Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:22

Kəmaləddin Heydərov: «Bayılda sürüşmənin qarşısı alınacaq»


Kəmaləddin Heydərov
Kəmaləddin Heydərov
«Bayılda sürüşmənin qarşısı müasir üsullarla alınacaq».

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov belə deyib.

AzadlıqRadiosunun «Bayıl yamacındakı sürüşmə şəhər üçün hansı təhlükəni törədə bilər» sualına cavabında o, bunları deyib:

- Yaponiyadan mütəxəssislər dəvət etmişik. Bayılda böyük bir qrup işləyir. Qrupun məqsədi sürüşmənin dərinliyini, kütlənin həcmini və harada fəsadlar törədə biləcəyini öyrənməkdir. Maksimum dərinliklərdə sınaq quyuları qazır, geoloji təbəqələrdə təhlillər aparmaqla yekun sənəd hazırlayırıq. Təbii ki, bunun qarşısı ən müasir üsullarla alınacaq. Biz artıq yapon şirkətinin yeni texnologiyaları və tətbiq edəcəyi işlərlə tanışıq. Təhqiqatlar başa çatandan sonra harada bərkitmə işləri aparılacağı haqda açıqlama verəcəyik.

- Həmin ərazidə yerləşən Şəhidlər Xiyabanı üçün təhlükə varmı?

- İndi elə bir təhlükə yoxdur. Amma bunların qarşısı bəzi yerlərdə ciddi dərəcədə, bəzi yerlərdə müəyyən dərəcədə alınmalıdır.

HOLLANDİYADAN YENİ GƏMİLƏR ALINIB

Kəmaləddin Heydərov bunu da deyib ki, Kürdə təmizləmə işləri aparmaq üçün Hollandiyadan 3 müasir, çoxfunksiyalı gəmi alınıb:

«Bu yaxınlarda onlar Kür zonasında işləməyə başlayacaqlar. Onlar Kürün dibini dərinləşdirməli və sahilbərkitmə işləri aparmalıdırlar».

Nazir yaxın günlərdə Salyan, Kürdəmir və Neftçalada qrunt sularının təmizlənməsinə də başlanacağını deyib.

«BELƏ BİNALARDA İNSAN YAŞAMAMALIDIR»

Fövqəladə Hallar naziri yeni binalar haqqında da danışıb:

«Bütün texniki şərtlərə əməl olunmadan, bina təhvil alınmadan o binalarda yaşamaq olmaz. Bir də görürsən deyirlər ki, filan binada insanlar yaşayır, amma ora qaz verilmir. Qaz təşkilatı onu qəbul etməyibsə, necə qaz vermək olar? Buna insanlar da, inşaat şirkətləri də fikir verməlidirlər. Əvvəllər buraxılan səhvləri təkrar etməməlidirlər».

Kəmaləddin Heydərov onu da əlavə edib ki, Bakıda istismar dövrü başa çatan minlərlə binada təhlil aparılır. «Xruşşovka» tipli binalarda bərkitmə işləri üçün hökumətə müraciət hazırlanır.
XS
SM
MD
LG