Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:04

"Suriyanın dostları" Assaddan tələb edir


Müxalifəti təmsil edən Suriya Milli Şurası Tunisdə keçirilən konfransda “Suriyanın dostları”na rəsmən müraciət edib ki, Suriya müxalifətini – Azad Suriya Ordusunu silahlandırsınlar.

Müxalifət həmçinin müraciət edib ki, Assad rejiminə qarşı ictimai müqavimətin bütün formaları müdafiə olunsun.

Adı çəkilməyən bir ərəb rəsmisi Reutersə deyib ki, Suriya müxalifətinin silahlandırılacağını gözləmir. Onun fikrincə, yardım yalnız maliyyə, texniki və humanitar sahələri əhatə edəcək.

***

Qərb və Ərəb ölkələri Suriya hakimiyyətindən Homs, Deraa və “mühasirədə olan digər ərazilərə” kömək göndərilməsinə imkan verməsini tələb edəcəklər.

50-dən çox ölkənin xarici işlər nazirlərinin və rəsmilərinin iştirakı ilə Tunisdə Suriya üzrə böyük beynəlxalq toplantı başlanır.
Görüşə gələn ölkələrə “Suriyanın dostları” adı qoyulub.
Əsas iştirakçılar ABŞ, Avropa Birliyi, Ərəb və digər müsəlman ölkələridir.

Çin və Rusiya konfransa gəlməyib.

Reuters konfransın yekun sənədinin layihəsini əldə edib.
Orda deyilir ki, Dəməşq bütün zorakılıqlara dərhal son qoymalıdır. “Suriyanın Dostları” isə söz verirlər ki, hakimiyyət mülki əhaliyə qarşı zorakılığı dayandırandan və regionlara yardıma çıxış verəndən sonra 48 saat ərzində humanitar yardım göndəriləcək.

HƏRBİ MÜDAXİLƏ YOXDUR, İQTİSADİ SANKSİYALAR VAR

Konfransda Suriyaya hərbi müdaxilə məsələsi müzakirə olunmur.
Ancaq yekun sənədin layihəsində deyilir ki, zorakılığı dayandırmasa, iştirakçılar Suriya hakimiyyətinə sanksiyalarla təsir etməkdə qərarlıdırlar.

Bu sanksiyalara Suriya rəsmilərinin hesablarının dondurulması, viza qadağanı, Suriya neftinin alınmasının dayandırılması, Suriyaya investisiya qoyulmaması, Suriya hökumətinin silah almasına mane olunması daxildir.

Britaniyanın xarici işlər naziri William Hague deyib ki, onun ölkəsi diplomatik və iqtisadi təzyiqlərin gücləndirilməsinə çalışacaq.

BU DA HƏLƏLİK BƏS EDƏ BİLƏR

ABŞ-ın Dövlət Katibi Hillary Clinton hesab edir ki, diplomatik, iqtisadi təzyiqlər də kifayət edə bilər.
O hesab edir ki, Suriya müxalifəti güclənir və böhranın həlledici anı qabaqdadır.

“Getdikcə güclənən qadir müxalifət qüvvələri olacaq.
Onlar hardasa, nə vaxtsa güc tapıb özlərini müdafiə edəcəklər və hücuma keçəcəklər. Rusiya, Çin kimi ölkələrə də təzyiqlər artacaq. Çünki dünyanın ictimai rəyi etinasız qala bilməz”.

ÇİN, RUSİYA, İRAN

Çin və Rusiya isə konfransa nəinki gəlməyiblər, Rusiyanın xarici işlər nazirliyi bildirib ki, Moskva və Pekin Suriyanın işlərinə istənilən beynəlxalq müdaxilənin əleyhinədirlər.

İranda Ali Lider Ayətulla Ali Khameneinin baş siyasi müşaviri Ali Akbar Vilayati deyib ki, Suriyada Assad rejimini yıxmaq cəhdi uğursuz olacaq, İran Suriya hökumətinin yanında olacaq.

Suriyada hökumət əleyhinə nümayişlər başlayandan insan haqları fəallarının dediyinə görə, 7600 adam öldürülüb. BMT-nin İnsan Haqları Şurasının yaratdığı Komissiya cümə axşamı bildirdi ki, Suriya hökumətinin rəsmiləri və ola bilsin ki, Bashar al-Assadın özü də insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşıyırlar.
XS
SM
MD
LG