Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:43

Qeyri-adi teatr tamaşası 12 saat davam edəcək!


Amerikada dahi rus yazıçısı Fyodor Dostoyevskinin “Cinlər” romanı əsasında teatr tamaşası göstərəcəklər.

Pyesin əsas özəlliyi odur ki, nə az-nə çox 12 saat davam edəcək.

Buna baxmayaraq iyulda Nyu-Yorkda cəmi 2 dəfə göstəriləcək tamaşaya biletlər artıq satılıb qurtarıb.

Tanınmış alman rejissoru Peter Ştayn saatlarla davam edən, nə aktyorlara, nə də tamaşaçılara rəhm edən belə teatr “marafonları” ilə çoxdan ad çıxarıb.

Onun Hötenin “Faust”u əsasında qoyduğu tamaşa az qala bir sutka – 20 saat davam edir.

Ştaynı artıq müasir teatr klassiki hesab edənlər də var.

“Cinlər” tamaşasında 35 aktyor oynayır. Ştayn tamaşanı 2008-ci ildə hazırlamağa başlamışdı.

Premyera keçən il İtaliyanın kiçik şəhərlərinin birində olub və səhər saat 11-dən axşam saat 11-ə qədər davam edib.

4 dəfə göstərilsə də, hər dəfə anşlaq olub.

Tamaşanın təşkilatçısı olan Nyu-York Baş Teatr Birliyi minə yaxın bilet buraxıb. “Nyu-York Tayms” yazır ki, satışa çıxarılan biletlər cəmi bir neçə saat ərzində satılıb qurtarıb.

Amma tamaşaya baxmağa gələnlər gərək hövsələ yiyəsi olsun. Baxmayaraq ki, arada nahar və şam fasilələri və bundan başqa bir neçə 15 dəqiqəlik fasilələr nəzərdə tutulub.

Tamaşa italyan dilində olacaq, amma ingiliscə titrlər də veriləcək.

Tamaşaçıların dözümü başqa bir məsələdə də sınağa çəkiləcək. Tamaşa – Qubernator adasında – Nyu-York Manhetteninin ucqar bölgəsində oynanacaq.

Həmin ada bir müddət Amerika donanmasına məxsus olub, amma sonra bir müddət istifadəsiz qalıb.

İndi həmin ərazi Nyu-York meriyasına məxsusdur və orada müxtəlif sərgilər keçirilir. Tamaşa əvvəllər anbar kimi istifadə olunmuş böyük metal anqarda göstəriləcək.

Tamaşaçılar adaya bərəylə yollanacaq, daha sonra 20 dəqiqə piyada yol gedəcəklər.

"Cinlər" romanı Dostoyevskinin ən məşhur əsərlərindəndir. Bolşeviklər həmin əsəri sevmirdilər. Çünki Dostoyevski həmin əsərdə solçuların Rusiyada hakimiyyəti ələ keçirməsindən sonra ölkənin hansı faciələrlə üzləşəcəyini peyğəmbərcəsinə təsvir edir.

Xaricdə beynəlxalq sosialist təşkilatında təlimatlandırılmış baş qəhrəman gəlib Rusiyanın bir bölgəsində xaos yaratmağa, terror, qətllər, yanğınlar, tətillər təşkil etməklə bölgənin həyatını iflic etməyə və bundan istifadə etməklə hakimiyyətin ələ keçirilməsi planının reallaşdırılmasına çalışır.

"Cinlər" bu planı həyata keçirməkdə israrlıdırlar, hətta 100 milyon adam qırılsa da!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG