Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:20

Gəncədə qarğıdan səbət hörən usta ilə söhbət (VİDEO)


Səbət hörən usta
Gözlə
Embed

No media source currently available

0:00 0:01:28 0:00
Direct-ə keçid

Vilayət Behbudov deyir ki, bayram vaxtlarında imkanlı adamlar «yuxarı vəzifəlilərə» də sovqat göndərirlər.

57 yaşlı Vilayət Behbudov Gəncədə illərdir hörüb satdığı səbətləri ilə məşhurdur. 10 yaşından bu yana qarğıdan səbət hörür. Deyir ki, bu sənəti atasından öyrənib. Elə babası da uzun illər səbətçi olub. İndiyədək yüzlərlə səbət hörən Vilayət Behbudov bu işin qədim əl sənəti olmasından danışır:

«Bu, Gəncənin ən qədim sənətlərindəndir. Bu, irsən keçir. Hansı ki, dədə-babalarımız səbət hörüb, indi də bu sənəti mən davam etdirirəm. Öyrənən üçün heç bir çətinliyi yoxdur».

Vilayət Behbudovun evində kiçik bir emalatxanası da var. Ancaq bizimlə Gəncənin mərkəzi bazarında səbət satdığı yerdə söhbət edir. Deyir ki, bayram vaxtı alveri yaxşı olur deyə, elə bütün günü bazarda keçirir. Tədarükünü bayramdan 1 ay qabaq görüb. 100-ə yaxın səbət düzəldib. Ətrafına düzdüyü səbətlərin hamısı qarğıdan hazırlanıb.
Vilayət Behbudov
Vilayət Behbudov
Deməsinə görə, qarğıya bəzək vermək üçün palıd ağacının asan əyilən budaqlarından istifadə edir:

«BAYRAMDIR DEYƏ, SƏBƏT ÇOX SATILIR»

«Qarğı əllə doğranır. Əl işidir. Yarırsan qarğını. Qarğını gərək nazik yarasan ki, səbət səliqəli çıxa. Bax, bu səbət çox incədir. Bu səbəti bağça, məktəb uşaqları rəqsdə istifadə edirlər. Bu səbət də meyvə səbətidir. Şənlik yerlərində, qədim ornament kimi stola qoyurlar. İçində də meyvə. Novruz bayramında, Yeni ildə buna sovqat yığıb, hədiyə edirlər. Qohum-əqrəba arasında imkanlı adamlar var imkansızlara bir səbət bazarlıq yollayırlar. Səbəti nişanlı qızlara da yollayırlar. ​Bayramdır deyə, səbət çox satılır».

Vilayət Behbudov deyir ki, bayram vaxtlarında imkanlı adamlar «yuxarı vəzifəlilərə» də sovqat göndərirlər. 10-15 belə daimi müştərisinin olduğunu bildirir.

Səbətlər ölçülərinə görə müxtəlif qiymətə olur. Vilayət Behbudov deyir ki, 5-10 manat arası satdığı qarğı səbətdən elə də çox gəlir götürmür.
Səbətlər 5-10 manatadır
Səbətlər 5-10 manatadır
Deməsinə görə, səbət düzəltməkdə bir məqsədi də bu sənəti inkişaf etdirib nəvələrinə miras qoymaqdır:

«SƏBƏT BAYRAM VAXTI 8-10 MANATDIR»

«Qarğının bağlaması 5-6 manatdır. Palıd budaqlarından düzəltmə buruqların qiyməti də bahadır. Elə səbət var 3 buruq işlədirəm. Baxır səbətin diametrinə. 5 manatdan 10 manata kimi satıram. Səbət bayram vaxtı 8-10 manatdır. Elə də baha satmıram. İncəliklərini bilirəm, elə olur qapaqlı, ikigözlü səbət də hörürəm. 10 yaşımdan bu işlə məşğulam. İri səbətlərdə bir qarğını 3-4 yerə bölürsən, balaca səbətlər üçün 10-12 yerə bölürsən. Qarğı nazik olsa, yumşaq olur. Bəzək vermək üçün buruqdan, söyüd ağacından istifadə olunur».

Səbətçi Vilayət Behbudov söhbətimizin sonunda bir arzusunu da dilə gətirdi:

«Mənim burda bir dükanım ola, xaricdən gələn qonaqlarımız gəlib il işlərimə baxalar...».
XS
SM
MD
LG