İsrail əsgərləri Qəzzaya humanitar yardım aparmağa çalışan iki gəmiyə çıxıblar. İsrail ordusundan yayılan məlumatda deyilir ki, hərbi dəniz qüvvələri “beynəlxalq qanunlara uyğun olaraq Qəzzaya tətbiqedilən blokadanı pozmağa çalışan iki gəmini dayandırıb.”
Qəzzaya yardım aparan Kanadanın "Tahrir" və İrlandiyanın "Saoirse" gəmiləri hazırda İsrailin Aşdod limanına aparılır.
Noyabrın 4-də baş verən bu hadisə zamanı hər hansı qarşıdurma, yaralanan olmayıb.
2010-cu ilin mayında da İsrail ordusu Qəzzaya humanitar yük aparan gəmi karvanının ünvanına çatmasına imkan verməyib. İsrail əsgərlərinin karvandakı Türkiyə gəmisinə hücumu nəticəsində azı 10 nəfər həlak olub. O vaxtdan Türkiyə ilə İsrailin əlaqələri korlanıb.