Yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının İnsan Hüquqları və Hüquq Komitəsində Azərbaycanla bağlı dinləmələr keçirilib.
Dinləmələrdə iştirak edən Azərbaycanın hüquq müdafiəçiləri ölkədə insan haqlarının vəziyyəti barədə danışıblar.
«İnsan Haqları Uğrunda» İctimai Birliyin sədri Eynulla Fətullayev «Yeni Müsavat» qəzetinə deyib ki, o, çıxışı zamanı vicdan məhbuslarının, o cümlədən Fərhad və Rafiq Əliyev qardaşlarının, eləcə də keçmiş səhiyyə naziri Əli İnsanovun azadlığa buraxılmasını tələb edib.
DİNLƏMƏYƏ ETİRAZ
DİNLƏMƏYƏ ETİRAZ
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə AzadlıqRadiosuna müsahibəsində deyib ki, o, çıxışı zamanı insan haqları ilə bağlı dinləmələr keçirilməsinə etiraz edib:
«Konkret olaraq demişəm ki, Avropa Şurasının Monitorinq Komitəsi var və bu Komitənin işi Azərbaycanın öhdəlikləri yerinə yetirməsini monitorinq etməkdir. Dedim ki, bu Komitə olduğu halda başa düşülmür ki, niyə eyni məsələnin müzakirəsinə İnsan Haqları Komitəsində şərait yaradılır?»
SİYAHIDAKI ADAMLARLA BAĞLI ARAŞDIRMA APARMIŞIQ
Səməd Seyidov deyir ki, dinləmələr zamanı çıxış edənlərin çoxu siyasi məhbus məsələsinin Azərbaycana qarşı işlədilməsini pisləyib. Millət vəkilinin sözlərinə görə, o bildirib ki, «Amnesty İnternational» beynəlxalq insan hüquqları təşkilatının siyahısında olan 16 nəfərlə bağlı məlumatları təhlil ediblər: «Təqdim olunan sənədlər arasında xeyli suallar doğuran məsələlər də var» deyən Səməd Seyidov əlavə edir ki, o, Avropa Şurasının müvafiq qurumlarına yazılı müraciət edib. O, müraciətində beynəlxalq təşkilatların qaldırdıqları məsələlərin dərindən araşdırıldığını qeyd edib.
Səməd Seyidov deyir ki, Avropa Şurasının insan haqları məsələsi ilə bağlı Azərbaycana təsir göstərmək əsla mümkün deyil.
MANDATINI DƏYİŞSİN, SONRA
Müsahibimiz deyir ki, dinləmələr zamanı bir müddətdir Avropa Şurasından siyasi məhbus məsələsi üzrə məruzəçi mandatı altında Azərbaycana gəlmək istəyən Christoph Straesserin də mandatına toxunulub. Səməd Seyidovun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti bir daha mövqeyini vurğulayıb ki, siyasi məhbus anlayışının açıqlanması və başqa ölkələrə də şamil olunmasından sonra Azərbaycan öz qapısını Christoph Straesserin üzünə açacaq:
- Azərbaycanda siyasi məhbus məsələni öyrənmək istəyən şəxs başqa ölkələrdə də bu məsələyə baxmalıdır və ən azı əlində «siyasi məhbus»u açıqlayan kriteriyalar olmalıdır.
«Dinləmələr zamanı qaldırılan məsələlərlə bağlı Azərbaycan nümayəndə heyəti hansısa vəd verdimi?» sualına Səməd Seyidov belə cavab verdi:
- Sizin sualınıza konkret olaraq belə cavab verə bilərəm ki, Avropa Şurası ilə konstruktiv, obyektiv münasibətləri davam etdirməyə hazırıq. Qərəzli yanaşmanı qəbul etməyəcəyik və qərəzli yanaşmanın köklərini araşdırıb Avropa Şurasının üzvlərinə çatdıracağıq.
PESSİMİST VƏ OPTİMİSTLƏR
Bəs hüquq müdafiəçiləri Avropa Şurasındakı dinləmələrdən nə gözləyir? Leyla Yunus deyir ki, o, Avropa Şurasındakı müzakirələrin Azərbaycandakı insan haqları ilə bağlı vəziyyətə təsir edəcəyinə inanmır. Amma Novella Cəfəroğlu daha optimistdir, deyir ki, Avropa Şurasının baş katibi Thorbjørn Jaglandın yaxın aylarda Bakıya səfəri planlaşdırılıb və onun səfəri «vicdan məhbusları»nın azadlığa buraxılmasına müsbət təsir göstərəcək.
Müxalifətin 2 aprel aksiyasında həbs olunanlardan biri, Ülvi Quliyevin anası Zərnişan Quliyeva da fikirlərini AzadlıqRadiosu ilə bölüşüb. O deyir: «Məncə məsələyə Avropa Şurası boyda təşkilat qarışıbsa, yəqin ki, uşaqlarımızı buraxacaqlar».
Bu yaxınlarda «Amnesty İnternational» ötən ilin 2 aprel aksiyasında həbs olunmuş fəallar daxil olmaqla ümumilikdə 16 nəfəri «vicdan məhbus»u sayıb.