Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:13

İsrail naziri Bakıya niyə gəlmişdi?


Arxiv foto
Arxiv foto
İsrailin milli infrastruktur naziri Uzi Landaunun Azərbaycana səfəri ərəfəsində iki ölkə arasında iqtisadi, sənaye, infrastruktur sahələri ilə bağlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. O, prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşüb.

İsrailli nazirin Azərbaycana səfəri ilə bağlı yayılan rəsmi məlumatlar elə bu cümlələrdən ibarətdir. Amma səhər ərəfəsində mətbuatda İsrail nazirinin Azərbaycana daha çox neftlə bağlı gəldiyi barədə məlumatlar da yer alıb. Amma Dövlət Neft Şirkəti mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev AzadlıqRadiosuna deyib ki, görüşdə enerji sektorunda əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyindən söz açılsa da neft-qazla bağlı hər hansı sənəd imzalanmayıb.

«BU SƏFƏR İRANLA BAĞLI DA OLA BİLƏR»

U.Landaunun rəhbərlik etdiyi İsrail Milli İnfrastruktur Nazirliyinin səlahiyyətlərinə enerji siyasəti və onun icrası məsələləri daxil olsa da yerli ekspertlər bu səfəri müxtəlif cür qiymətləndirirlər. «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə görə, iki ölkə arasında iqtisadi, hərbi və enerji sahəsində dərin əməkdaşlıq mövcuddur və hər iki tərəf bu əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Mehman Əliyev
Mehman Əliyev
Amma Mehman Əliyev bu səfərin nüvə proqramı ilə bağlı İran ətrafında beynəlxalq münasibətlərin gərginləşməsi fonunda baş verməsinə də diqqət çəkir:

«Mən hesab edirəm ki, buna kompleks şəkildə baxmaq lazımdır. Bu səfər bir sıra məsələləri əhatə edir. Burda enerji təhlükəsizliyi məsələsi, regional təhlükəsizlik və bu istiqamətlər üzrə əməkdaşlığın daha da genişlənməsi kimi məsələlər var».

Mehman Əliyev İsraillə Azərbaycan arasında getdikcə dərinləşən əməkdaşlığa İran tərəfindən həmişə mənfi reaksiyalar olduğunu da yada salır. Amma deyir bu kimi reaksiyalar iki ölkə arasındakı əməkdaşlığa təsir edəcək gücdə deyil:

«İndi seçim dövrü deyil, Azərbaycan artıq öz seçimini edib. Hansısa problemlər yaradıla bilər, amma bu əməkdaşlıq, bu strategiya dönməzdir».

«İSRAİLİN AZƏRBAYCANDAN QAZ ALMAQ İSTƏYİ VAR»

İqtisadçı Natiq Cəfərli isə İsrailin infrastruktur nazirinin Azərbaycana daha çox mavi yanacaqla bağlı gəldiyini düşünür:

«Çox güman ki, Türkiyə üzərindən keçən qazın bir hissəsini də İsrail alacaq. Bu ölkə Azərbaycan neftini onsuz da alır. İsrail Azərbaycan neftini ən çox alan üç ölkədən biridir».

Natiq Cəfərli
Natiq Cəfərli
Natiq Cəfərli informasiya texnologiyaları baxımından İsrailin inkişaf etmiş bir ölkə olduğunu və bu baxımdan da iki ölkə arasında bu sahədə də əməkdaşlıq olduğunu deyir. İqtisadçıya görə, bu əməkdaşlığa Türkiyə və İrandan necə reaksiya gələcəyi də maraqlı məsələdir.

«İSRAİLLƏ ƏLAQƏLƏRİ GÜCLƏNDİRMƏK LAZIMDIR»

Siyasi şərhçi Sədrəddin Soltan isə Türkiyəni bu məsələyə qoşmağın düzgün olmadığını deyir. O, düşünür ki, son zamanlar Ankara ilə Təl-Əviv arasında gərginlik yaransa da Türkiyə hakimiyyəti bu məsələni özünə o qədər də ziyanlı hesab etməyəcək. İrana gəlincə, şərhçi deyir ki, Azərbaycan-İsrail münasibətlərinə İran həmişə mənfi münasibətdə olub:

«İran da bilir, bütün dünya da bilir ki, İsraillə -Azərbaycan arasında çox ciddi münasibətlər var və bu münasibətlər İranla-Azərbaycan arasındakı münasibətlərlə ölçüləcək səviyyədə deyil, bu daha ciddi və dərin münasibətdir».

Şərhçi hesab edir ki, bütün hallarda Azərbaycan müstəqil dövlət kimi bu sahədə də müstəqil siyasət yürütməlidir və İsraillə əlaqələrini daha da gücləndirməlidir.
XS
SM
MD
LG