Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Ədalət Əsgəroğlunun yeni kitabı çap edildi


Şair Ədalət Əsgəroğlunun yeni çap edilən kitabı “Xocam Xocalı” adlanır.

Xocalı qətliamının 20 illiyi ilə bağlı nəşr edilən kitabda şairin 3 poeması və şeirləri daxil edilib.

Ə.Əsgəroğlu "Xocam Xocalı" poemasında Xocalının metafizik obrazını yaratmağa, faciənin fərqli bədii həllinə çalışıb.

“Dərdimizin qan rəngi” poeması da Xocalı faciəsinə həsr olunub.

Kitabda yer alan digər bədii mətnlər - poema və şeirlər də müxtəlif problematik mövzulara həsr edilib.

Müəllifin “Mütərcim” nəşriyyatında işıq üzü görən “Aynasında buta” kitabına isə xalq ruhunda qələmə alınan qoşma və gəraylılar toplanıb.


Ədalət Əsgəroğlu

XOCAM XOCALI

(Poemadan parça)

Deyirlər ki, toy olacaq,
Evlənəcək Bəyalı…
Kövrək-kövrək
çalınacaq vağzalı,
Boy-boy sıralanacaq
sabahların düzümü- yallı…
Bölük-bölük,
xurcun-xurcun,
beşik-beşik,
qucaq-qucaq
Sualla dolu yol-
uşaqlı, qocalı
Xocalı?…
Xocalı!…

Boyuna baxdılar,
toyun çaldılar,
Oyuna saldılar
havası qanlı,
Qanına susayıb
qanın aldılar:
- Bircə içimlikdir
bu necə candı…
Onun gəlinciyi
süngü ucunda
Süng edib uçuşan
and-amanları.
Qanadı sınmışlar
belə uçanda
Uçur insanlığın
xanımanları…
Boylanır, tullanır
boyundan uzun
Məsafə qaş ilə
göz arasıdı…
Ölüm nöqtəsində
dayanma quzum!
Çoxdur görəcəklər…
bu harasıdı?
Üç yaşlı oğlanın,
üç yaşlı qızın
Gəlincik oyunu,
bəycik oyunu
İti süngüsündə
bir amansızın.
Soruş yellənənin
kim olduğunu.
Bu ki təbəssümdür
sular sonası,
bir cənnət quşudur
heyrət içində.
İpəkdən donunu
tikdi anası,
Ölüm ilmə vurdu
qan biçimində.
Üzündə lal sükut
donuq təbəssüm,
Ovcunun içində
bir qırmızı lent.
Rəssamlar. durmayın,
bir az tələsin!
Böyük sərgilərə
brenddir brend…
Açıq gözlərində
qan damlaları,
Gəzdir, gözlərinə
yığsın dünyanı,
Bəlkə düşməyəcək
bir də güzarı,
Görsün görmədiyi
cini, şeytanı.
Tanrı belə çəkib,
belə də saxla,
Yoxsa nəfəs dəyər,
rənglər dəyişər…
Cəllad əməlini
gerçək söyləsən
Şəkil çərçivələr
qırılar düşər.
Çərçivə, sığırmı
bu ağrı sənə?
Çilik-çilik edər
səni ahu-zar,
Gəldin insanlığın
ulu dərsinə.
Doğulur tövbələr
ölür günahlar…
Şəkil sözə çəkir
gur salonları,
Danışır ruhların
ciyərparəsi…
Ötür dəvə-dəvə
qəm karvanları,
Dünyanın qəmkeşi-
-Zəminxarəsi…
XS
SM
MD
LG