Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:10

Bakıda yeni media klubu yaranır?!


Arif Əliyev
Arif Əliyev
«Ruhsuz insan heç bir problemi həll edə bilməz. Problemlərin həlli üçün Bakıda ruhi oyanış baş verməlidir».

Bu sözləri «Can Bakı» proqramına «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev söylədi. O, Azərbaycan Media Mərkəzinin Bakının idarəçiliyi, hazırkı durumu ilə bağlı gerçəkləşdirəcəyi yeni layihə - «Front-layn» layihəsi barədə məlumat verdi.

BAKIYA SEVGİ VİRTUAL GÖRKƏM ALIB?!

Arif Əliyev yeni layihənin bəlkə də birbaşa problemlərin həllinə yönəlmədiyini vurğuladı: «Amma bu cəhd o ruhun dirildilməsi, oyandırılmasıdır. Cəmiyyətdə dərin bir apatiya var, etinasızlıq var. Bu, ruhun ölməsi deməkdir. Bakıya olan məhəbbət virtual görkəm alıb. Bu sevgini ancaq «Facebook»da görə bilərsən. Həyatda tamam başqa şey görürsən».

LAYİHƏMİZ RUHA YÖNƏLİB

Layihə anlayışının kimdənsə, haradansa vəsait almaq yox, içəridə, beyində olduğunu deyən qonağımız: «Layihə içəridə, beyində olur. Bizim təklif etdiyimiz layihə isə beyindən də aşağı--ruha yönəlib» dedi.

BİZ BAŞQALARININ DANIŞMADIĞINI DANIŞIRIQ

Arif Əliyev yeni layihənin həm formatının, həm də qoyulma tərzinin çox maraqlı olduğunu dedi: «Söhbət Azərbaycanda «Front-Layn» deyilən bir klubun hazırlanmasından gedir. Bu maraqlı ideya 2003-cü ildə Böyük Britaniyada—Londonda gerçəkləşib. Klub həlak olmuş jurnalistlərin xatirəsinə yaranıb. İlk vaxtlar münaqişə zonasında işləyən jurnalistləri birləşdirən mərkəz olub. Get-gedə klubun fəaliyyəti genişlənib, ziyalıları, düşüncə adamlarını, keyfiyyətli media təəssübkeşlərini toplayan bir mərkəzə çevrilib. Əsas şüarı bu olub: Biz başqalarının danışmadığı problemlərdən danışırıq».

NİYƏ BAKI?

Arif bəy ilk mövzunun niyə Bakıdan başladığına belə aydınlıq gətirdi: «Açığı, başlanmalı çox mövzu var. Niyə Bakı?
Bakı, İstiqlaliyyət küçəsi - 20 əsrin əvvəli
Bakı, İstiqlaliyyət küçəsi - 20 əsrin əvvəli
Gənc nəsildən bir addım o yana olanların hamısı deyir ki, Bakı daha o Bakı deyil. Bu intellektual təbəqəyə yaxın mövzudur. Düşündük ki, ilk olaraq ən müxtəlif təbəqənin düşüncəsini, baxışlarını birləşdirən məsələdən danışmalıyıqsa, elə Bakıdan danışmalıyıq».

BAKIDA YAŞAMAQ ÇƏTİNLƏŞİB...

Arif bəy problemi aktuallaşdıran digər məsələnin də olduğunu bildirdi: «Bakıda həyat, yaşayış doğrudan da çətinləşib. Artıq söhbət Bakının atmosferinin, tarixi abidələrinin qorunmasından getmir, daha böyük məsələlərdən gedir. Hələ bilmirik ki, qarşıdan gələn «Eurovision»la bağlı beynəlxalq aləmdə, xarici təşkilatlarda hansı proqramlar və planlar hazırlanır?».

BAKI MÖVZUSU SİLSİLƏ OLACAQ

Qonağımızın fikrincə, Bakıda baş verən bütün dəyişikliklər—küçələrin qazılmasından tutmuş viza məsələsinə qədər hər şey problemi aktuallaşdırır: «İlk tədbirimizi Bakının keçmişi və gələcəyi, nələri itirib, nələri qazanacağımıza həsr eləmək qərarına gəldik. Bir sözlə, Bakı mövzusu bir silsilə, uzun müddət davam edəcək mövzu olacaq. Şəhərə hər aspektdən—tarixi, mənəvi, idarəetmə yönündən yanaşacağıq».

BAKI DUMASINDA ƏHALİNİN İŞTİRAKI

Hazırlıq dövründə bir çox köhnə sənədləri qaldırdıqlarını deyən qonağımız heyrətləndiklərini söylədi: «Bakı Dumasının nə cür işlər gördüyü, o işlərin görülməsində əhalinin iştirakı məsələsi diqqətimizi çəkdi. Bu gün bizlər küçədə nə səbəbdən ayağımızın altının qazıldığından xəbərimiz yoxdur. Tarixi abidəni uçurub yerində bina tikirlər—biz bilmirik. Bakının Baş Planı təsdiq olunmalıdır. Amma biz jurnalistlər heç köhnə planı şəhər icra hakimiyyətindən ala bilmirik».

BAKININ İDARƏÇİLİYİ İLƏ BAĞLI QANUN HAZIRLANIR?!

Bakı - 2009
Bakı - 2009
Arif Əliyev ilk toplantıda bir məsələni önə çıxaracaqlarını vurğuladı: «Bu yaxınlarda qəzetlərdə belə bir xəbər getdi ki, Bakının idarəçiliyi haqqında xüsusi qanun hazırlanır. Qanun artıq parlamentə ötürülüb. Yarımleqal şəraitdədir. Birdən-birə müzakirəyə çıxarılacaq. Amma bu xəbərin izi itdi. Heç bir media orqanında görünmədi. Həyatımız üçün çox önəmli olan məsələyə laqeydlik bizi silkələdi və mövzunun dəqiq seçilməsinə səbəb oldu».

NÖVBƏTİ MEDİA KLUB YARANIR?

Arif Əliyev bu ideyanın çox cəlbedici olduğuna da diqqət çəkdi: «2006-cı ildən sonra başqa ölkələrdə də bu cür klublar yaranmağa və bir şəbəkədə birləşməyə başladı. Bir şəbəkəyə bağlılıq çox məsələni asanlaşdırır. Məsələn, informasiya qaynaqlarına çıxış. «Front-laynlar», bir qayda olaraq, olduqca çətin informasiya mənbələrinə çıxış əldə edə bilirlər. Julian Assange'ın təqdimatı Londonda «Front-layn»da oldu. Amma mahiyyət etibarilə bu növbəti Media-Klubdur. Bilirsiniz ki, bundan əvvəl Bakı Mətbuat Klubu vardı. Müəyyən çətinliklərə görə Klub fəaliyyətini dayandırdı. Biz düşünürük ki, şəbəkəyə qatılsaq, yenidən o çətinliklərlə qarşılaşmayacağıq».

TƏQDİMAT NƏ VAXTDIR?

Arif bəy təqdimatın dekabrın 7-də "Avropa" otelində planlaşdırıldığını bildirdi: «Bakı haqqında xüsusi bir film çəkilib. Şəhərin keçmişi, indisi, Bakı Dumasının fəaliyyəti, indiki icra hakimiyyəti ilə müqayisəsi və s. olacaq. Xüsusi sərgi hazırlanıb. Musiqilər seçilib. Eyni zamanda, ideyanın təqdimatı da burada nəzərdə tutulub».
XS
SM
MD
LG