Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:09

Obama: «İranla bağlı heç bir həll yolu istisna deyil» [VIDEO]


Obamanın milli birlik çıxışı
Gözlə

No media source currently available

0:00 0:02:29 0:00
Direct-ə keçid

ABŞ prezidenti Barack Obama yanvarın 24-də Konqresdə çıxışında yeni iqtisadi planlarını elan edib və keçən il Osama bin Ladenin öldürülməsi ilə nəticələnmiş əməliyyatı amerikalılar arasında birliyin qələbəsi adlandırıb.

Yanvarın 24-də ABŞ prezidenti Barack Obamanın Konqresdəki çıxışını canlı olaraq milyonlarla adam izləyib. ABŞ prezidenti «Ölkənin vəziyyəti» adlı illik çıxışında bildirib ki, Amerika getdikcə daha güclü olur.
Barack Obama varlı, orta və kasıb təbəqə arasında yeni Vergi Məcəlləsi vasitəsilə iqtisadi tarazlıq yaratmaq üçün öz planını açıqlayıb:
«Biz ya, az sayda insanın yaxşı yaşadığı, amma getdikcə daha çox insanın firavan həyatdan məhrum olduğu ölkə ilə razılaşmalıyıq, ya da hamı üçün ədalətli iqtisadi şərait və eyni qaydalar yaratmalıyıq».
Prezident deyib ki, Amerika dünyanın ən qüdrətli ölkəsi rolunu yenidən özünə qaytarıb: «ABŞ-ın tənəzzüldə olduğunu, yaxud da onun dünyada nüfuzunun azaldığını söyləyənlər nə danışdıqlarını bilmirlər».
Obamanın Ağ Evdəki 3 il yarımlıq fəaliyyəti barədə amerikalılarda birmənalı fikir yoxdur. Obama administrasiyasının iqtisadi fəaliyyətini ümumiyyətlə ürəkaçan saymırlar.
ÖTƏN BİR NEÇƏ İL ƏRZİNDƏ İŞSİZLİK 9%-Ə YÜKSƏLİB
Milyonlarla amerikalı girov qoyduğu evindən məhrum olub. Obama iqtisadi ədaləti varlı amerikalıların vergisini artırıb, adi vətəndaşların vergi yükünü azaltmaq yolu ilə bərqərar etmək arzusundadır. Öz çıxışında o, təklif edib ki, ildə 1 milyon dollardan çox qazananlar azı 30% vergi ödəsin.
Müxalifətdə olan Respublikaçılar Partiyası bu ideyanın qəti əleyhinədir. Partiyadan Ağ Evə əsas namizədlərindən olan Mitt Romney multimilyonçudur. O, 2010-cu ildə 21 milyon dollarlıq gəlirindən cəmi 14 faiz vergi ödəyib.
Mitt Romney
Mitt Romney
Obama Amerikada iş yerlərini bərpa etmək və biznesin inkişafına nail olmaq üçün detallı plan da açıqlayıb. Konqresdən də xahiş edib ki, bu planı qəbul etsin. Onun təklif etdiyi qanun yerli fəhlələrin xarici fəhlələrlə rəqabət apara bilmələrinə hesablanıb.
Obama ötən il xarici siyasətdəki nailiyyətlərinə də toxunub. Deyib ki, son 9 ildə ilk dəfədir ki, amerikalı hərbçilər İraqda döyüşmür. Son 20 ildə ilk dəfədir ki, Bin Laden ABŞ üçün təhlükə törətmir, Əl-Qaidənin əsas rəhbər şəxsləri məhv edilib:
«Biz güc mövqeyindən çıxış edərək Əfqanıstanda müharibənin səngiməsinə nail olduq. On minlərlə hərbçimiz artıq evinə qayıdıb. Daha 23 min bu yayın sonuna qədər vətənə dönəcək. Hakimiyyətin tədricən əfqanlara verilməsi davam edəcək. Biz Əfqanıstanla davamlı möhkəm tərəfdaşlıq quracağıq ki, bu ölkə bir daha ABŞ-a qarşı hücumun mənbəyi olmasın».
BARACK OBAMA SON 15 AYDA ƏRƏB ÖLKƏLƏRİNİ BÜRÜYƏN DEMOKRATİK HƏRƏKATDAN DA DANIŞIB
Obama deyib ki, dünyanın ən çox hakimiyyətdə olmuş diktatorlarından biri, əli amerikalıların qanına batmış qatil Gaddafi artıq yoxdur. Aylardır demokratiyanı dəstəkləyənlərə divan tutan Bashar Assad isə tezliklə başa düşəcək ki, dəyişiklik qüvvələri məğlubedilməzdir, insan ləyaqəti inkar edilə bilməz.
Son 10 ildə ölkənin vəziyyəti ilə bağlı ABŞ prezidentlərinin etdiyi çıxışlarda ilk dəfə olaraq Amerikanın milli təhlükəsizliyinə olan təhdidləri Obama xüsusi vurğulamayıb. Yalnız İrandan danışıb. Deyib ki, «Tehran nüvə silahı istehsal etməyə çalışmadığını sübut edənə qədər beynəlxalq ictimaiyyət bu sanksiyaları davam etdirəcək».
Barak Obama
Barak Obama
O, əvvəllər verdiyi vədini bir daha təkrarlayıb. «İranla bağlı heç bir həll yolu istisna deyil» - deməklə hərbi müdaxilənin də mümkünlüyünə işarə edib.
Bununla yanaşı, Obama deyib ki, problemin sülh yolu ilə həll hələ də mümkündür: «İran siyasətini dəyişsə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, yenidən beynəlxalq ictimaiyyətə qoşula bilər».
İndiana ştatının qubernatoru, respublikaçı Mitch Daniels Obamanın çıxışına cavab olaraq bunları deyib:
«Doğrudur, bu gün Amerikada mövcud olan iqtisadi və maliyyə problemlərinə səbəb olan prezident deyil. Ancaq o bu problemləri həll etmək vədi verdiyinə görə seçilib. O iddia edə bilməz ki, son 3 ildə vəziyyət daha da yaxşılaşıb. İşləyən amerikalıların faiz göstəricisi son on illiklər ərzində ən aşağı həddədir. Əmək qabiliyyətli hər beş amerikalıdan biri və yaşı 30-dan az olan əhalinin təqribən yarısı bu gün işsizdir».
Mitch Daniels onu da deyib ki, federal hökumət hazırda xərclədiyi hər 3 dollardan birini borc alır. «İri-xırda, böyük-kiçik, dövlət və özəl olmasından asılı olmayaraq heç bir qurum, heç bir dövlət bizimki qədər nəhəng borcla həyatda qala bilməz»-deyə Mitch Daniels bildirib.

Sayta hazırladı: Kəbiran Dilavərli
XS
SM
MD
LG