Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:13

Bakı bulvarında yeniliklər - Yeni ildən «Eurovision»a qədər


Nazim Məcidov
Nazim Məcidov
«Bulvar «Eurovision»a qədər 4 km yox, 7 km-lik bir məsafəni əhatə edəcək».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına Bakı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov söylədi.

İŞLƏRİN 60 FAİZİ GÖRÜLÜB

O deyir ki, daha 3 km məsafədə işlərin 60 faizi yekunlaşıb: «Ən çətin işlər--ərazinin təmizlənməsi, tikililərin çıxarılması, yeni bulvarın salınması üçün beton örtüyün tökülməsi və s. görülüb. Hazırda orada abadlıq işləri aparılır».

N.Məcidov İdman Sarayından Bayraq meydanına qədər olan yeni ərazinin birinci xəttinin sahilboyu hissəsində də iş getdiyini bildirdi: «Köhnə Bulvardakı kimi, gözəl daşlarla örtülüb. Daşların rəngində cüzi fərq var. Sahilboyu məhəccərlər tikilib. İndi bir xətt yaşıllıq sahəsi salmağı düşünürük. Bura həm Azərbaycanda bitən və kölgəlik salan ağaclar, həm də xaricdən gətirilmiş xüsusi gözəlliyi olan nadir ağaclar əkəcəyik. Yəqin ki, mart ayında bu yaşıllaşma işlərini də başa vuracağıq».

İŞÇİLƏR İNGİLİSCƏ DANIŞACAQLAR

N.Məcidov Bulvar İdarəsinin «Eurovision»la bağlı bir sıra tədbirlər hazırladığını da dedi: «Onlardan biri mühafizə xidmətinin bəzi işçilərinin və restoran-kafelərdə çalışanların ingilis dili kurslarına cəlb olunmasıdır. Onlar dil öyrənəcəklər ki, xarici qonaqlarla ünsiyyətdə olmağı bacarsınlar. Bir də hər yerdə post-terminallar quraşdırılacaq ki, qonaqlar istədikləri yerdə ödəniş edə bilsinlər».

ŞAD XƏBƏR VAR!

Bulvar İdarəsinin rəsmisi bir şad xəbərlə də bakılıları sevindirəcəklərini söylədi: ««Eurovision»a qədər Bakı Bulvarında bir xətt də fəaliyyətə başlayacaq. «Yüngül avtomobillər—Bulvar ərazisində hərəkət üçün hesablanmış avtomobillər—Bulvar taksiləri, qatarlar işə düşəcək».

BULVARDA VELOSİPED SÜRMƏK OLACAQ!

Qonağımız hər zaman «Can Bakı» proqramında dinləyicilərin ondan soruşduqları bir suala da nəhayət ki, müsbət cavab verə biləcəyini açıqladı: «Bizdə velosiped sürmək istəyənlər üçün məhdudiyyətlər var. Əhalinin gur vaxtı biz buna icazə vermirik. Amma yeni ərazidə xüsusi seçilmiş bir xətt olacaq—bu, velosipedsürənlər üçündür. Onlar düz 24 saat bu ərazidə velosiped sürə bilərlər».

ŞƏNBƏ GÜNÜ ATTRAKSİONLAR PULSUZ OLACAQ

N.Məcidov 6 aydır keçirdikləri bir aksiyanın davamından da danışdı: «Yeni il ərəfəsində Dənizkənarı Bulvar İdarəsi bir sıra tədbirlər hazırlayıb. Fürsətdən yararlanıb bildirirəm ki, dekabrın 17-də səhər saat 9:00-dan saat 13:00-a qədər Bulvarda bütün attraksionlar və karusellər 15 yaşınadək uşaqlar üçün pulsuz olacaq.
Bakı bulvarı
Bakı bulvarı
Hamını dəvət edirik».

8 YERDƏ YOLKALAR QURULACAQ

Qonağımız Yeni il ərəfəsində 8 yerdə şam ağacları quraşdıracaqlarını da bildirdi: «Ən möhtəşəmi—Kukla Teatrının arxasındakı meydançada olacaq. Artıq detalları da gətirilib, bu günlərdə quraşdırılacaq. Orada şəhərdə ən böyük monitorumuz da var. Orada da Yeni ilə həsr olunmuş filmlər, proqramlar nümayiş olunacaq».

BULVARIN BUZ MEYDANÇASI DA OLACAQ

Buz meydançasının artıq hazır olduğunu deyən N.Məcidov bir nüansa diqqət çəkdi: «Onun üstü açıq olduğu üçün hava +10 dərəcədən aşağı olmalıdır. Havanın temperaturu nə vaxt bu həddə düşsə, buz meydançası da işə başlayacaq. Hava uyğun olsa, düz marta qədər şəhər sakinlərinin istifadəsində olacaq».

ŞAXTA BABANI BƏYƏNMƏYƏNLƏR VARMIŞ?!

N.Məcidov son günlər mediada dolaşan «İntellektual Şaxta baba» axtarışından da söz açdı: «Yaxşı olardı ki, Şaxta baba olmaq istəyənlər bir az Azərbaycan nağıllarından, folklorundan xəbərdar olsun. Uşaqları əyləndirməyi bacarsın. Mahnı oxumağı, hətta yeri gələndə əsl baba kimi ağır-ağır rəqs etməyi bacarsın. Qarqızıları da həmçinin--nəcib, zərif olmalı və ümumi səviyyələri yüksək olmalıdır…» .
XS
SM
MD
LG