Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:46

Keçmiş baş nazirin kamerasının şəklini yayıblar


Timoşenkonun saxlandığı həbsxananın ətrafı
Timoşenkonun saxlandığı həbsxananın ətrafı
Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun həbsxana kamerasında işıq sutkada 24 saat yanır, keçmiş baş nazirin bütün hərəkətləri monitorla izlənir.

Timoşenkonun saxlandığı bu şəraiti onun vəkilləri psixoloji təzyiq hesab edirlər.

Vəkillərin birgə bəyanatında vdeyilir ki, hakimiyyət Timoşenkonu mənəvi və fiziki cəhətdən sındırmaq istəyir.

51 yaşlı Timoşenko Xarkovdakı yeni həbsxanaya dekabrın 30-da köçürülüb.
Yeni həbsxana şəraitini bu həbsxananın rəsmiləri də təsdiqləyirlər. Ancaq bildirirlər ki, bu, Timoşenkonun təhlükəsizliyi üçün edilib.

Həbsxana rəisi İvan Pervuşkin deyir: “Video nəzarət qanunla qadağan deyil. Daimi video monitorinq üçünsə otaqda işıq kifayət qədər çox olmalıdır”.

Timoşenkonun vəkili Serhij Vlasenko bu şəraiti qeyri-insani adlandırır:
“İşıqlardan biri düz çarpayının üstə düşür. Burda Timoşenko yatır. Kameranın nəzarətində, üzünə işıq düşə-düşə normal yatmaq mümkün deyil. Üstəlik burda tibbi yardım da yoxdur. Burda bircə məqsəd var: Timoşenkonu sındırmaq”.

Timoşenko 7 il həbsə məhkum olunub. O, Rusiya ilə qaz sazişi imzalaynda səlahiyyətlərini aşmaqda ittiham olunub.
ABŞ və Avropa Birliyi bu həbsi siyasi motivli hesab edir.

QƏRBİN TƏZYİQİ YANUKOVİÇİ YUMŞALTMIR

Timoşenkonun məhkum olunması Ukraynanın Qərblə münasibətlərinə ciddi ziyan vurub.

Avropa Birliyi dekabr ayında Ukrayna ilə azad ticarət və siyasi assosiasiya sazişləri bağlamaq istəyirdi, ancaq bunu təxirə saldı və səbəb kimi Timoşenko məsələsini göstərdi.
Avropa Birliyi bildirdi ki, Ukraynada ədalət ayrı-seçkiliklə həyata keçirilir.

Ancaq Yanukoviç hökuməti Qərbin təzyiqlərinə baxmayaraq geri çəkilmək fikrində deyil. Timoşenkoya qarşı yeni cinayət işləri açılır.

SİYASİ DÜŞMƏNLƏR

Timoşenko və Yanukoviç siyasi rəqibdən çox, siyasi düşmənlərdirlər.

Timoşenkonun əsas rol oynadığı narıncı inqilab 2004-cü ildə Yanukoviçin prezident seçkilərində qələbəsini ləğv etdirdi.

2010-cu ildə isə Yanukoviç prezident seçkilərində məhz Timoşenkoya qalib gəldi.

Timoşenko 2009-cu ildə Rusiya ilə bağlanan qaz sazişində səlahiyyətlərini aşmasını inkar edir.
O deyir ki, hakimiyyət ona Linç məhkəməsi qurur, yəni özbaşına məhkum edir.

Timoşenkonun paytaxt Kiyevdəki həbsxanadan 500 km aralıdakı Xarkov həbsxanasına indiki şəraitə köçürülməsini onun vəkili Vlasenko Yanukoviçin Timoşenkonu alçaltması hesab edir.

Vəkillərin dediyinə görə Timoşenkonun səhhətində problemlər var. O çətinliklə yeriyir, bel ağrıları var.

Həbsxana rəsmiləri həkimin Timoşenkonu müayinədən keçirdiyini və lazım gələndə tibbi yardım olunduğunu deyirlər.

Ukraynada Hökmlərin İcrası Xidməti Timoşenkonun saxlandığı kameranın fotosunu da yayıb.


Timoşenkonun saxlandığı kamera
Timoşenkonun saxlandığı kamera
XS
SM
MD
LG