Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Qocalar kəndi


90 yaşlı ağsaqqal Niko Xuçurauli
90 yaşlı ağsaqqal Niko Xuçurauli
Tbilisidən Şərq istiqamətə - Kaxetiyanın Kvarel kəndinə doğru təxminən 130 kilometr gedərkən yollar adamı Qredzelçala kəndinə aparır.
Yollara diqqətlə baxanda görmək olur ki, bura nə vaxtsa asfalt örtük döşənibmiş.
Məhz bu yollar kəndin sakinləri burdan qovub. İndi burda cəmi 14 ailə yaşayır. Onları şərti olaraq ailə adlandırmaq olar əslində - burda bir neçə qocadan savayı kimsə yaşamır.
...Maşınımız kələ-kötür, çalaları su ilə dolmuş yolla gedir. Yağış yağır. Yavaş-yavaş duman düşür. Bir az məsafə qət etdikdən sonra gözümüzə dəyən evlərdən birinin qarşısında dayanırıq. Bu evi də ona görə seçdik ki, həyətində toyuqlar görünürdü. Deməli, burda insanlar da olmalıdır...
Əyri hasarlı kiçik bir mərtəbəli evin eyvanında bir odun sobası var, amma yanmır. Həyət-bacada səliqəsizlik hökm sürür, hər tərəfə əşyalar və bir qədər də odun dağılıb.
«İNSANLAR ÇOX MƏYUS İDİLƏR»
Evin qarşısında maşın dayanandan sonra ağ rənglə boyadılmış qapı açılır və orta yaşlı bir kişi bayıra çıxır. Bizi evə dəvət edir.
Evin ağsaqqalı 90 yaşlı Niko Xuçuraulidir. O, 45 yaşlı oğlu Elizbar Xuçurauli ilə birlikdə yaşayır. Niko baba kəndlə bağlı bunları xatırlayır:
«Əvvəllər bu kənddə 40 təsərrüfat var idi, indi isə 14-ə yaxını qalıb. İnsanlar ya çıxıb başqa kəndə gedirlər, ya da şəhərə köçürlər. Bax bizim həyatımız budur. Axır-əvvəl bura xarabalığa çevriləcək».
Niko dayıdan kəndin niyə boş qaldığını soruşuruq:
«Yolsuzluqdandır. Nə yolu vardı, nə də elektriki. Məktəbi də gah açırdılar, gah da az keçmədən bağlayırdılar. Suvarma üçün su tapmaq olmurdu. İnsanlar çox məyus idilər burda».
Yalnız yaşlı insanların məskunlaşdığı Qredzelçala kəndində bir neçə il bundan əvvəl yola çınqıl səpilib. Burda elektrik 3-4 il öncə bərpa edilib. Amma kənddə heç bir mağaza, heç bir həkim yoxdur.
KƏNDİN BİRCƏ TİBB BACISI VAR Kİ, O, HAMININ ÜMİD YERİDİR
Kənd sakinləri
Kənd sakinləri
Burda suvarma sistemi olmadığından əkin-biçin, normal məhsul yığımı da mümkün deyil. Sakinlər ümidlərini təbiətə, havaya bağlayıblar, əksər hallarda isə onlar tamamilə məhsulsuz qalırlar.
Qredzelçalalılar deyirlər ki, imkan olduğu zaman yalnız həyətlərdə mal-qara saxlaya bilirlər.
Qredzelçalada vəziyyətin pisləşməyinə görə Elizbar Xuçurauli hamını günahkar görür:
«Mənə deyirlər ki, niyə içirsən? Yaxşı, bundan başqa nə edə bilərəm ki mən?»
O deyir ki, meşədən şabalıd toplayır, onları satıb əldə etdiyi pulla da içki alır.
Bu il Xuçuraulinin topladığı şabalıdları 70 tetridən (Təxminən 40 qəpik) alıblar.
O, bütün yay boyunca meşədən evə həm də odun gətirib yığır.
Burda kəndlilərin yeganə gəliri qocalığa görə aldıqları müavinətdir.
Qredzelçala kəndinin traktoru yoxdur, əllə işləməyə isə heç kəsdə güc qalmayıb. Bunları söhbət etdiyimiz qocalar deyirlər.
«BİZƏ ÖLÜMDƏN BAŞQA HEÇ NƏ KÖMƏK EDƏ BİLMƏYƏCƏK»
İmkanı olan sakinlər həyətlərində toyuq saxlayırlar, amma onları da yedizdirmək lazım olduğu üçün bütün təqaüdlərini xərcləyə bilməzlər ki... Niko baba gərəkli ərzaqları qonşu kənddən gedib alır. Həmin kəndə isə qonşunun atı ilə yollanır. Çünki kənddə heç kəsin maşını yoxdur:
Kəndin 70 yaşlı tibb bacısı İyamza Saparaşvili
Kəndin 70 yaşlı tibb bacısı İyamza Saparaşvili
«Xahiş edirəm ki, atı gətirsinlər mənə. Sonra da xahiş edirəm ki, məni ata mindirsinlər. Çəlik olmadan ayaq üstə dayana bilmirəm. Yeniseli və Qremidən evə un, makaron, qənd, düyü, sabun alıb qayıdıram».
Qredzelçalanın gələcəyi barədə 70 yaşlı kənd tibb bacısı İyamza Saparaşviliyə çox ümidsizdir:
«Hər şey... Pensiyaçılar kəndi daha olmayacaq, elə xarabalıqlar qalacaq burda. Bu kənddə nə gələcək ola bilər ki? 2011-ci ildə burda heç bir uşaq doğulmayıb».
Qredzelçala qocaları nə kimdənsə kömək istəyir, nə də kimisə günahlandırırlar. 79 yaşlı Şete Qaqolişvili deyir:
«Bizə ölümdən başqa heç nə kömək edə bilməyəcək. Bu kəndin gələcəyi də yoxdur, gəlib-gedəni də».
Kəndin dağılmış evlərinin xarabalıqları alaq otları ilə dolub. Yaşlı sakinlərin indi ən böyük dərdi bu qışı necə yola verməkdir. Elizbar Xuçurauli isə soyuq qışın qısa günlərini içki və şeirlə keçirməyə hazırlaşır.
XS
SM
MD
LG