Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:08

İctimai Palata mülkiyyət hüquqlarının müdafiəsinə qalxdı


Foto: Arxiv
Foto: Arxiv
«GECƏ SAAT 12-DƏN SONRA EVLƏRİMİZİ SÖKÜRLƏR»

«Bizim binada 11 dəfə yanğın olub. Biz Yanğın Söndürmə İdarəsinə zəng vuranda bizə bildirdilər ki, Səməd Vurğun, 49 ünvanı balansdan silinib».

Bakı sakini, 63 yaşlı Başxanım Abbasova Səməd Vurğun, 49 ünvanında yerləşən binadakı 16 mənzildən birinin sahibdir. Bu bina 1867-ci ildə inşa olunub. Tarixi bina kimi Mədəniyyət və Türizm Nazirliyində qeydiyyata alınıb. Başxanım Abbasova deyir ki, bu ilin avqustundan onun yaşadığı binanın sökülməsinə başlanılıb. Binanın bir neçə sakini ilə birlikdə Başxanım Abbasova ədalətli kompensasiya tələbi ilə yerli iqtisad məhkəməsinə müraciət edib. İqtisad məhkəməsi proses yekunlaşanacan söküntü işlərinin dayandırılması ilə bağlı qətnamə çıxarıb:

«Amma buna baxmayaraq gecə saat 12-dən sonra qəfildən fəhlələr binanı sökməyə başlayırlar. Mənim ailəm 9 nəfərdən ibarətdir. 4 və 3 aylıq iki azyaşlı uşaq var. Bu bina bəy binası olduğuna görə, bura xüsusi saxsı borularla Şollar suyu çəkilib. 25 ildir bu binada yaşayırıq, bir saniyə də olsun su kəsilməyib. İndi bu Şollar suyunu bilərəkdən yararsız hala salıb, binanın zirzəmisinə axıdırlar. Bilərəkdən binanı yararsız vəziyyətə salmaq istəyirlər ki, sakinlər məcbur olub buradan köçsünlər».

«YÜZ MİNLƏRLƏ İNSANIN MÜLKİYYƏT HÜQUQU POZULUB»

Dekabrın 13-də İctimai Palatanın mülkiyyət hüququnun pozulmasına dair müzakirəsində AXCP-nin sədri Əli Kərimli bildirdi ki, son 18 ildə mülkiyyət hüququnun pozulması ölkənin ən aktual problemlərindən birinə çevrilib:

İctimai Palatanın müzakirəsi
İctimai Palatanın müzakirəsi
«Hakimiyyət «Eurovision» müsabiqəsinin keçirilməsi, «Qış Parkının» salınması və başqa bəhanələrlə təkcə son illər yüz minlərlə insanın mülkiyyət hüququnu pozub».

Əli Kərimli təklif etdi ki, mülkiyyət hüquqlarının pozulmasına son qoyulması tələbi ilə imzatoplama kampaniyasına başlanılsın.

«AĞILLI ADAMLAR BAŞQASININ BAŞINA GƏLƏNLƏRDƏN DƏRS ALIR»

Hüquqşünas Seyid Feyzulla deyir ki, Azərbaycanda mülkiyyət hüququnun pozulmasının başlıca səbəblərindən biri insanların yalnız öz hüquqları haqda düşünməsidir:

«Sədi Şirazi deyirdi ki, şah rəiyyət bağından bir alma dərsə, nökər ağacı kökündən çıxarar. Hara dönürsən, ölkədə insanların hüquqları pozulur. Bunun bir səbəbi var –yarıtmaz hakimiyyət. Axmaq adamlar öz başına gəlmiş hadisədən, ağıllı adamlar isə başqasının başına gələn hadisədən dərs alırlar».

İCTİMAİ PALATA YENİ İŞÇİ QRUPU YARATDI

İctimai Palata dekabrın 13-də mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı iqtisadçı, vəkil və hüquqşunaslardan ibarət xüsusi işçi qrupunun yaradılması ilə bağlı qərar qəbul etdi. Bildirildi ki, isçi qrupu hələlik mülkiyyət hüquqlarının pozulması və öz hüquqlarının müdafiəsində vətəndaşlara yardım göstərilməsi faktlarının araşdırılması ilə məşğul olacaq.

Müsavat başqanı İsa Qəmbər yeni işçi qrupun mülkiyyət hüququ pozuntusunun qarşısının alınması üçün ciddi iş görəcəyinə inandığını deyir:

«Bu işçi qrup bütün mülkiyyəti pozulmuş insanlara arxa olmağı bacarmalıdır. Kiçik bir daxmasını belə müdafiə etməyə çalışan insanın problemlərini dəqiqətdə saxlamağa çalışacayıq. İnanırıq ki, ölkədə vəziyyətin dəyişməsində bu qrupun çox böyük köməyi olacaq».

BİR TƏRƏFDƏ – HÖKUMƏT, DİGƏR TƏRƏFDƏ – HÜQUQU POZULAN VƏTƏNDAŞLAR

Çingiz Qənizadə
Çingiz Qənizadə
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, millət vəkili Çingiz Qənizədə mülkiyyət hüququ ilə bağlı yaradılmış yeni işçi qrupun hər hansı real nəticələr əldə edəcəyini inandırıcı hesab etmir:

«İctimai Palatanın mülkiyyət hüququnun qorunması ilə bağlı qrup yaratması mənasız bir şeydir. Onların indən sonra deyəcəklərini şikayətçilər artıq özləri deyiblər. Yəni, heç bir əhəmiyyəti yoxdur, real bir nəticə əldə olunmayacaq. Problemin real həlli icra strukturları ilə danışıqların aparılmasıdır. Onlarla hər hansı razılaşmalar əldə olunmalıdır. Bundan başqa mübarizə yolu yoxdur. Çünki burada bir tərəfdə ölkədə yenidənqurma işləri aparan hökumət, digər tərəfdə isə mülkiyyət hüququ pozulan sadə vətəndaşlar durur».

Çingiz Qənizadə bu problemin Milli Məclisdə qaldırılmasını da əhəmiyyətsiz hesab edir. Onun sözlərinə görə, hüquq müdafiəçiləri, hökumət və qeyri-hökumət nümayəndələri problemin həlli üçün konkret təkliflərlə icra strukturlarına müraciət etməlidir. Lazım gəldikdə isə məhkəməyə müraciət edə bilərlər.

Hazırda evi sökülən Başxanım Abbasova isə deyir ki, dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşüb. Avqust ayından məhkəyə müraciət etsə də hər dəfə hakimin dəyişdirilməsi və müxtəlif səbəblərlə məhkəmə prosesi təxirə salınıb. Başxanım Abbasova deyir ki, mübarizə aparmaq üçün yeganə yol bütün mülkiyyət hüququ pozulanların birləşərək birgə mübarizə aparmasıdır.
XS
SM
MD
LG