Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:31

İnqilab doğrudanmı təkcə xaos gətirir?


Bəxtiyar Hacıyev, 30 sentyabr 2010
Bəxtiyar Hacıyev, 30 sentyabr 2010
Hazırda həbsxanada olan gənc fəal Bəxtiyar Hacıyev AzadlıqRadiosuna öz məqaləsini göndərib. Müəllif burada ərəb inqilablarının bu ölkələrə xaos gətirməsi barədə Azərbaycanın rəsmi mətbuatında gedən fikirlərə münasibətini ifadə edir.
Bəxtiyar Hacıyevin məqaləsini təqdim edirik:

“Yeni Azərbaycan” qəzetinin 9 dekabr 2011-ci il tarixli sayının ilk səhifəsindəki başlıq diqqətimi cəlb etdi. “İnqilab Liviyaya nə gətirdi: Azadlıq, yoxsa anarxiya?”

Təbii ki, yazıda inqilabın sabitliyə təhlükə törətməsindən, xalqların azadlıq istəyinin özbaşınalığa, qarşıdurmaya, xaosa gətirib çıxarmasından danışılır. İlk cümlədən hər şey aydın olur: “Demokratik azadlıqlarla kütlələrin şüurundakı “azadlıq” anlayışlarının bir-birindən fərqlənməsi Liviyada indiki vəziyyətin daha çox özbaşınalığa bənzəməsinə gətirib çıxarıb.”

Avtoritar üsulla idarə olunan digər ölkələr kimi, Azərbaycan da yaxın keçmişə qədər həm beynəlxalq ictimaiyyəti, həm də vətəndaşlarımızı “biz olmasaq xaos olar” arqumentinə inandırmağı bacarmışdı. Lakin bu arqument bu gün öz gücünü itirib.
“Foreign Affairs” jurnalının may-iyun buraxılışında “Ərəb baharı” prosesini analiz edən analitiklərin bir çoxunun gəldiyi qənaət odur ki, inqilablardan sonrakı qarışıqlıq, qeyri-müəyyənliyin səbəbi inqilabın özü yox, inqilaba qədər insanların fikir və söz azadlığının pozulmasıdır.

N.N.Taleb və M.Blyth iddia edirlər ki, “sabitlik adına dəyişkənliyin, kiçik titrəyişlərin suni yollarla boğulması sistemləri daha təhlükəli, riskləri isə görünməz edir.” “Səssiz azadlığın, müəyyən dəyişkənliyi olmayan sabitlik”in mümkün olmayacağını deyən müəlliflər ABŞ rəhbərliyinə psevdo-sabitliyin qorunması üçün öz xalqlarının azadlıq istəyini boğan rejimləri dəstəkləməməyi tövsiyyə edirlər.
Narazılığın, risklərin və təhlükənin üzə çıxmasının qarşısını süni yollarla almağa çalışmaq, yığılmış narazılığın və təhlükələrin ani olaraq partlamasına gətirib çıxara bilər. Liviyadakı kimi...

Noyabrın əvvəlində ABŞ dövlət katibi H.Klinton Milli Demokratiya İnstitutundakı çıxışı zamanı buna bənzər yeni fikirlər səsləndirmiş, uzun müddət avtoritar liderlərlə sabitlik uğrunda çalışdıqlarını etiraf etmiş, bundan sonra xalqların azadlıq istəyini dəstəkləyəcəklərini, bunun ABŞ-ın strateji maraqlarına cavab verdiyini bildirmişdi.

Daxili auditoriya da inqilabın həmişə qarışıqlıq gətirdiyinə inanmır. Sadə Azərbaycan vətəndaşlarının qonşu Gürcüstanda inqilabdan sonrakı islahatlara münasibətini, ora səfər edənlərin təəssüratlarının necə paylaşılmasını, sosial şəbəkələrdə Gürcüstanda korrupsiya ilə mübarizə xəbərlərinin necə sürətlə yayılmasını və bəyənilməsini müşahidə etmək çətin deyil.

“Yeni Azərbaycan” qəzetində inqilabın qarışıqlıq yaratması haqqında yazını oxuyanlar “The Economist” jurnalında Gürcüstanın tam səhifə reklam verərək qürurla “2005-2010-cu illərdə dünyanın 1 saylı islahatçı ölkəsi” adlandırılmasını, Transparency International təşkilatının hesabatında korrupsiya səviyyəsinə görə Azərbaycanın Gürcüstandan 79 pillə geri qalmasını da xatırlayırlar.

Azərbaycan hakimiyyəti köhnə üsullarla və köhnə arqumentlərlə problemlərini gizlətməyə çalışmaqdansa, onu islahata səsləyənləri dinləməyi bacarmalı, narazılığın müəyyən səviyyədə ifadə olunmasına imkan verməli, informasiyanın aşağıdan yuxarı doğru getməsinə şərait yaratmalıdır. Narazılığın, risklərin və təhlükənin zamanla üzə çıxmasının qarşısını süni yollarla almağa çalışmaq, yığılmış narazılığın, risklərin və təhlükələrin ani olaraq partlamasına gətirib çıxara bilər. Liviyadakı kimi ...

Bəxtiyar Hacıyev
14 saylı cəzaçəkmə müəssisəsi,
Qaradağ rayon, Qızıldaş qəsəbəsi.


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Keçmiş deputatlığa namizəd, ABŞ-ın Harvard universiteti məzunu Bəxtiyar Hacıyev 2011-ci ilin mayında 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib. Yerli və beynəlxalq hüquq müdafiəçiləri onun həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğuna inanır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG