Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:47

Dostoyevski: “Deyəsən, onun arvadına vurulmuşam...”


Cavid Zeynallı
Cavid Zeynallı

"Arıq, balaca, əsəbi oğlan - Dostoyevski"... Dahi yazıçının şəxsi həyatı haqda Cavid Zeynallının yazısı...

Cavid Zeynallı


ARIQ, BALACA, ƏSƏBİ OĞLAN - DOSTOYEVSKİ


Əyyaş və simic atanın sədaqətli qadını - ana

Anası Mariya Fyodorovna Neçayeva onu Moskvanın yoxsullar üçün olan Mariya xəstəxanasında dünyaya gətirmişdi.

Gözünü açıb yetimxanadakı atılmış uşaqları, dəlixanadakı havalı, xəstə adamları görmüşdü.

Moskvanın ən acınacaqlı nahiyələrindən biri hesab olunan bu iztirab və kədər yuvasında səfillərin, avaraların, intihar edənlərin qəbiristanlığı yerləşirdi. Atası Mixail Andreyeviç Dostoyevskinin 30 yaşı vardı, amma fərəh və şadlığını həmişəlik itirən, heç vaxt üzü gülməyən bu adam, Borodino vuruşmasından bir az əvvəl Moskva Tibb-cərrahlıq Akademiyasını bitirmişdi.

Müharibə vaxtı boğucu qan qoxusu, üfunət içərisində yorulmaq bilmədən fasiləsiz cərrahlıq əməliyyatı aparırdı.

Amputasiyalar edir, müharibəni qəhrəmancasına müdafiədə deyil, döyüşlərin şikəst etdiyi qurbanlar arasında müşahidə edirdi. Bədrəftar, həyat mübarizəsində sərtləşmiş Mixail Andreyeviçin xasiyyəti bu insanpərvərlik peşəsilə az uyuşurdu. Yaxınlarının xatirələrindən görünür ki, o, fövqaladə əsəbi, son dərəcə tündməcaz, lovğa və əyyaş adam olub.

Atasından fərqli olaraq, anası saf qəlbli, şən və şaqraq təbiətli insan idi. İllər keçdikcə qəddar ərinin daimi şübhə və ittihamlarına məruz qalan mülayim Mariya Fyodorovnanın şəxsi faciəsi getdikcə dərinləşirdi.

Öz ailəsinə son dərəcə sədaqətli olan, Mixail Andreyeviçi bütün varlığı ilə sevən bu qadın, 1835-ci il mayın 31-də (evliliklərinin on altıncı ilində) ərinə yazırdı:

“Sənin əziz canına, Allaha, yerə və göylərə, uşaqlarımın canına, bütün səadət və həyatıma and içirəm ki, bizim nikah günümüzdə müqəddəs mehrab qarşısında sənə içdiyim andımı heç vaxt pozmamış, vəfasız olmamışam. Eləcə də and içirəm ki, mənim indiki hamiləliyim bizim sevgimizin yeddinci ən möhkəm bağıdır, bu mənim saf, təmiz, müqəddəs, bizim nikahımızdan bəri dəyişilməyən məsum və ehtiraslı sevgimin ifadəsidir. Mənim sevgimi görən yoxdur, mənim hisslərimi başa düşmürlər, mənə rəzil bir şübhəylə baxırlar, halbuki mən öz məhəbbətimlə nəfəs alıram. Amma çöhrəmə qırışlar və qəzəb nişanələri yayılır.Bu da mənim ehtiraslı, məsum sevgimin mükafatı...”

Ailənin böyük oğlu Andreyin nağıl etdiyi əhvalat sevimli Mariya Fyodorovnanın məktublarında ifadə olunan hisslərinin dərin səmimiliyinin, saflığının bir daha tapdanmasını göstərir.

“Axşam çağı yarıqaranlıq zalda anam atama dedi ki, o yenə hamilədir. Atam qapqara qaralıb anama elə narazılıq elədi, Mariya Fyodorovna hönkür-hönkür ağlamağa başladı. Mən bu səhnəni heç vaxt unuda bilmirəm”


Dostoyevski uşaqlıqda
Dostoyevski uşaqlıqda
Xəstə Mariya Fyodorovna bu cür ailə şəraitində yavaş-yavaş əriyirdi. Onun, hər şeydən əvvəl, qəlbən, daxilən rahatlıq tələb edən zəif ciyərləri “xətərli vərəmə” çevrilirdi. Dünya ədəbiyyatına Dostoyevski kimi nəhəng sima bəxş edən bu bəxtsiz qadın, otuz beş yaşında səkkiz uşaq anası idi. 1836-cı ildə ciyər naxoşluğu ağırlaşdı, saçlarını qısa vurdular. Otuz yeddinci ilin əvvəlində isə yarıqaranlıq balaca otağından bayıra çıxmırdı. Fevralın axırlarında həkimlər öz həmkarlarına bildirdilər ki, onların səyləri əbəsdir, xəstə son günlərini yaşayır. Fevralın 27-nə açılan gecə can üstə olan qadın uşaqları ilə vidalaşdı, huşunu itirərək, səhər çağı keçindi. Martın birində Mariya Fyodorovnanı Lazarev qəbiristanında dəfn etdilər. 16 yaşlı Fyodor anasız qaldı...

Ananın ölümü ailənin bütünlüklə dağılmasına səbəb oldu. Mixail Andreyeviç istefaya çıxdı. Uşaqlardan ikisini Mariya Fyodorovnanın bacısı - varlı və uşaqsız Kumaninlər tərbiyə etmək üçün götürdülər. Böyük oğlanları - Andrey və Fyodoru isə ataları Baş mühəndislik məktəbinə qoymaq üçün Peterburqa apardı.

Peterburqda keçən ac-yalavac günlər

Baş mühəndislik məktəbində 18 yaşlı Fyodor hərbi xidmətin çətinliklərini daddı. Hərbi məktəbdəki çətinliyini Dostoyevski ömrünün axırlarında belə xatırlayırdı:
“Qardaşımla məni Peterburqdakı mühəndislik məktəbinə aparıb, bizim gələcəyimizi korladılar, məncə bu səhv idi”

1843-cü il avqustun 12-də yuxarı zabitlik sinfində tam fənlər kursunu bitirdi. Onu Peterburq komandası yanında ən sadə bir vəzifədə - “Mühəndislik departamentinin çertyoj şöbəsində işlətmək üçün” saxladılar. Qulluq onun ehtiyac və tələblərinə cavab vermirdi. 1877-ci ildə xatırladığı kimi: “Özümü mühəndis deyil, şair kimi hiss edirdim. Möhkəm əmin idim ki, gələcək hər halda mənimdir, onun yeganə ağası mən idim”

Özünü gələcəyinin ağası hesab edən ədib, həmin günləri qardaşı Andreyin dostu həkim Rezenkamfın evində kasıbçılıq və səfalət içində keçirirdi. Rezenkamf Reveldən Peterburqa qayıdarkən Fyodor Mixayloviç süd və çörəklə dolanır, hələ bunu da dükandan nisyə alırdı. O, bundan bir az qabaq belə bir vəziyyətdə ikən qardaşı Andreyə yazırdı: “Allah eşqinə, mənə beş manat ya da, heç olmasa, bir manat pul göndər. Üç gündür odunum yoxdur, özüm də qəpiksizəm”

Fyodorun son həddə çatmış pulsuzluğu təqribən iki ay davam etdi. Elə bu zaman qəflətən o, noyabr ayında qeyri-adi bir görkəmlə - zalda ayağını tappıldada-tappıldada, özünə qürrələnərək , az qala təkəbbürlə var-gəl etməyə başladı. Məlum oldu ki, ona Moskvadan 1000 manat pul göndəriblər.

Həkim Rezenkampf xatirələrini belə davam edirdi:

“Ertəsi gün səhər o yenə də öz adi, sakit, ürkək yerişi ilə mənim yataq otağıma
Yazıçının anası - Mariya Neçayeva
Yazıçının anası - Mariya Neçayeva
girib ona 5 manat borc pul verməyimi xahiş etdi. Məlum oldu ki, pullarının bir hissəsini bilyardda uduzub, bir hissəsini də hansı oyundaşı isə oğurlayıb. 1844-cü il fevralın birində Fyodor Mixayloviçə Moskvadan yenə 1000 manat göndərdilər. Bədbəxtlikdən ədib Dominikin restoranına şam yeməyə gedəndə bilyard oyununa maraqla tamaşa etməyə başladı. Hansısa cənab onun diqqətini oyunda iştirak edən bir nəfərə - restoranın bütün qulluqçularını pulla ələ keçirmiş olan məharətli bir fırıldaqçıya cəlb etdi. Ədibin tanımadığı adam sözünə davam etdi: “Baxın, domino lap məsum, namuslu bir oyundur”. İş onunla qurtardı ki, Fyodor Mixayloviç elə oradaca yeni “məsum” oyunu öyrənmək istədi - bunu üçün 25 əl oynamaq lazım gəldi, beləliklə də, Dostoyevskinin axırıncı yüzlüyü onun müəllim yoldaşının cibinə keçdi”.

O öz atasının simicliyini irs olaraq qəbul etməmişdi, həmişə öz təbiətində əliaçıqlığı, qayğıkeşliyi, səxavəti, son tikəsini də başqası ilə bölüşdürmək xasiyyətini tərbiyə edirdi. Ona yaxın olan adamlar deyirdilər ki, Dostoyevski pulla necə rəftar etmək lazım olduğunu bilmir, borc istəyən adamlara yox deməyi bacarmırdı.

“... Deyəsən, onun arvadına vurulmuşam...”

1844-cü il oktyabrın 19-da Dostoyevskini ərizəsinə əsasən xidmətdən azad etdilər, noyabrın 17-də isə Peterburq mühəndislik komandasının siyahılarından adını pozdular. 23 yaşlı gənc özünü bütünlüklə yaradıcılığa həsr etdi və on aylıq gərgin işdən sonra “Yoxsul insanlar” povesti hazır oldu. İlk oxucusu isə Fyodor Mixayloviçlə bir mənzildə yaşayan və ədəbi aləmdə az-çox tanınan Qriqoroviç idi...

Povest almanax üçün yazı toplayan Nekrasova təqdim olunur. “On səhifə oxusam məlum olacaq” niyətiylə iri formatlı poçt kağızından hazırlanmış qalın dəftəri vərəqləyən naşir, ara vermədən, yeddi çap vərəqinin hamısını oxuyub heyran olur. Mütləq Belinski ilə görüşmək lazım idi...

Neva küçəsi ilə Fontankanın tinindəki evdə - pəncərələri tövləyə açılan iki otaqda yaşayan “Bu dəhşətli və qorxunc tənqidçi”nin mənzili heç vaxt gün işığı görməzdi. Nekrasov bir may səhəri qaçaraq kabinetinə girib ona açıqca dedi ki, “yeni Qoqol” yetişib.

- Vissarion Qriqoryeviç! Allah eşqinə, bu əlyazmanı oxuyun, tez oxuyun! Zənnimcə bu çox gözəl bir əsərdir.

Belinski gənc şairin hədsiz tərifini şübhə ilə dinlədi. Lakin onun təkidlərinə güzəştə gedərək, yeni povesti oxumaq üçün götürdü... və birnəfəsə başa vurdu. Nekrasov utancaq Dostoyevskini xeyli dilə tutub tənqidçinin evinə gətirəndə, Belinski sözünü belə birtirdi:

“Siz öz zəka və istedadınızın qədrini bilin, onu qoruyun, sadiq qalın, onda böyük yazıçı olacaqsınız..!”

Rusiyada ilk “ictimai roman” müəllifi düz otuz il keçəndən sonra yazırdı:

“Bu mənim ömrümdə fərəhli bir an idi. Mən katorqada bu anı yaşayanda fərəhlənirdim”

Sonralar Nekrasovla Qriqoroviç Dostoyevskini Panayevlərgilə apardılar. Bu evdə əsərlər oxunur, mübahisələr keçirilirdi. Yazıçı ilk məhəbbətini və mübhəm sevgisini məhz burda yaşadı. Panyayev sadəlövh və yüngülxasiyyət, 40-cı illərin dəbdə olan belletristlərindən biri idi. Dostlarının “ yelbeyin uşaq” dediyi bu dayaz novellaçı,
Yazıçının atası
Yazıçının atası
məşhur gözəl olan Avdotya Yakovlevna ilə evlənmişdi. Ərinin fasiləsiz əyləncələrə qurşanması, uşağının olmaması bu 25 yaşlı mehriban qadını bədbəxt etmişdi. Onun mütənasib və qəşəng əndamına həsas Dostoyevski biganə qala bilmirdi. 1845-ci il noyabrın 16-da qardaşına yazırdı:

“Mən dünən Panayevgilə birinci dəfə getmişdim, özüm də deyəsən, onun arvadına vurulmuşam. Bu qadın Peterburqda məşhurdur. O, ağıllı, qəşəng, həm də mehriban və son dərəcə ürəyiaçıqdır”

Qəlbən azadlıq sevən bu kübar qadını Dostoyevski heç bir şeylə məftun edə bilməzdi. Panayeva bu böyük ədibi belə xatırlayırdı:

“Dostoyevskiyə ilk baxışdan görünür ki, o, dəhşətli dərəcədə əsəbi və həssas bir gəncdir. O çox arıq, balaca, sarışın bir oğlan idi, üzünün rəngindən xəstəyə bənzəyirdi; solğun dodaqları əsəbi-əsəbi titrəyirdi. Əvvəllər çox utancaq idi, söhbətə qarışmırdı. Lakin bir az sonra o özünü coşqun bir mübahisəçi kimi göstərdi. Gənc və əsəbi olduğu üçün özünü ələ ala bilmir, müəlliflik heysiyyətini və istedadı haqqındakı yüksək rəyini çox qabarıq şəkildə irəli sürürdü”.

Dostoyevski 1846-cı ildən Çar I Nikolaya qarşı təşkil edilən Patraşevskiçilərin təşviqat cəmiyyətinin iclaslarında fəal iştirak edirdi. Bu gizli fəaliyyətinə görə 1849-cu il 22 aprel gecəsi yazıçını yuxudan əcaib səs-küy oyatdı. Jandarm mayorunun təntənəli səsi, 27 yaşlı ədibi insanların diri-diri qəbrə gömüldüyü katorqaya aparan yolun başlanğıcıydı:

- Əlahəzrətin fərmanı ilə siz, mühəndis-poruçik Dostoyevski həbs edilirsiniz.

Aşağıda, küçə qapısının qabağında kareta gözləyirdi. Yüngül, yortma gedən atlar məhbusu Fontankaya - “Əlahəzrətin xüsusi dəftərxanasının üçüncü şöbəsinə” apardı. Ertəsi gün Petrapavlov qalasına salınan məhbusların içində Fyodor Mixayloviç Dostoyevski də var idi.

“O ağlayıb mənim əllərimi öpsə də, başqasını sevirdi”

Dostoyevski biradamlıq, divarları qaramtıl-yaşıl rəngli qalın kif bağlayan kamerada saxlanılırdı. Soyuq, rütubət, aclıq hökm sürürdü. Hər tərəf sal daş idi. 1849-cu ilin dekabrında məhbusları güllələmək üçün sıraya düzdülər. Arıqlamış, rəngləri qaçmış, sir-sifətdən çıxmış məhbuslar: şairlər, hüquqşünaslar, mühəndislər, zabitlər, müəllimlər və jurnalistlər... Komanda səsi ucaldı: “sıraya düzün!” Məhkum edilmişləri taxta meydançanın qısa pilləkəninə yaxınlaşdırdılar. Onlar donmuş pillələrdə sürüşə-sürüşə edam kürsüsünə qalxdılar.

- Fyodor Dostoyevski cinayətkar niyyətlərdə iştirak etdiyi, pravoslav dininə və ali hakimiyyətə qarşı ədəbsiz və qaba ifadələrlə dolu olan məktubu yaydığı üçün güllələnmə ilə ölüm cəzasına məhkum edilsin.

- Atəşə hazır ol!

- Başlıqlar gözlərə çəkilsin!

- Nişan al!


Avdotya Panayeva
Avdotya Panayeva
Bu vaxt fligel-adyutant meydanda atını çapa-çapa general Sumarokova bağlı və möhürlənmiş bir zərf verdi. Məhkum edilmişlərin qollarını açdılar...

- Əlahəzrət xilaskar məruzəni oxuyub... edam cəzası əvəzinə əmlak hüququndan məhrum etməklə... müddətsiz olaraq katorqa işinə...

Dekabrın 24-ü gecə saat 12-də Dostoyevskinin ayaqlarına on girvənkə ağırlığında qandal vurdular və feldyegerin rəisliyi ilə atların çəkdiyi xizək karvanı uzaq diyarlara yollandı .

Qərbi Sibirin general-qubernatoru belə bir əmr vermişdi: “Heç bir mərhəmət göstərilməsin. Qandallarda saxlansınlar”. Yazıçını qaravul otağına aparıb paltarını dəyişdilər, başını qırxıb katorqa qazamatına saldılar. Bura döşəməsi çürümüş, damı axan, vecdən çıxmış taxta bir bina idi. Bit-birə və cücülərin əlindən göz açmaq olmurdu. Adamlar qandallı-qandallı hamamda çimir, qandallarda komediya oynayır, zəncirlə qospitallarda yatırdılar. Xatirələrində yazırdı ki, bir nəfər qupquru qurumuş məhbus dəhşətli vərəmdən öldü, unter-zabit dərhal, zənciri açmaq üçün dəmirçi dalınca adam göndərdi...

Sənəti və peşəsi olmayan Peterburq ədibi qara fəhlələrlə bir yerdə işləyirdi: Zavodda kərpic bişirir, ağır yükü tikintiyə daşıyırdı; İrtış çayında dizə çıxan buz kimi soyuq suyun içində dayanıb köhnəlmiş dövlət yük gəmilərini sökürdü. Dustaqxana rəisləri əlahəzrətin belə bir əmrini almışdılar: “Siyasi məhbus Dostoyevskiyə heç bir güzəşt edilməsin. Onunla tam tam mənası ilə dustaq kimi rəftar olunmalıdır”.

1854-cü il yanvarın 23-də Dostoyevskinin katorqa işlərinin müddəti qurtardı. Ədibin ayağını dəzgahın üstünə qoyub pərçimi döndərdilər, çəkiclə vurdular. Nəhayət qandallar cingilti və taqqıltı ilə yerə düşdülər. “Azadlıq, yeni həyat, ölümdən nicat tapmaq... Nə gözəl, nə xoşbəxt bir an!”

Həmin ilin fevralında yazıçı 7-ci Sibir nizami batalyonuna sıravi soldat göndərildi. Dostoyevskini yenə də taxta kazarmaya saldılar, amma o daha quru taxtalar üstündə yox, keçə döşənmiş taxt üstündə yatacaqdı. Çox keçmədən rəislər ona ayrıca mənzildə yaşamağa icazə verdilər. Batalyonun yaxınlığındakı dul qalmış soldat arvadının yarıqaranlıq və his basmış komasına köçdü. Qadının iyirmi yaşlı böyük qızı Fyodor Mixayloviçə bənd olmuşdu, onun paltarlarını məhəbbətlə tikir, dəyişəyini yuyur, yemək hazırlayır və daim onun yanında olurdu.

1854-cü ilin payızında dövlət və cinayət işləri üzrə məhkəmə nəzarətçisi A.J. Vranqlerin qulluq etmək üçün Semipalatinskə gəlməsi, Dostoyevskinin vəziyyətini yaxşılaşdırdı. Yazıçı kimi Dostoyevskini yüksək qiymətləndirən Vranqlerlə dost olmağı, sonrakı illərdə onun çox köməyinə gələcəkdi.


Mariya Dmitriyevna
Mariya Dmitriyevna
Yazıçı Semipalatinskdə istefada olan gömrük məmuru Aleksandr İvanoviç İsayev və onun arvadı Mariya Dmitriyevna ilə tanış olmuşdu.

Arvadını və oğlunu daim ehtiyac içində yaşadan əyyaş İsayev pozğun və səliqəsiz yaşayırdı.

O, “Cinayət və cəza”dakı Marmeladov üçün qismən timsal olan İsayev haqqında yazırdı:

“Bir çox çirkinliklərinə baxmayaraq o fövqəladə alicənab idi”.

Vərəm naxoşluğundan əziyyət çəkən 26 yaşlı Mariya Dmitriyevna haqqında “gənc, gözəl, məlumatlı, qəşəng qadındır” yazan Dostoyevskinin iztirablı məhəbbət macəraları başlayırdı.

Vranqler xatirələrindən məlum olur ki, həyatı gətirməyən bu bədbəxt qadın Dostoyevskinin halına acıyırdı.

“Qadın bilirdi ki, Dostoyevski əsəb naxoşluğuna mübtəladır, son dərəcə maddi ehtiyac içindədir, həm də deyirdi ki, o aqibəti olmayan insandır.

Mənim dostum isə bu rəhimdilliyi qarışılıqlı sevgi kimi başa düşərək, dəli kimi ona vurulmuşdu”.


Aleksandr İvanoviç İsayev iki il davam edən istefadan və az qala dilənçi kökündə yaşayandan sonra olduqca təhqiredici bir işə - aşxanaları idarə edən müşavir vəzifəsinə təyin olunur.

Bundan başqa 700 verstlik məsafəyə - Sibirin Toms quberniyasının Kuznesk şəhərinə köçmək lazım idi. Dostoyevski dəli kimi gəzirdi, Mariya Dmitriyevnadan ayrılacağı yadına düşəndə yazıçıya elə gəlirdi ki, onun üçün həyatda hər şey məhv olmuşdur.

May ayının axırlarında qadından ayrılarkən uşaq kimi hönkür-hönkür ağlayır.

Dostları isayevləri meşə yolu ilə aparmaq qərarına gəlirlər. Vranqler İsayevi içirib öz faytonuna mindirir və keçmiş gömrük məmuru burda daş kimi yuxuya gedir.

“Dostoyevski Mariya Dmitriyevnanın yanına keçdi. Gözəl may gecəsində onunla xeyli yol getdilər...

Nəhayət dayanıb vidalaşdılar. Dostoyevski başını əyib dinməz dayanmışdı, onun yanaqlarından göz yaşı axırdı.”


Məktublaşma başladı. Mariya Dmitriyevna uzaqdan da Dostoyevskini rahat buraxmayıb əziyyətləri, xəstəliyi, ərinin kədərli vəziyyəti və fərəhsiz gələcəyi
Fyodor Dostoyevski
Fyodor Dostoyevski
haqqındakı şikayətləri ilə ona əzab verirdi. Kuznetskdəki yeni tanışın–xoşagələn gənc müəllimin adı məktublarda tez-tez çəkilməyə başlayanda yazıçının əzabları daha da artdı; kölgə kimi gəzib dolaşırdı, həvəslə işlədiyi “Ölülər evindən qeydlər”i də kənara atmışdı.

1855-ci ilin avqustuda Dostoyevski Mariya Dmitriyevnadan ərinin ölməsi barədə məktub aldı. Yazırdı:

“Oğlum göz yaşı və kədərdən dəli olub. Ərimi başqasının pulu ilə dəfn etdim. Ehtiyac məni əl açmağa vadar etdi – açıb aldım... sədəqə aldım”.

Yazıçı 1856-cı ilin iyununda özbaşına Kuznetskə gedir. (“Mən məhkəməyə verilməyə də razıyam, təki onunla görüşüm”). O burada vaxtını iki gün Mariya Dmitriyevna ilə keçirdi. Mariya gənc və xoşüzlü müəllim Verqunova bəslədiyi duyğunu ona söyləyir.

“O ağlayıb mənim əllərimi öpsə də, başqasını sevirdi. Lakin o mənə dedi ki, ağlama, qəm yemə hələ hər şey həll olunmayıb, bir sənsən, bir də mən, artıq heç kəs yoxdur. Amma mən hiss edirdim ki, o yenə Verqunovu məndən artıq sevir. Mariyanı itirsəm, ya dəli olaram ya da özümü İrtışa ataram. Mən bədbəxt divanəyəm. Bu cür sevgi xəstəlikdir”.

Dostoyevski Verqunovla danışıb məsələni aydınlaşdırmaq qərarına gəlir. Bu dəfə həyat özü onun tərəfindəydi. Mariya onu üstün tutmuşdu. Müəllim güzəştə gedir. Vranqlelə məktubdan: “İndi o mənim üçün doğma qardaşdan əzizdir”.

Qohum-əqraba bu evlənmənin əleyhinə olsalar da, moskvalı xalası ona 600, qardaşı Mixayıl ilə böyük bacılarının hərəsi 200 manat gümüş pul göndərdilər. 1857-ci ilin fevralın 15-də dəli məhəbbətlə sevdiyi qadını yerli kilsənin mehrabına apardı. Mariya Dmitriyevna gəlin paltarı geymişdi. Toy çox sadə, səssiz-səmirsiz keçdi, adam az idi. Toydan bir neçə gün sonra Dostoyevskilər Kuznetskdən Semipalatinskə yollandılar və burada bədbəxtlik üz verdi.

“Heç gözlənilmədən məni epilepsiya keçinməsi tutdu, bu hadisədən arvadım hədsiz qorxmuşdu”. Yazıçı bu cür ciddi xəstə olduğu halda evlənməsinə təəssüf edirdi. O, evləndisə də arzu edib ümid bəslədiyi səadətə nail ola bilmədi. Vrangelin məktubundan: “Mariya Dmitriyevna daim naxoşlayır, şıltaqlıq edir və qısqanırdı”.

Qısqanclıq faciəsi ailədəki qarışılıqlı münasibət və mehribanlığı tamamilə pozmuşdu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG