Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:23

Quba hadisələrinə görə neçə nəfər saxlanıb?


Qubada 1 mart aksiyası
Qubada 1 mart aksiyası
Quba hadisələrinə görə saxlananların sayı ilə bağlı ziddiyyətli məlumatlar yayılmaqdadır. Rəsmi qurumlar saxlananların sayı barədə dəqiq rəqəm açıqlamırlar. Hələki indiyə qədər apardığımız araşdırmalar nəticəsində 3 nəfər barəsində dəqiq məlumat əldə edə bilmişik. Onlar Quba rayon sakinləri Alxas Dənyalov, Samir Xammədov və Fərhad Abdulrəhmanovdur. Bu gənclərin bir neçə gün əvvəl Qubadan Bakıya gətirildiyi bildirilir.

YALNIZ 3 NƏFƏRİN ADI MƏLUMDUR

Hər 3 şəxs cinayət məcəlləsinin özgə əmlakını qəsdən məhv etmə, zədələmə və ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmədə ittiham olunurlar. Vəkillərindən aldığımız məlumatlara görə, onların müdafiə etdikləri şəxslər Daxili İşlər Nazirliyinin (DİN) Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanılır.

QUBADAN CANLI VİDEOYAYIMIN TƏKRARINA BURADA BAX (1-ci hissə)

Amma Daxili İşlər Nazirliyi bu barədə hər hansı məlumat verməkdən imtina edir. Nazirlikdə hesab edirlər ki, bu hadisələrlə bağlı istintaq getdiyindən hər hansı məlumatın verilməsi istintaqın işinə mane ola bilər.

Quba hadisələri ilə bağlı istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə istintaq İdarəsi aparır. Baş Prokurorluğun mətbuat xidmətindən isə deyirlər ki, əlavə məlumat olacağı halda bu barədə ictimaiyyətə məlumat veriləcək.

Qubadakı jurnalistlərdən və digər mənbələrdən aldığımız məlumatlarda saxlananların 15 nəfərə yaxın olduğu bildirilir. Amma bu məlumatlar hələki rəsmi təsdiqini tapmayıb. Qubadan aldığımız məlumatlara görə, saxlananların çox olmasını hər gün rayon prokurorluğu qarşısına yığılan adamların sayı da təsdiq edir.

Yevda Abramov
Yevda Abramov
Qubadan seçilən deputat Yevda Abramov isə həbs olunanların daha çox olması barədə yayılan məlumatları şayiə hesab edir. Deyir 1 mart hadisələrinə görə, saxlananlar 3 nəfərdən artıq deyil:

«Mən 3 nəfərdən artıq adam haqqında heç bir şey eşitməmişəm, bilmirəm».

«TUTULANLARIN SAYININ AÇIQLANMAMASI ADAMLARI GƏRGİNLİK VƏ QORXUDA SAXLAMAQ ÜÇÜNDÜR»

Qubaya səfərə hazırlaşan hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva deyir ki, saxlananların sayının çox olması barədə onlarda da müxtəlif məlumatlar var. Hüquq müdafiəçisi deyir ki, onlarda 1 mart hadisələrinə görə saxlanan 5 nəfərin adı məlumdur. Onun sözlərinə görə, mətbuatda adları gedən 3 nəfərdən başqa martın 5-də Xəyyam Yunusov, martın 9-da isə Murad Zakirov saxlanılır. Arzu Abdullayeva bildirir ki, bundan başqa digər saxlanılanların kimliyini hələki dəqiqləşdirə bilməyiblər. Hüquq müdafiəçisinə görə, saxlananların sayı ilə bağlı rəsmi məlumatların açıqlanmaması əslində cəmiyyətdə narazılıq yaradır.

QUBADAN CANLI VİDEOYAYIMIN TƏKRARINA BURADA BAX (2-ci hissə)

Arzu Abdullayeva hesab edir ki, bu məlumatlar açıq olmalı, həmin adamların yaxınları saxlananların harda olması barədə məlumatlı olmalıdırlar. Hüquq müdafiəçisi deyir ki, ola bilər bu hadisələrdə hansısa maraqlı qüvvələr var ki, onlar cəmiyyəti belə qeyri-müəyyənlikdə saxlamaq istəyirlər:

«Bir tərəfdən nigarançılıq, digər tərəfdə xof, gərginlik ola bilsin ki, kiminsə marağındadır. Həmin qüvvələr belə bir vəziyyəti saxlamaqda maraqlıdırlar».

ADAMLARA MƏTBUATA İNFORMASİYA VERMƏMƏYƏ DAİR XƏBƏRDARLIQ OLUNUR?

Arzu Abdullayeva
Arzu Abdullayeva
Arzu Abdullayeva bundan başqa 1 mart hadisələrinə görə rayon sakinlərinə müxtəlif formada təzyiqlərin edildiyini də deyir. O, deyir ki, hətta Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin Quba rayonu üzrə nümayəndəsini də polisə aparıb ona xəbərdarlıq ediblər.

Ötən bir-neçə gün ərzində 2 nəfər rayon icra hakimiyyətinə çağırılıb. Onlara rayonda baş verən hadisələrlə bağlı mətbuata məlumat yaymamağa dair xəbərdarlıq edilib. İcra hakimiyyətində olan şəxslərin AzadlıqRadiosuna dediyinə görə, onlara bildirilib ki, rayonla bağlı məlumatlar yayanda rayonda hər şeyin yaxşı olduğu və rayonda sakitlik olduğunu desinlər.

Martın 8-də polisə aparılan bir nəfər isə martın 9-da sərbəst buraxılıb. Həmin şəxs bir gün polisdə saxlandığını təsdiqləsə də əlavə suallara cavab verə bilməyəcəyini deyib.

Amma bu deyilənlərə nə rayon icra hakimiyyətindən, nə də polis idarəsindən münasibət öyrənmək olmadı.
XS
SM
MD
LG