cavid Zeynallı
Cavid Zeynallı
kütləsinə məlum olmasa da, ədəbiyyatı bilən adamlar hər şeyi gözəl bilirlər. Ömründə iki kitab oxumayan adam elə bilir ki, Ramiz Rövşən dahidir-filan. Bunu məndən başqa, ədəbiyyatı bilən adamlardan heç kim demir, ona görə qınaq obyekti oluram.

- Tural, Füzuli estetikası, Fransız simvolist ənənələri, Rus gümüş dövrü şeirinin təşbehləri... Bütün bu iddialar menyu xarakterli deyil ki? Məni düzgün başa düş, yəni bu cür reseptlə poeziya yaratmaq olarsa, sual yaranır, sən özün niyə yaxşı şeir yaza bilmirsən?

- Menyu xarakterlidir, amma mən neynim ki, Ramiz Rövşən poeziyası özü reseptlə yaranıb. Bu menyunu mən yaratmamışam ki...

- Nədənsə tənqid edən adamlar səni daha çox Fazil Mustafa ilə müqayisə edirlər. Bu nə ilə bağlıdır?

- Vallah, bunu o adamların özündən soruşmaq lazımdır. Bir neçə variant ola bilər də... (Düşünür) Ola bilər vaxtilə mən Fazil Mustafanı çox tənqid etmişəm, bununla bağlı ola bilər. Halbuki, Fazil Mustafa bizim saytda bu gün də tənqid olunur. Bu məsələ mənim üçün də maraqlıdır.

- Nə yazırsan? Köşə yazılarını nəzərdə tutmuram. Deyirlər, iri həcmli əsər yazmağa başlayıbsan...

- Roman yazıram. Qeydlərimi götürmüşəm, bəzi materiallar var, onları araşdırıram. Roman nədən bəhs edir, nə haqqındadır soruşsan, cavab verə bilməyəcəyəm. Çünki hələ birinci mərhələdəyəm. Amma hər şeyi dəqiq planlaşdırıb sonra yazmaq istəyirəm.

- Azərbaycan romançılığında hadisə hesab etdiyin əsərlər hansılardır?

- Azərbaycan ədəbiyyatında pis bir tendensiya formalaşıb. Bu nədən ibarətdir? Bizim ədəbiyyatda çox ciddi romanlar var ki, onlar qiymətini almayıblar. İsa Hüseynovun “Məhşər” romanı şedevrdir, intellektual təbəqə bu romanı oxuyub, amma geniş xalq kütlələri əsərdən xəbərsizdirlər. Ümumiyyətlə, kütlə İsa Hüseynovu tanımır. Uzağı “Tütək səsi” filminə baxıblar, vəssalam. İsi Məlikzadənin “Qırmızı yağış” romanı mənim sevdiyim romanlardandır. İsi Məlikzadənin yaradıcılığı qiymətini almayıb. Əkrəm Əylislinin bir neçə romanı var, “Gilənar çiçəyinə dediklərim” mənim daha çox xoşuma gəlir.

Anarın və Elçin Əfəndiyevin yaxşı romanı yoxdur. Yaxşı hekayələri var, amma roman sahəsində hər ikisi iflasa uğrayıblar, alınmayıb. Onların roman yaradıcılığında qismən fərqləndirmək olar “Beşmərtəbəli evin altıncı mərtəbəsi” və “Ölüm hökmü” romanlarını. Sabir Əhmədlinin “Yamacda nişanə” romanını çox sevirəm. Bizim ədəbiyyatın klassik mərhələsi ki var - Mirzə Cəlil, Hüseyn Cavid və s. Biz o dövrlə hələ də canlı əlaqə qura bilməmişik, o enerjini verə bilmirik əsərə. Alman filosofu Karl Yasper “qırılmış xətt”dən danışır. Müasir ədəbiyyat ənənələrini itirib. Bizim sonrakı ədəbiyyat məzmun və ideyaca o dövrdən geri qalır. Sonrakı dövrlərdə Mirzə Cəlilin “Ölülər”i, Cəfər Cabbarlının
Qan Turalı
Qan Turalı
“Od gəlini”, Yusif Vəzirin “Qızlar bulağı”, “Od içində” romanları səviyyəsində əsər yaranmayıb. Əlbəttə, istisnalar var. Yuxarıda adını çəkdim, məsələn, İsa Hüseynov, İsi Məlikzadə və s. Yenə deyirəm, bizdə çox ciddi imzalar var ki, bu gün də qiymətlərini almayıblar, unudulublar.

Deyirlər, Azərbaycan xalqı unutqandır, yalandır, bizim xalq heç nəyi unutmur. Məsələn, qonşunun oğlunun toyu nə vaxtdırsa, onu unuda bilməz, maaş hansı gün veriləcək, bunu unutmaq mümkün deyil, Aygün Kazımova ilk dəfə kiminlə evlənib və s. O ki qaldı ədəbiyyatı qiymətləndirməməyə, unutmağa, bu da düzgün deyil. İnsan bildiyi şeyi unudur. Xalq Mirzə Cəlilə heç ustadın sağlığında qiymət vermirdi, ondan qalmış indi onu anlaya. Amma ziyalılarımızda ciddi bir unutqanlıq var. Bir çoxu da oxumayıb, bilmir. Məsələn, Elçin Hüseynbəyli üç roman yazandan sonra Mirzə Cəlili oxumağa başlayıb. Mirzə Cəlili oxumayan adam gərək əlinə qələm almasın!

- İstəyirəm, son on ildə yaranan romanlardan danışaq...

- Bir məktəb, yaradıcılıq forması, yeni estetikanın təmsilçisi kimi Həmid Herisçinin “Nekroloq” romanını qeyd etmək lazımdır. O dövrdə bu roman möhtəşəm bir təsir oyatmışdı. “Nekroloq” təzə bir roman idi. O vaxt əsərlər belə başlayırdı: Dan yeri təzəcə ağarmışdı. Qulaməli yorğan-döşəkdə gərnəşdi, əsnədi, ayağa durub mal-qoyuna baş çəkmək üçün tövləyə yollandı”.

Bu cür hekayələrdən sonra belə bir romanın ortalığa çıxmağı, hadisə idi. Mən hesab edirəm ki, Azərbaycan nəsrinin gələcəyini iki yazıçı təmsil edəcək: Şərif Ağayar və Seymur Baycan. Bu iki yazıçı arasındakı fərq Folknerlə Heminquey, Hüseyn Cavidlə Cəfər Cabbarlı arasındakı fərq kimi olacaq. Söhbət səviyyədən getmir, yaradıcılıqdakı fərqlər baxımından demək istəyirəm. Seymur istedadlı yazıçıdır, amma jurnalistika ilə çox məşğul olub deyə, daha çox tanınır. İstəyirəm, Şərif Ağayarı da kütlə tanısın.

Şərifin “Haramı” romanını mən Azərbaycan ədəbiyyatının ən yaxşı romanlarından bir hesab edirəm. Bəziləri romanların çox yazılmasından narahat olurlar, “roman bumu” kimi ifadələr işlədirlər, amma bu çox yazılmağın ziyanı yoxdur. Əlisəmid Kür
demişkən, adamlar şeir yazırlar da, oğraşlıq eləmirlər ki! Bizdə pis bir fikir formalaşıb: romanı mütləq 40 yaşından sonra yazmaq olar. Bu fikri də 60-cılar atıblar ortalığa. Belə deyil axı! Mənim üçün roman yazmaq daha asandır, nəinki hekayə! Orxan Pamuk, Dostoyevski 25 yaşında roman yazmağa başlayıblar. Özümü onlarla müqayisə etmirəm, sadəcə demək istəyirəm ki, roman müstəqil bir janrdır, hekayə yaza-yaza roman yazmağı öyrənmək olmaz. Ümumiyyətlə, bu 40 yaş məsələsi anormal bir yanaşmadır.

- “Mustafa”ya reaksiyalar gözlədiyin kimi oldu?

- Oxucuların reaksiyası gözlədiyimdən artıq oldu. Amma sovet ədəbiyyatşünaslığının təbiri ilə desək, tənqid bu barədə hələ də susur. (gülür) Dostlarımın yazdığı məqalələr oldu. Yaxşı ki, tənqidçilər yazmır. Onların analizini oxuyanda özüm də başa düşmürəm ki, nə yazırlar. Oxuculardan 150-200 məktub aldım və bu məni qane etdi. Halbuki, bədii keyfiyyət baxımından bu romanı şedevr-filan saymıram.

- Münsif gözü ilə “Mustafa”ya neçə bal verərsən?

- Milli Kitab Mükafatında mən ekspert olanda yaşa əhəmiyyət verirdim. Bəziləri deyirdi, bu lazım deyil, razılaşmırdım. Məsələn, 22 yaşlı bir gəncin mətni ilə 45 yaşlı yazıçının mətni arasında böyük fərq olmurdusa mən üstünlüyü gəncə verirdim. Mən bu romanı 25 yaşında yazmağa başlamışam, 27 yaşımda bitirmişəm. On ballıq sistemlə “Mustafa”ya 8-9 bal verərəm!

- Nəyə görə “yaxşı ki tənqidçilər yazmır...”?

- Bizim tənqidçilərin nə yazdığını başa düşmək olmur. Çox mürəkkəb yanaşma tərzləri var. Ən pisi də odur ki, qərəzli yazırlar. Yazıçının canına döşəyir elə... Məsələn, yazırlar ki, bunu yazan əxlaqsızdır. Bir də yazıçı ilə oxucu arasına heç kim girməməlidir.

- Tənqidçiləri qınayırsan ki, çox uzun yazırlar...

- Uzun yazmaq da bizdə başqa bir bəladır. Xüsusilə Əsəd Cahangirlə bağlı bir şey deyim. Əsəd mənim dostumdur, amma yazdığı məqalənin yarısı icmala sərf olunur. Məsələn, müharibə haqqında yazılan bir əsəri təhlil edir: “Hərb və sülh”dən başlayıb Anri Barbüsə keçir, ordan Remarka adlayır, sonra İsa Hüseynov, İsmayıl Şıxlı... Nəhayət növbə gəlib çatır təhlil olunan mətnə. Bu qədər icmal nəyə lazımdır, başa düşmürəm?

- Səni tənqid edənlər Yazıçılar Birliyinə üzv olma ehtimalından danışırdılar. Belə bir ehtimal varmı?

- Bu haqda söhbət gedə bilməz. Orda məni çəkən heç nə yoxdur. Orda baş tutan
tədbirlər sadəcə gülməlidir. Əsl ədəbiyyat oranın yolunu çoxdan unudub.

- Səncə AYB-nin heç yaxşı cəhəti yoxdur?

- Mənim dediklərimi Elnur Astanbəyli yenə yaltaqlıq kimi yozacaq, amma vicdanlı olmaq lazımdır. (gülür) Dünyanın hansı yerində dövlət ədəbiyyat qəzetinə, yaxud jurnallara pul ayırır? Amma Yazıçılar Birliyi bu pulu barbarcasına xərcləyir. Dövlət də hesabat soruşmur, deyəsən onların da marağında deyil.

Anara mən dilaloq təklif etmişdim ki, oturub çay içək, münasibətlərə aydınlıq gətirək. Nə qədər bir-birimizi qırmalıyıq? Onun mənə verdiyi cavab nə oldu? “Tövbə qapısı açıqdır”. Tövbəni Allaha edərlər, ateistə yox. Sentimental sevgidən yazan bir adam necə məmurlaşa bilər, bunu başa düşmürəm. Beş-altı gənc yazıçıya Prezident təqaüd veriblər, bu yaxşıdır. Başqa bir yaxşı şey görmürəm. Düzdür, o siyahı ictimaiyyətdən gizli saxlanılır, elə bil dövlət sirridir, təsadüfi adamlara daha çox təqaüd verirlər, amma istedadlılar da var.

Cavid Zeynallı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG