Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:47

Xarici şirkətlərin işlədikləri ölkələrdə rüşvət vermələri adi hala çevrilir


Arxiv şəkil
Arxiv şəkil

Xarici ölkələrdə bizneslə məşğul olanların rüşvət vermələri adi bir işə çevrilir. Bunu Transparency İnternational 2011-ci ilə dair “Rüşvətverənlər indeksi” adlı hesabatında yazır. Noyabrın 2-də yayılan bu hesabatda adı çəkilən ölkələrin siyahısında da ən yuxarıda Rusiyadır.

RUSİYA VƏ ÇİN BU SİYAHININ DA BAŞINDADIRLAR

Təşkilatın müxtəlif ölkələrdən olan irili-xırdalı 3000 biznes rəhbəri arasında keçirdiyi sorğunun nəticəsində aydın olub ki, Rusiya şirkətləri rüşvət verməyə daha meyllidirlər. 28 ölkənin adı çəkilən siyahının başında Rusiya gəlir. (Hesabatda Azərbaycanın adı qeyd edilmir -red.) Rüşvət verməyə görə Rusiya şirkətlərinin Çin, Meksika, Hindistan kimi ölkələrin şirkətlərini də keçdikləri qeyd edilir.

Rusiyadan sonra isə Çin şirkətləri gəlir: “Bu iki ölkədən olan şirkətlərin dünyanın başqa ölkələrdə getdikcə daha çox yayıldıqlarını nəzərə alanda onların işlədikləri cəmiyyətlərdə rüşvət və korrupsiyanın təsirinin də getdikcə çoxaldığını ehtimal etmək olar. Onların işlədikləri ölkələrin bazarlarında ədalətli rəqabət apardıqları şübhəli görünür. Bu iki ölkədən birbaşa xarici sərmayənin miqdarı 2010-cu ildə 120 milyard dollar olub. Bu da Braziliya və Hindistandan olan xarici sərmayələrdən beş dəfə artıqdır”.

HEÇ KİM TAM ŞƏFFAF DEYİLMİŞ

“Rüşvətverənlər indeksi” siyahısında ən şəffaf çalışan şirkətlər kimi Hollandiya, İsveçrə, Belçika, Almaniya və Yaponiya şirkətləri göstərilir. Amma sorğudan həm də o aydın olub ki, vəziyyəti öyrənilən 28 ölkənin heç birindən olan şirkətləri büsbütün şəffaf adlandırmaq mümkün deyil.

Transparency İnternational onu da qeyd edir ki, 2008-ci ildə hazırladığı “Rüşvətverənlər indeksi” adlı hesabatla müqayisədə son üç ildə bəzi irəliləyişlər var.

Noyabrın 3-də Fransanın Kann şəhərinə toplaşacaq Böyük 20-lik ölkələri liderlərinin də anti-korrupsiya proqramının necə icra edildiyini müzakirə edəcəkləri gözlənir. Bu proqramın icrasına dair vəziyyəti araşdıran işçi qrupunun gəldiyi qənaətə görə Çin, Rusiya, İndoneziya və Hindistan xarici ölkələrdə rüşvət verməyi cinayət məcəlləsinə saldıqları üçün bəzi irəliləyişlərə də nail olublar.

NƏYƏ GÖRƏ RÜŞVƏT VERİRLƏR?

Transparency İnternational qeyd edir ki, şirkətlər daha çox hökumətin elan etdiyi tenderlərdə qalib gəlmək, qanunun tələblərindən yayınmaq, yaxud rəsmi proseduraları sürətləndirmək üçün məmurlara rüşvət verirlər.

Hesabatda rüşvətin verildiyi sahələr də qeyd edilir. Sənədə görə kənd təsərrüfatı sahəsində rüşvət daha azdır. İctimai işlər və tikintidə də rüşvətin səviyyəsi aşağı olub.

Amma mədən sənayesi, neft və qaz sektoru rüşvət və korrupsiyaya daha meylli görünür. Transparency İnternational hesab edir ki, bu sahələrdə daha iri məbləğdə investisiya, daha çox hökumət qaydaları olduğundan korrupsiya üçün də daha geniş meydan var.
XS
SM
MD
LG