Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Nobel mükafatlı yazarın “itmiş” romanı çap edildi


Saramago, 2006
Saramago, 2006
Nobel mükafatlı Portuqaliya yazıçısı Jose Saramago-nun 1950-ci illərdə yazdığı və indiyəcən itmiş sayılan romanı ispan dilində çap edildi.

Yazıçının ölümündən 2 il sonra işıq üzü görən "Claraboya" adlı roman Lissabonda bir çoxmənzilli binanın sakinlərinin həyatından bəhs edir.

Saramago 1953-cü ildə əsəri dostu vasitəsilə Portuqaliya nəşriyyatlarının birinə göndərmiş, amma nəşriyyatdan səs-soraq çıxmamışdı.

Yazıçı dünya şöhrəti qazanandan sonra -1989-cu ildə həmin nəşriyyat onunla əlaqə yaratmış, əlyazmanın köç zamanı tapıldığını və əsəri çap etmək istədiyini bildirmişdi.

Amma Saramago təklifi rədd etmiş, əlyazmanı geri almış və əsərin onun sağlığında çapını qadağan etmişdi.

Yazıçının xanımı, ispan jurnalisti Pilar del Rio kitabın Madriddəki təqdimat mərasimində deyib ki, nəşriyyatın əlyazmaya reaksiya verməməsi Saramago-ya pis təsir etmiş və o, bundan sonra təxminən 20 il roman yazmamış, jurnalist karyerasına köklənmişdi.

“Bu kobudluq Saramago-nu çox məyus etmişdi. O düşünürdü ki, əgər kimsə sənə öz əməyinin məhsulunu təqdim edirsə, heç olmasa ona quru cavab verməlisən”.

Pilar del Rio bildirib ki, bu, “narazı yazarın romanı” olduğu və Antonio de Oliveira Salazar-ın diktaturası zamanı yazıldığı üçün güman ki nəşriyyat onu çap etməyə cürət etməyib.

“Bu həmin dövr üçün üsyankar bir roman idi. Cəmiyyətin dayağı sayılan ailə ilan yuvasına bənzədilir. Burada zorlama da var, lesbiyan sevgi də, zorakılıq da. 1950-ci illərin Portuqaliya cəmiyyəti bu əsəri həzm edə bilərdimi? Məncə yox”.

Yazıçının xanımı hesab edir ki, nəşriyyat sadəcə, əsəri “dövranı gələndə” çap etmək üçün “siyirmədə saxlayıb”.

Əsər hazırda ingilis və başqa dillərə tərcümə edilir. İspan nəşrindən bir qədər əvvəl əsər portəgiz dilində də çap edilib.

Saramago 1998-ci ildə Nobel mükafatına layiq görülüb.

O, 2010-cu ildə 88 yaşında vəfat edib.
XS
SM
MD
LG