Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:56

Zorən bakılı...


Yafəz Əkrəmoğlu
Yafəz Əkrəmoğlu
«Doğulduğum, boya-başa çatdığım Naxçıvana nisbətən Bakıda özümü daha rahat, daha azad hiss edirəm».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına radiomuzun Naxçıvan müxbiri Yafəz Əkrəmoğlu söylədi.

İLK QONAQ

«Can Bakı» proqramının açdığı yeni — «Bakıdan bölgələrə baxanda» rubrikasının ilk qonağı olan Yafəz Əkrəmoğlu 4 ildir Bakıda yaşadığını, özünü Bakılı saymadığını bildirdi: «Bakıda yaşamağa məcbur oldum. Orada yaşamağa imkan vermədilər. 2007-ci ildə məni Naxçıvandan çıxmağa məcbur etdilər. Ailəmi götürüb çıxdım».

NAXÇIVAN 70 FAİZ BOŞALIB...

Y. Əkrəmoğlu Naxçıvanın 70 faiz boşaldığını iddia etdi: «Camaat çıxıb ordan. Fəal kəsim qalmayıb. Əksəriyyət Bakıda, xarici ölkələrdədir».

ÇİRKLƏNDİRMƏYƏ ADAM YOXDUR?!

Aparıcının: «Televizorda Naxçıvan çox qəribə görünür. Təmiz, səliqəli, aydın səmalı, amma adamsız» fikrini Y. Əkrəmoğlu belə tamamladı: «Mənə də hərdən deyirlər ki, nə var, Naxçıvan çox səliqəlidir, gözəldir. Elələrinə konkret cavabım var: Çünki çirkləndirməyə adam yoxdur!».

İMƏCİLİK NORMAYA ÇEVRİLİB

Müxbirimiz bu bölgədə iməciliyin normaya çevrildiyini bildirdi: «Hər şənbə-bazar bütün ziyalılar küçə süpürürlər».

AZAD SÖZƏ BASQI VAR

Y. Əkrəmoğlu muxtar respublikada azad mətbuatın olmadığı fikrindədir: «3-4 azadfikirli jurnalist var, onların da ağlasığmaz üsullarla qarşısını alırlar...».

SADƏ ADAMLAR NECƏ YAŞAYIR?

Naxçıvan şəhəri
Naxçıvan şəhəri
Y. Əkrəmoğlu Naxçıvanda çox şeyin adiləşdiyini söylədi: «Qıraqdan baxanda heyrət doğuran işlər baş verir. Amma orada ona adi yanaşırlar. Çox çətin yaşayırlar. Dolanışıq yoxdur. Maaş çox aşağıdır. Xarici ölkələrdə işləyənlər ailəsinə pul göndərir».

ÖZÜM ŞAHTAXTI KƏNDİNDƏNƏM...

Məşhur Şahtaxtı kəndindən olan Yafəz vaxtilə kənddə gömrük məntəqəsi olduğunu bildirdi: «Təxminən 7-8 il öncə ətraf kəndlər də sərhəddə alverlə dolanırdı. İndi mal buraxılmır. Bu yaxınlarda mən o, məntəqədə oldum. Deyilənə görə, bu səlahiyyət bir-iki nəfərin əlindədir, ancaq onlar mal gətirə bilər. Camaatın hətta ev üçün gətirdiyi bəzi ərzaq məhsullarını belə buraxmırlar. Əvvəllər Türkiyədə 3 ay işləməyə icazə verirdilər. İndi onu da bir aya endiriblər. Getməyə dəyməz».

ZİYALILAR NECƏ DOLANIR?

«Dörd ildir Bakıda yaşayırsan, Naxçıvanlı ziyalıların bakılı ziyalıdan nə fərqi var» sualı belə cavablandı: «Naxçıvan ziyalıları özlərini aşağı səviyyədə--aşağılanmış hiss edir. Çünki müəllim şagirdlə bərabər küçə süpürməyə çıxır. Etiraz etsə, işini itirər».

XƏSTƏ NİYƏ KEÇİNDİ?

Naxçıvan müxbirimiz həkim dostundan bir etiraf eşitdiyini də danışdı: «Onları da hər şənbə-bazar küçə süpürməyə, ağac dibi açmağa, ot yolmağa aparırlar. Ürəkağrısı ilə deyir ki, bu yaxınlarda bizim xəstəxanaya mənim sahəmə aid bir xəstə gətirdilər. 3 km uzaqda iməcilikdə olduğumuzdan xəstə keçindi. Vaxtında müdaxilə etsəydim, sağaldardım. İndi vicdan əzabı çəkirəm».

MƏKTƏBDƏN MƏHƏMMƏD AĞANIN ADI NİYƏ GÖTÜRÜLDÜ?

Y. Əkrəmoğlu oxuduğu Şahtaxtı kənd məktəbindən də danışdı: «Özüm o məktəbi bitirmişəm. Məktəbdə asılan «Məhəmməd Ağa Şahtaxtlı adına orta məktəb» sözlərini çox fəxrlə oxuyurdum. 2005-ci ildə onun adını məktəbdən götürdülər. Zərifə Əliyevanın adını verdilər. Məhəmməd Ağa şərqşünas olub, publisist olub. Çox böyük ziyalı olub. Sovet dövründə onu unutdurmuşdular. 70-ci illərdə özünün yaratdığı məktəbə elə öz adını verdilər.
Foto: Arxiv
Foto: Arxiv
​İndi də belə. Zərifə xanım gözəl oftalmoloq ola bilər, amma fikrimcə, bu ada daha çox Məhəmməd Ağa layiq idi».

NİYƏ DEPORTASİYA OLUNMUŞDUN?

Müxbirimiz son vaxtlar mətbuatda Naxçıvanda işgəncə faktlarının artmasıyla bağlı məlumatların çoxaldığını dedi: «O vaxt bir naxçıvanlının MTN-də döyülüb öldürülməsi xəbəri yayılmışdı. Bu işi araşdırmaq üçün getmişdim. Hiss elədim ki, öldürülənin yaxınlarına təzyiq var və bu işə nöqtə qoymaq istəyirlər. Mənim araşdırmam yerli hakimiyyətin xoşuna gəlmədi və məni Naxçıvandan deportasiya elədilər. Bir ay qayıtmamaq tələbi qoydular və məsələni yatırdılar. Yəni sırf jurnalist fəaliyyətimlə bağlı idi. Məni Culfa gömrüyünə gətirdilər. Bildim ki, İrana keçirmək istəyirlər. Dedim, gedirəm, məni aeroporta aparın. Dedilər, belə əmr olunub. İrana getməlisən».

BİR «CAN NAXÇIVAN!» SÖYLƏRSƏNMİ?

Sonda aparıcının bu ənənəvi xahişini Y. Əkrəmoğlu belə cavabladı: ««Can» sözü iki mənadadır. Biri sevinc ifadə edir--mən «Can Bakı!» deyəndə, o mənada dedim. Kiminsə kədəri, dərdi olanda da ona can deyirsən. Mən ikinci mənada deyərəm: «Can Naxçıvan!».
XS
SM
MD
LG