Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 17:30

Naxçıvanda siyasi fəala 7 il 6 ay iş kəsildi


Foto: Arxiv
Foto: Arxiv
Martın 2-də Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə AXCP fəalı Zeynal Bağırzadə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Bu barədə AzadlıqRadiosuna onun qardaşı, AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoy məlumat verib. Zeynal Bağırzadəyə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə 7 il, özünü vəzifəli şəxs qismində təqdim etmə maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Məhkəmənin qərarı ilə Zeynal Bağırzadə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Məhkəmə təqribən 18 min manatlıq ziyanın Zeynal Bağırzadə tərəfindən ödənilməsi haqda da qərar çıxarıb.

SİYASİ SİFARİŞ

Yaşar Bağırsoy qardaşı haqqında çıxarılan qərarı siyasi sifariş hesab edir:

«Hakim qərarı oxuyarkən sanki dövlət ittihamçısı kimi çıxış edirdi. Bizim tərəfimizdən təqdim olunan sənədləri nəzərə almadan, iddiaçı tərəfin təqdim etdiyi qeyri-rəsmi sənədlərə söykənərək qərar verdi. İddiaçı tərəfin verdiyi sənədlərin heç bir qanuni tərəfi yox idi. Naxçıvanda məhkəmə sisteminin azad olmadığını bir daha gördük. Naxçıvanda hakimiyyət təşviş içindədir. Özləri də görürlər ki, son dövrlər Naxçıvanda ictimai-siyasi fəallıq artıb. Zeynal Bağırzadənin həbsi ilə hakimiyyət insanlara gözdağı vermək istəyir, ictimai fəallığın qarşısını almaq istəyir. Buna da nail ola bilməyəcəklər. Biz bundan sonra öz fəaliyyətimizi daha aktiv davam etdirəcəyik».

Yaşar Bağırsoyun bildirdiyinə görə, proses davam edərkən 100-ə yaxın Nehrəm sakini həmkəndliləri Zeynal Bağırzadəyə dəstək olaraq məhkəmə binasının önünə toplaşıblar:

ACLIQ APELYASİYA MƏHKƏMƏSİNƏ QƏDƏR TƏXİRƏ SALINIB

«Dünənki prosesdə prokuror 8 il hökm istəyəndən sonra kənddə narazılıqlar yaranıb. Belə bir təklif var idi ki, Nehrəm kəndində geniş aksiya keçirilsin.

​Bu gün məhkəmə prosesindən sonra Zeynal müraciət etdi ki, hələlik bu qərardan hiddətlənmək lazım deyil. O, bildirdi ki, apellyasiya məhkəməsinin qərarını gözləmək lazımdır. Məhkəmədən öncə Zeynal mənə demişdi ki, qanunsuz qərar çıxarılsa, ölüm aclığına başlamaq istəyir. Vəkilin xahişi ilə həmin aksiyanı da apelyasiya məhkəməsinin qərarına kimi təxirə salıb».

Zeynal Bağırzadənin vəkili Əshabəli Mustafayev də məhkəmənin çıxardığı qərarla razılaşmır. O, qərardan apellyasiya məhkəməsinə şikayət edəcəklərini bildirdi:

BİRİNCİ İNSTANSİYA SÜBUTLARI NƏZƏRƏ ALMADI

«Bizim əlimizdə kifayət qədər sübutlar var. Birinci instansiya məhkəməsi həmin sübutları nəzərə almadı. Ümid edirəm ki, apellyasiya məhkəməsi çıxarılan qərarı rədd edəcək».

Martın 1-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısı məhkəmədən Zeynal Bağırzadənin 8 il azadlıqdan məhrum olunmasını istəmişdi.

Zeynal Bağırzadə saxta Çernobıl əlili sənədi düzəltməkdə ittiham olunur.

2011-ci ilin dekabrında Naxçıvan şəhər Məhkəməsi onun barəsində 3 aylıq həbs qərarı vermişdi. Zeynal Bağırzadə bütün ittihamları rədd edir.
XS
SM
MD
LG