Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

«Almaniya Azərbaycana diqqətini daha da artıracaq»


Martın 15-də Azərbaycanda səfərdə olan Almaniya xarici işlər naziri Guido Westerwelle son görüşünü müxalifət partiyalarının liderləri və QHT rəhbərləri ilə keçirib.

Hava limanındakı «Sheraton» otelində baş tutan görüş 1 saata yaxın davam edib.

AXCP sədri Əli Kərimlinin AzadlıqRadiosuna verdiyi məlumata görə, onlar görüşdə Azərbaycan-Almaniya, Avropa Birliyi əlaqələrindən tutmuş insan hüquqları, siyasi məhbuslar, sərbəst toplaşma və digər bir çox məsələləri müzakirə ediblər.

«Biz Almaniyalı nazirin diqqətinə çatdırdıq ki, Azərbaycan demokratiyaya can atan bir ölkədir. Biz öz resurslarımız hesabına tarixdə iki dəfə, 1918 və 1992-ci illərdə demokratik cümhuriyyət qurmuşuq. Amma çox təəssüf ki, hər dəfə də xarici təsirlə həmin o demokratiya devrilib. Birinci dəfə yerini bolşevik işğalı, ikinci dəfə isə avtoritar sülalə hakimiyyəti tutub”.

Əli Kərimli deyir ki, onlar almaniyalı nazirin diqqətinə çatdırıblar ki, indi Azərbaycan xalqı 3-cü dəfə demokratiyaya cəhd edir və bu zaman Avropa Birliyindən, Almaniyadan və dünyanın bütün demokratik düşərgələrindən gözləntiləri var.

«Azərbaycanı demokratiyaya qovuşdurmaq bizim işimizdir, amma bizim gözləntimiz odur ki, Avropa Birliyi, ATƏT, Avropa Şurası və Qərb ölkələri Azərbaycan hökumətindən könüllü şəkildə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini istəsin».

Partiya sədrinin sözlərinə görə, nazir Guido Westerwelle deyib ki, demokratiyanın inkişafı istiqamətində Almaniya Azərbaycana diqqətini daha da artıracaq.

Görüşdə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, REAL hərəkatının həmsədri İlqar Məmmədov, «Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu, hüquq müdafiəçiləri Leyla Yunus və Eynulla Fətullayev iştirak edib.

Bu tərkib həmçinin Almaniyanın Azərbaycanda səfərdə olan Ombudsmanı Marcus Leninglə də görüşüb, eyni məsələləri müzakirə ediblər.
XS
SM
MD
LG