Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Neftçalada qaz kəməri oğurlanıb, yoxsa satılıb?


Arxiv foto
Arxiv foto
Neftçala rayonunda metal toplantısı ilə məşğul olan sahibkar Rafiq Baxşəliyev oğurluqda ittiham olunur. O, ittiham barədə xəbəri polisdən eşitdiyini deyir. Müstəntiq ona zəng edib qaz kəmərlərinin oğurlanması ilə bağlı cinayət işi açıldığını bildirib.
Amma Rafiq Baxşəliyev iddia edir ki, rayonun Xolqarabucaq kəndindəki 12 kilometrlik yararsız qaz borularını ona rayon icra hakimiyyətinin baş memarı satıb:
«Bizim rayon icra hakimiyyətinin baş memarı – Rüstəm Tahirov mənə müraciət etdi ki, «Xolqarabucaq kəndində 12 kilometrlik çürük, deşilmiş, istismara yararsız yerüstü trubalar var, gəl onları verim sənə». Mən də getdim onunla 45 min manata razılaşdıq. 30 min manat pul verib başladıq metalloma göndərmək üçün trubaları doğrayıb kəsməyə. 3-4 gün idi ki, işləyirdik rayon qaz idarəsindən gəldilər ki, bu borular bizimdir. Biz də işi dayandırdıq. Bir həftədən sonra xəbər verildi ki, qaz idarəsinin müraciəti əsasında bizim barəmizdə polisdə cinayət işi aşılıb. Bundan sonra kəsilmiş trubaların hamısını qaz idarəsi özü götürdü».
Neftçala rayon qaz idarəsindən AzadlıqRadiosuna deyiblər ki, kəmərlərin kəsilməsi ilə bağlı onlara heç bir müraciət olmayıb. İdarə hadisədən bir-neçə gün sonra xəbər tutub və bununla bağlı da polisə müraciət edilib.
«QAZ KƏMƏRİ İLƏ QAZ İDARƏSİ MƏŞĞUL OLUR»
Rafiq Baxşəliyev deyir bir tərəfdən onu oğurluqda ittiham edirlər, digər tərəfdən də baş memara verdiyi 30 min manatı geri ala bilmir.
Rayon icra hakimiyyətinin baş memarı Rüstəm Tahirov AzadlıqRadiosuna müsahibəsində qaz borusunun kəsilib aparılmasından xəbərdar olduqlarını deyir:
- Bizim xəbərimiz var ki, bəli borunu kəsib aparmışdılar. Xəbərimiz ondan var.
- Bəs sizin razılığınız olmayıb bu işdə?
- Bizim razılığımız necə olmalıdır ki? Qaz kəmərləri ilə qaz idarəsi məşğuldur, yoxsa arxitektor?
- Sahibkar deyir o sizin razılığınızla bu işi görüb.
- Bizim onunla nə işimiz var, maraqlı söhbətlər edirsiz...
GİZLİ SƏS YAZISI
Sahibkar Rafiq Baxşəliyev isə iddia edir ki, o, qaz kəmərini memarın razılığı ilə kəsib, buna görə də ona 30 min manat verib. Deyir polis araşdırması başlayandan sonra o, verdiyi pulu geri istəyəndə təkbətək söhbətdə baş memar 30 min aldığını etiraf edib. O da bu söhbəti gizli şəkildə yazıb. Sahibkarın internetlə bizə göndərdiyi səs yazısında iki nəfər arasında belə bir söhbət gedir:
- Rüstəm müəllim, 30 min sizə vermişəm, əvvəl də 30 min vermişdim...
- Hə, 60 min...(Rafiq Baxşəliyev deyir ki, indiyə qədər baş memarla bir neçə dəfə belə alverləri olub və 60 min manat deyəndə əvvəllər ona verdiyi pulları da nəzərdə tutub.)
- Rüstəm müəllim, mənim nəslimdə o pul yoxdur, onu mən necə verəcəm?
- Sən 30 minin adını çəkmə, mən indi başçıya deyəcəm, nə isə eləyəcək...
- Başçı bu işləri bilir, bilmir?
- Necə bilmir...
Arxiv foto
Arxiv foto
- Hamsını bilir?
- Əlbəttə...
- Qalmışam çıxılmaz vəziyyətdə, çox darıxıram...
- İndi bax, başçıya, İsmayıl müəllimə sənin yanında zəng edirəm, deyəcəm ki, prokuror 25 min pul istəyir. Bax İsmayıl müəllimin telefonudur. İsmayıl müəllim, mən indi Bankə (Neftçalada qəsəbə) ətrafındayam. Mənə indi Rafiq zəng etmişdi, o dəmir işilə məşğul olan. Deyir Fuad müəllimin yanına getmişdim, əlimdə 10 min manat ki, bu məsələni həll etsin. Deyir qardaş yaxın durmadı, prokuror da 25 min pul istədi. Deyir mənim heç nəslimdə o qədər pul yoxdur. Bəlkə deyirəm Fuada özüm deyim?
Telefon söhbətində İsmayıl adlı şəxsin bu məsələyə hansı cavabı verdiyi bilinmir.
BAŞ MEMAR RÜSTƏM TAHİROV: «O MONTAJDIR, MONTAJ...»
Neftçala rayon icra hakimiyyətinin baş memarı Rüstəm Tahirov isə bu lent yazısının montaj olduğunu deyir.
- O montajdır, montaj...
- Sizin o söhbətdən xəbəriniz yoxdur?
- Yox, qətiyyən. Qoy kim nə deyir, desin.
MÜSTƏNTİQ: «SAHİBKAR İFADƏ VERSƏ, ONUN DEDİKLƏRİNİN HAMISI YOXLANILACAQ»
İşi aparan Neftçala Rayon Polis İdarəsinin müstəntiqi Sadiq Abbasov faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi açıldığını və istintaq getdiyi deyir. Müstəntiqin sözlərinə görə, sahibkar Rafiq Baxşəliyevdən başqa, kəmərin kəsilməsində iştirak edən fəhlələrin hamısı ifadə veriblər:
- Oğurluq faktı var və onlar da təsdiq edirlər. Başqa nə deyəcəklər ki?
Müstəntiq deyir ki, sahibkar ifadə versə, onun dediklərinin hamısı yoxlanılacaq. Amma o hələki Rafiq Baxşəliyevin ifadə verməkdən imtina etdiyini deyir.
İttiham təsdiqlənərsə, bu işdə adı keçənlər üç ildən yeddi ilədək azadlıqdan məhrum edilə bilər.
Rafiq Baxşəliyev isə ifadə verməməsini bu işin rayonda aparılmasına etirazı ilə izah edir. O hesab edir ki, bu məsələdə korrupsiya faktı olduğundan işi Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparmalıdır. Artıq adı çəkilən idarəyə müraciət etdiyini deyən Rafiq Baxşəliyev yanvarın 6-da Baş Prokurorluğa dəvət olunduğunu bildirir.
«GÜNDÜZ-GÜNORTA ÇAĞI POLİSİN, BƏLƏDİYYƏNİN YANINDA NECƏ OĞURLUQ ETMƏK OLAR?»
Rayon polisində ifadə verən fəhlələrdən biri, Zaur bu məsələnin oğurluq kimi qələmə verilməsini heç cür başa düşə bilmədiyini deyir:
«Yəni o, oğurluq olsaydı, 3-4 gün ərzində gündüz vaxtı yanımızda da polis və kənd bələdiyyəsinin nümayəndəsi ola-ola biz işləməzdik. 3 gün işləmişik, 4-cü gün SOCAR-ın işçiləri gəlib deyiblər ki, bu kəmərlər qaz idarəsinin balansındadır və biz də işi dayandırmışıq».
SAHƏ MÜVƏKKİLİNİN TƏRƏDDÜDÜ
Xolqarabucaq kəndinin Zabil adlı sahə müvəkkili isə deyir ki, o, qaz kəmərinin kəsildiyini görən kimi yuxarılara məlumat verib. Sahə müvəkkili bu işin icra hakimiyyətinin razılığı ilə olmasına inanmır. Deyir əgər belə bir razılıq olsaydı, məsələ bu səviyyəyə gəlib çatmazdı. O, gündüz, bir neçə gün ərzində hamının gözü qarşısında oğurluq edilməsinin də çətin iş olduğunu deyir. Amma yenə də hər şeyin istintaqdan asılı olduğunu bildirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG