Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:55

Obamanın mümkün rəqibi Romney mormon təriqətindəndir


Romney həyat yoldaşı Ann ilə
Romney həyat yoldaşı Ann ilə
Amerikada müxalifətdəki Respublikaçılar Partiyası bu ilki prezident seçkilərində özünə namizəd müəyyən edir.

İndi Amerika boyu partiya üzvləri arasında seçkilər başlanıb və ilk iki seçkini Mitt Romney qazanıb.

Əgər bu uğuruna davam etsə, noyabrdakı prezident seçkilərində hazırkı dövlət başçısı Barak Obamanın rəqibi məhz o ola bilər.

Amma Ayova və Nyu-Hempşirdəki partiya seçimləri qazanması ilə Romney həm də Amerikada bir məsələni diqqət mərkəzinə gətirmiş oldu.

Romney mormon təriqətindəndir. Hətta Amerikanın özündə də bir çox insanlar bu təriqət haqda ətraflı məlumata malik deyillər.

Mormonluq nisbətən yeni təriqətlərdəndir

Təxminən 200 il əvvəl yaranıb. Mormonlar təriqətin 19-cu əsrdəki lideri Joseph Smith-in təliminə tapınıblar.

Təriqət üzvləri “Mormonların kitabı” adlı əsəri müqəddəs sayırlar.

Amerikada 6 milyon mormon var. Onlar ölkə əhalisinin təxminən 2 faizini təşkil edirlər.

Mormonların Utah ştatında - Salt Lake City-də yerləşən mərkəzi bildirir ki, dünya boyu təriqətin 14 milyon üzvü var.

Mormonluğun xristianlıqla ortaq dəyərləri var

Bu təlimlərin hər ikisi Bibliyanı müqəddəs kitab sayır, tək Allaha və onun oğlu İsa Məsihin xilaskar olmasına inanır.

Amma mormonların Allahın qüdrəti, əbədiliyin mahiyyəti və bəndənin günahlardan təmizlənməsinə dair baxışları xristianlıqdan fərqlidir.

Mühafizəkar xristianlar üçünsə belə fərqli baxışlar kifayətdir ki, mormonlara şübhə ilə baxsınlar.

Amerikada bir çoxları mormonluğa ayrıca bir dini baxışlar sistemi yanaşmaq istəmir.

İndi Romney sıra ilə üçüncü ştatda – Cənubi Karolinada təbliğata başlayıb.


Mormonlar Salt Lake City-də İsa peyəmbərə abidə qoyublar
Mormonlar Salt Lake City-də İsa peyəmbərə abidə qoyublar
Həmin ştatda əksəriyyər mormonluğa məhz belə yanaşır.

Amerikada mormonların özlərinə baxışı və xristianların onlara yanaşması arasında böyük fərq var.

“Pew Forum” sorğu mərkəzinin son araşdırmasına görə, amerikalıların yarısı mormonluğu xristian təriqəti saymır. Amma mormonların arasında keçirilmiş sorğuda onların 97 faizinin öz icmalarını xristian təriqəti saydığı məlum olub.

Mormonların üçdə ikisi düşünür ki,

Amerika əhalisinin onların inancları barədə məlumatı çox azdır

Bunu da doğru saymaq olar. İctimai rəyə yol tapan məlumatlar isə təəssüf ki mormonlara istehzalı və satirik yanaşmalara yol açır.

Məsələn, mormonların alkoqol, kofe, çay içməməsi.

Bundan başqa mormonların müqəddəs saydıqları xüsusi alt paltarı geyməsinə “sehrli alt paltarı” kimi istehza edilir.

Broadway-də ən populyar musiqili komediyalardan biri də “Mormonların kitabı” olub.

Orada da təriqət üzvlərinə yumoristik yanaşma var.

Təzad ondadır ki, müziklə baxan mormonlar onu tərifləyir, müziklin sterotipləri qırdığını bildiriblər.

Amerikanın ictimai rəyinə yeriməsi çətin məqamlardan biri də mormonların çoxarvadlılığı qəbul etməsidir.

Bu qayda vaxtilə mormonlar arasında adi bir hal olub, amma Amerika qanunları çoxarvadlılığı qadağan edəndən sonra demək olar ki, aradan qalxıb.

İndi yalnız təriqətin azsaylı radikal üzvləri çoxarvadlılığı yaşatmaqda davam edirlər. Amma buna görə

Mormonlar satira hədəfi olmaqda davam edirlər

Mormonların kitabı
Mormonların kitabı
Məsələn, “Böyük sevgi” adlı populyar Amerika teleşousu üç arvadı olan müasir dövrün mormonu haqdadır.

Amma təriqət başçıları mormonlar haqda yanlış rəy formalaşdırılmasını əsas gətirərək böyük kampaniyalar təşkil edirlər.

“Mən mormonam” devizli həmin kampaniyalar zamanı televiziya reklamları, bilbordlar, saytlar vasitəsilə Allaha ibadət edən, ailə dəyərlərinə sadiq olan, adi məişət işləri tutan sıravi mormonların obrazları təbliğ edilir.

Mitt Romney mormon olsa da, ona mormon namizədi kimi yanaşılmasının əleyhinədir.

4 il qabaq ilk dəfə prezidentliyə namzədliyini irəli sürəndə Romney bəyan etmişdi ki, o heç bir dinə xidmət etməyəcək, bütün amerikalıların prezidenti olacaq.

2006-cı ildə o radio müsahibəsi zamanı nigahın nə olması barədə suala belə cavab vermişdi: “Nigah kişi ilə qadın və qadın və qadın arasında ittifaqdır”. Bundan sonra o dərhal “mən zarafat edirəm” söyləmişdi.

Amma çoxarvadlılıq məsələsi yenidən gündəmə gəlir. NBC bu yaxında xəbər vermişdi ki, Romney-in atasının babasının 5 arvadı olub.

Amerikada inanc hər kəsin şəxsi işidir. Amma dövlət vəzifəsi uğrunda mübarizəyə başladınsa, bu, artıq şəxsi məsələ olmaqdan çıxır.
XS
SM
MD
LG