Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Cavanşir Yusifli. Oynamaq


“Bərpaçıya məktublar” silsiləsindən

Cavanşir YUSİFLİ


OYNAMAQ

Qardaşım Cəfərliyə

Olur ki, havada gəzən ideyalar günlərin bir günü arxaikləşir, yəni, fırlanma, dövr etmə vəziyyətindən çıxıb donur, 10 il...., 100 il sonra doğulanlar bu ideyalarla yalnız muzeydə tanış olurlar, kif basmış eksponat, qat kəsmiş arxiv materialı kimi. Və birdən ZAMAN müəllim əlində səsucaldan qışqırır:

Maral çıxdı dağ döşünə...

Qardaş, maralın orda nə ölümü var?!

- 80-ci illər ədəbiyyata gələnlərin antologiyasını düzəldirlər, dağ döşünə dırmaşmaqdansa get tərtibçiyə bir tel aç, bəlkə adını saldılar ora.

Kim? Səksən, yoxsa həştad? Nə maral? Haqverdiyevin marallarımı?

Bunu eşitcək şeirdəki maral döyükür:

- Biz ədəbiyyata.... bağışlayın dağ döşünə sürüylə yox, tək çıxırıq, siz nədən qorxursunuz? Yaxşı, bəs başçınız kimdir? Qulağıma pıçılda, ona bir-iki sözüm var...

- Biz qəbiləyik ki, başçımız olsun?! Hərəmiz bir yerdən gəlmişik. Mən deyim, sən eşit: birimiz Sabirin bəhri-təhvilərindən, birimiz onun FƏXRİYYƏSİNDƏN, “Millət necə tarac olur-olsun”dan, sonra Çəmənzəminlinin “Cənnətin qəbzi”, adını unutduğum yazıçının “Kitab yüklü eşşək” hekayəsindən (.... bəlkə eşşək yüklü kitab?), Məmməd Arazın “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”, sonra aşıq Geydirməlinin “Hikmətli bir kəlam var, ellər olsun bəxtiyar, şeir, sənət tapılar...” qatarından, qələmə oxşasa da, bir dəniz mürəkkəbə batırıldıqdan sonra yenə üzə durub yazmayan durna lələyindən, publisist-şair, son dərviş, son ürfanist, mütəfəkkir aşıq Alməmmədin “Məmməd, al gəldi” poemasının yurd hissəsindən, xına yaxa-yaxa keçəlləşmiş şairin “Bu xına o xınadan deyil” şeirinin adda-budda misralarından, yuxarıda ismi anılan aşıq Geydirməlinin toxumları yerə düşəndə (bəxtəbəxt) cırhacır almasına bənzər meyvə yetirən, çevrilib bir də baxanda gülbəsərə dönən .... aforizmlərdən .... ədəb-iyyata gəlmişik, təkrara edirəm, biyyətə yox, ədəb-iyyata.
Nəsimin bir “Oynar” rədifli qəzəli var. Məclisi-ünsə istinadən deyirəm: qəzəl elə bir nəsnədir ki, irəli gedə-gedə (yəni, yazıla-yazıla) arxada boş məkan buraxır. Bu yer doldurulur, yaxud yazıldıqca pozulur, pozulduqca yazılır, qum saatı kimi.

Biz, yuxarıda nişan verilən nəsnələrdən qopub gələnlər yazmağı oynayırıq, kimsə kobud əlləriylə pozur, biz yenə yazırıq, kimsə yuxarıdan başımıza bir qazan mürəkkəb əndərir (ifadəmə görə üzr istəyirəm), saçlarımızı oynadıb (“oyna” rədifli qəzəl) daşa, torpağa, divara yazırıq.

Bəlkə yazmayaq? Özümüzə sual verək: məcbursan?

Kimsə deyib: ən sarsaq hərəkətdə belə bir məna var! İndi gəl oyna!

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG