Noyabrın 28-də Yerevanda Azərbaycan, Ermənistan və Rusiyanın dini liderlərinin üçtərəfli görüşü keçirilib. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın Patriarxı Birinci Kiril, erməni katalikosu İkinci Qaregin həmçinin birgə bəyanatla çıxış ediblər. Bəyanatda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindən snayperlərin geri çəkilməsinə çağırılır.
Dini liderlər Yerevanda keçirilən Müstəqil Dövlətlər Birliyi ölkələri Dinlərarası Şurasının iclası çərçivəsində bir araya gəliblər. İclasda çıxış edən Ermənistan prezidenti Serj Sarkisian Qarabağ münaqişəsinə toxunaraq deyib ki, bu problem qarşılıqlı anlaşma və əməkdaşlıq yolu ilə həll edilməlidir, gərginliyi artıran hədələrlə yox:
«Hətta, münasib cavab alacağımıza əmin olmasaq da biz birinci olaraq dostluq əlimizi uzatmışıq. Çətin qərarların qəbulu zamanı məyusluq yaradan hərəkətlər ağrılı nəticələrə səbəb ola bilər. Bilirsiz ki, Qarabağ bizim ən böyük ağrımızdır».
Serzh Sargsyan bildirir ki, Qarabağ münaqişəsinin yeganə həll yolu, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqlarıdır. Onlar da fəaliyyətlərini yalnız bu yolla davam etdirəcəklər, münaqişənin həlli üçün başqa yollar nə erməni xalqına, nə də qonşu xalqlara yaxşı bir şey vəd etmir.
ALLAHŞÜKÜR PAŞAZADƏ YEREVANDA BMT-NİN QƏTNAMƏLƏRİNİN İCRA EDİLMƏDİYİNİ DEYİB
Sarkisian hesab edir ki, bu münaqişəyə dini don geyindirmək də yolverilməzdir:
«Bizim xalqların tapındıqları iki böyük dini – islamla xristianlığı üz-üzə qoymağa kimsəyə icazə verilməməlidir. Münaqişə çərçivəsində tarixi, dini və mədəni abidələrin dağıdılmasına da imkan verilməməlidir. Bu auditoriya qarşısında mən Ermənistan Respublikası adından bu cür dəyərlərin qorunmasında öhdəliklərimizi bir daha təsdiq edirəm».
Allahşükür Paşazadə də çıxışında Qarabağ münaqişəsinin həlli üçün danışıqlara toxunub. Amma onun çıxışı ərəfəsində Ermənistan prezidenti konfransı tərk edib. Aparıcı olan Moskva və bütün Rusiyanın Partiraxı Kirill deyib ki, prezident Sargsyanın başqa işləri olduğu üçün sona qədər qala bilmir.
Allahşükür Paşazadə çıxışında təəssüflə bildirib ki, hazırda MDB məkanında, o cümlədən də Qafqazda çox sayda insan qaçqın vəziyyətində yaşayır:
«Biz Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in Minsk Qrupuna sədrlik edən ölkələrin, eləcə də öz ölkələrimizin liderlərinin bu münaqişənin həlli ilə bağlı cəhdlərini alqışlayırıq. Eyni zamanda qeyd edilməlidir ki, təəssüf ki, BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qətnamələri icra edilməyib. Minsk Qrupunun da çoxillik cəhdləri nəticə verməyib».