Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Magistrantların əsgərliyə aparılması parlamentdə çəkişmə yaradıb


Arxiv şəkil
Arxiv şəkil
-

“Magistraturaya qəbul olunan oğlanlara hərbi xidmətə çağırışdan möhlət hüququ verilməlidir. Çünki hərbi xidmətdən sonra bilgilər əvvəlki səviyyədə olmur və təhsili davam etdirməyə alışmaq çətinləşir”.

Bunu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin son kursunda təhsil alan və magistraturaya imtahan verməyə hazırlaşan Fərahim Məmmədov deyir.

Fərahim Məmmədov hesab edir ki, magistraturanı bitirmiş gənc bir əsgər kimi də daha yetkin, yararlı ola bilər.

Dekabrın 13-də Milli Məclis “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsini birinci oxunuşda müzakirə etdi. Bu müzakirədə ən çox dartışılan məsələ magistraturaya qəbul olanlara hərbi xidmətdən möhlət verilməsi hüququnun yeni qanuna əlavə edilməməsi oldu.

Hazırda qüvvədə olan qanuna görə ali məktəblərin magistratura pilləsinə qəbul olanlar hərbi xidmətə gedir, xidmət müddətini başa vurandan sonra isə təhsillərini davam etdirirlər.

PARLAMENTDƏ "MÖHLƏT" ÇƏKİŞMƏSİ

Bəzi deputatlar – Zahid Oruc, Jalə Əliyeva, Qənirə Paşayevə və başqaları hesab edirlər ki, magistraturaya qəbul olunanlara hərbi xidmətə çağırışdan möhlət verilməlidir. Çünki bu, hərbi xidmətdən yayınmaq yox, onu bir qədər sonra keçməkdir. Onların fikrincə, bu zəruri addım təhsildə fasiləsizliyin təmin olunmasına xidmət edər.

Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev son illərin statistikasına istinad edərək deyir ki, hər il magistraturaya qəbul olanların təxminən 40-42 faizini oğlanlar təşkil edir. Onun fikrincə, bu hərbi xidmətdən möhlət üçün elə də böyük göstərici deyil. Əksinə, əgər gənclər hərbi xidmətə magistraturanı bitirdikdən sonra getsələr, bu orduda daha savadlı əsgərlərin xidmət etməsinə zəmin yaradar. Amma indiki halda magistraturadan möhlət hüququnun verilməməsi, ali məktəblərdə kadr potensialının formalaşmasına və elmin inkişafına mənfi təsir göstərir.

CƏMİ 3-5 FAİZ ELM DALINCA, QALANLARI...

Deputat Siyavuş Novruzov isə bunun əksini düşünür. Deyir ki, magistraturanı bitirən oğlanların heç 3 faizi də sonra elmi fəaliyyətlə məşğul olmur:

“Yəni 1700-1800 nəfərin cəmi 3-5-i elm dalınca gedir. Qalanları isə, Vergidə, Gömrükdə özünə iş tapmaq üçün magistraturanı oxuyur. Əgər onlar elm arxasınca gedəcəklərsə, biz ikiəlli bu məsələyə razı olardıq. Çünki magistratura hələ elmlə məşğul olmaq sistemi demək deyil”.

ÖLKƏDƏ ÇAĞIRIŞÇI PROBLEMİ VAR?

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun fikrincə, magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməlidir. Çünki, bakalavr sistemini bitirənlərin olan-qalan biliyi də hərbi xidmətdə zay olub gedir:

“Axı niyə elm adamı gömrükdə, yaxud da vergilərdə işləməyə meyllənməlidir? Qoy, hörmətli deputatlar və parlamentin müdafiə və təhlükəsizlik komitəsinin üzvləri buna cavab tapsınlar. Azərbaycanda məgər çağırışçı problemi var ki, magistraturaya qəbul olunanlara möhlət vermirlər? Bu məsələni gündəmə gətirənlər güc strukturlarında hansı şəraiti yaradırlar ki, həmin magistraturaya qəbul olub hərbi xidmətə çağırılanlar həmin dövrdə biliklərini də qoruyub saxlaya bilsinlər?”

6 AYLIQ MÖHLƏT...

Qanun layihəsində bir sıra yeniliklər nəzərdə tutulur. Məsələn, indiyə qədər ali məktəblərdən qovulan tələbələr dərhal hərbi xidmətə çağırılırdılarsa, yeni qanun onlara 6 ay möhlət verəcək. Bu müddət ərzində ali məktəbdən qovulmuş tələbə öz hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmək imkanı qazanacaq.

Bundan əlavə, mövcud qanunvericiliyə görə, hərbi xidmət keçərkən ehtiyatsızlıqdan və ya bilərəkdən cinayət törətmiş gənclər azadlıqdan məhrumetmə cəzası aldıqda həmin müddətə qədər çəkdikləri hərbi xidmət nəzərə alınmırdı. Yəni həmin şəxslər cəzalarını çəkəndən sonra yenidən 18 ay hərbi xidmət keçirdilər. Yeni qanunda isə qeyd edilir ki, bu halda əsgər cəza müddətini bitirdikdən sonra hərbi xidmətinin yarımçıq qalan hissəsini çəkəcəklər.

Qanun layihəsinin parlamentdə dekabrın 13-də müzakirəsi zamanı üzərində çox dayanılan digər məsələ ailənin tək oğlunun hərbi xidmətə çağırılması oldu. Yenə də fikirlər fərqli idi. Tək oğulların əsgərliyə aparılmasının əleyhinə olanlarla yanaşı bu təklifə qarşı çıxanlar da var idi.

Üzeyir Cəfərov isə hesab edir ki, evin tək oğlunu hərbi xidmətə aparmaq düz deyil. Əgər orduda onun başına bir hadisə gəlsə, həmin nəslin davamçısı qalmır. Artıq Azərbaycanda belə hallar baş verib. Heç olmasa bundan sonra bunun qarşısını almaq lazımdır.

Qanun birinci oxunuşda qəbul edilib. Parlamentin qarşıdakı iclaslarında daha iki oxunuşda və prezidentin imzalamasından sonra o qüvvəyə minəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG