Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:30

Özbəkstanda tələbələrin yeni əxlaq kodeksi


Daşkənd Dövlət İnstitutunun tələbələri
Daşkənd Dövlət İnstitutunun tələbələri
Özbəkstan ali məktəb tələbələri bundan sonra daha bir fənn - əxlaq kodeksini öyrənməli olacaqlar. Bu kodeksdə tələbələrin internetə nələr yükləmə icazələrinin olmasından tutmuş professorlarına necə əl verib salamlaşmalarınadək hər şey yer alıb.
Ali və Orta Təhsil Nazirliyi tələb edir ki, «Ali Təhsil Müəssisələri üçün Etik Qaydalar» ölkədəki bütün ali məktəb tələbələri və müəllimləri tərəfindən imzalansın.
Sənəddə deyilir ki, bu qaydalar ali təhsil institutları üzvlərinin etnik bütövlüyünü təşkil etmək, müdafiə etmək və qorumaq niyyəti daşıyır. Bildirilir ki, bu, tələbələrin pis yola düşməsinin qarşısını alır, onları alkoqolizm və narkomaniya, o cümlədən dini ekstremizm və kütləvi mədəniyyət təhdidlərindən qoruyur.
SALAMLAŞMA QAYDALARI
3.8-ci maddədə deyilir ki, ali məktəb üzvləri hərəkət edərkən sağ tərəfdə mövqe tutmalıdırlar. Tövsiyyə olunur ki, salamlaşma bu qaydada olsun: tələbələr müəllimləri, kişilər qadınları, kiçik kurs tələbələri özlərindən böyük kurs tələbələrini birinci olaraq salamlasın. Əl uzadıb salamlaşmada isə bu qaydalarla bağlı istisnalar var, ilkin olaraq böyüklər əl uzatmalıdırlar.
Digər maddələrdə isə tələbələrin ifadə azadlığını məhdudlaşdıran xeyli məqamlara rast gəlinir. Məsələn, tələbələrin dini geyimi ilə yanaşı, onların internet fəaliyyətləri ilə bağlı da qadağalar var.
Qaydalarda deyilir ki, milli maraqlar və ali məktəbin daxili problemləri ilə bağlı internet yazışmalar yolverilməzdir.
Ötən il YouTube portalında Özbəkstan ali məktəblərindən birində müəllimin tələbəni, tələbənin isə müəllimi necə döydüyünü əks etdirən video yayılmışdı. İnternetlə bağlı hazırkı qadağa da çox güman ki, bu məsələ ilə bağlı cavab addımıdır.
MƏQSƏD PASSİVLİYİ ARTIRMAQDIR
İslam Kərimov
İslam Kərimov
Amma bu addım təkcə Özbəkistan ali məktəblərində azad informasiya axınının qarşısını almağa yönəlməyib. Yeni qaydalar universitet tələbələrinin həyatını ən kiçik detalları ilə belə nəzarət etməyə hesablanıb. Məqsəd ölkə gəncliyi arasında passivliyi daha da artırmaqdır.
Əxlaq kodeksində tələbələrin gəzərək vaxt keçirməsi də qadağan olunanlar sırasındadır. «Heç bir səbəb olmadan universitetin ətrafında gəzişməyin» – təlimat kitabçasında belə deyilir.
Bütün bunların dini ekstremizm və ya narkomaniyaya qarşı öz töhvəsini necə verdiyi isə qaranlıq olaraq qalır.
İSLAM KƏRİMOV NƏDƏN QORXUR?
Görünür, İslam Karimov gənc nəslin ötən il ərəb ölkələrində siyasi dəyişikliyin baş verməsində rolundan qorxaraq öz ölkəsində təhsilli gəncləri nəzarətdə saxlamaqda qərarlıdır. Bu arada, bu həftə kollecdən olan nümayişçilərin Karimova qarşı keçirdikləri etiraz aksiyasının 20-ci ildönümüdür.
1992-ci ilin yanvarında minlərlə qəzəbli tələbə Daşkənd küçələrinə çıxaraq çörəyin qiymətinin bahalaşmasına etiraz etmiş, Karimovu saxta seçkilər keçirməkdə ittiham edərək istefasını tələb etmişdilər. O zaman Karimov Sovet İttifaqından yenicə ayrılmış bir ölkənin təzə seçilmiş prezidenti idi.
Ciddi müxalif cəbhənin yaranmasından həyəcanlanan Karimov o zaman cəld hərəkətə keçmişdi. Aksiyalar zamanı silahlı qüvvələr iki etirazçını öldürmüş, yüzlərlə etirazçını isə həbs etmişdi. Karimov həmçinin etirazçı tələbələri Daşkənddən uzaqlaşdırmaq niyyəti ilə onları Özbəkistanın əyalət universitetlərinə göndərmişdi.
O vaxtdan bu yana Özbəkstanda tələbələrin heç bir etiraz aksiyası olmayıb.
XS
SM
MD
LG