Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:51

Ayaz Mütəllibov parlament üzvlərinə cavab verdi


Oktyabrın 25-də Milli Məclis «Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Konstitusiya qanununu birinci oxunuşda qəbul etdi. Amma layihəyə münasibət heç də birmənalı olmadı. Hətta hakim YAP-dan olan deputatlar da bu qanuna birmənalı yanaşmırdılar.

Məsələn, spiker Oqtay Əsədov, komitə sədri Əli Hüseynov, deputat Aydın Mirzəzadə, və digərləri hesab edirdilər ki, bu islahatçı qanundur. Azərbaycan sivil dövlət olduğu üçün qəbul edilməlidir. Layihədə də bütün suallara cavab var.

Amma parlament çoxluğunun digər təmsilçiləri- Elman Məmmədov, Musa Quliyev Məlahət İbrahimqızı və başqaları fərqli fikirdə idilər. Xüsusilə də eks- prezident Ayaz Mütəllibova münasibətdə.

«ONUN HAQQINDA CİNAYƏT İŞİ VAR»

Hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocalı şəhərinin keçmiş icra başçısı, deputat Elman Məmmədov hesab edir ki, əgər bu qanun Ayaz Mütəllibova şamil edilsə, ona sənəddə nəzərdə tutulan imtiyazlar verilsə, onda istənilən prezident, məmur buna arxayın olub rahatca cinayət törədə bilər:

«Biz demirik ki, Mütəllibov orada qırğın törədib. Amma o, prezident səlahiyyətlərini lazımı səviyyədə yerinə yetirə bilmədiyi, fəaliyyətsizlik nümayiş etdirdiyi üçün o qırğının baş verməsində məsuliyyət daşıyır. Bunu mən deyərkən Azərbaycan respublikası Ali Sovetinin deputat istintaq qrupunun qərarlarına, Baş Prokurorluğun istintaq qrupunun istintaq materiallarına, 1997-ci ilin may- iyun aylarında Ali Məhkəmənin hərbi tribunalı tərəfindən aparılan iki aylıq məhkəmə prosesinin son yekun qərarına əsaslanaraq deyirəm. Bu sənədlərin hamısında məsuliyyət daşıyanların siyahısında Ayaz Mütəllibovun adı birincidir. Onun adı bu cinayətdə hallanır».

Eks- prezident Əbülfəz Elçibəy və Heydər Əliyev
Eks- prezident Əbülfəz Elçibəy və Heydər Əliyev
Bəzi deputatlar isə hesab edir ki, Ayaz Mütəllibov əvvəlcə Azərbaycan xalqından üzr istəməli, Prezidentdən əfv üçün müraciət etməlidir ki, cinayəti üzərindən götürülsün.

Spiker Oqtay Əsədovun sözlərinə görə, bu qanun hər üç keçmiş prezidentə şamil ediləcək.

BARIŞDIRICI MİSSİYA

Deputatlar Musa Qasımlı, İqbal Ağazadə Qüdrət Həsənquliyev, Sabir Rüstəmxanlı Çingiz Qənizadə və digərləri isə hesab edirlər ki, o halda bu qanun barışdırıcı missiya daşıyacaq.

İqbal Ağazadə:

«Bu qanunun hər üç prezidentə şamil ediləcəyi, olduqca uğurlu bir ifadədir. Və Azərbaycanda barış cəmiyyətinin yaradılması, demokratik dəyərlərə üstünlük verilməsi, qanunvericiliklə vəzifə səlahiyyətlərini yerinə yetirib- yetirməməsindən asılı olmayaraq keçmiş prezidentlərə sayğı ilə yanaşmanın yeni mərhələsidir. Milli Məclisin bu sənədi qəbul etməsi ilə Azərbaycanda yeni bir siyasi dialoq başlaya bilər».

Deputat Musa Quliyev isə düşünür ki, Azərbaycanda milli barışıq çoxdan var. Onun əsasını da Heydər Əliyev qoyub. Ona görə belə söhbətlərin yeri deyil.

Deputat Məlahət İbrahimqızı isə hesab edir ki, Mütəllibov Azərbaycandan üzr istədiyi üçün bəlkə də əvvəlcə «Eks- prezidentlərin reabilitasiyası haqqında» qanun qəbul edilməlidir.

Amma əlbəttə ki, bu qanunun eks- prezidentlərdən Ayaz Mütəllibovla yanaşı Əbülfəz Elçibəyə də şamil edilməməsini istəyənlər var idi.

ÜÇ EKS-PREZİDENT BİR TƏRƏZİDƏ?

Etibar Hüseynov
Etibar Hüseynov
Hələ Elçibəyin adını Mütəllibovla yanaşı çəkməyənləri buna görə qınayanlar da oldu. Məsələn, deputat Etibar Hüseynov:

«Uzun illər bu parlamentdə Elçibəy haqqında çıxış edənlər təəssüf ki, bu gün öz çıxışlarını başqa notlar üzərində qururlar. Gecə ilə təyyarəyə minib naməlum istiqamətə uçanlara eks- prezident yox, «fərari» statusu verilməlidir. Digər tərəfdən Ayaz Mütəllibovu Əbülfəz Elçibəylə, onların ikisini də bir yerdə Heydər Əliyevlə bir tərəzinin gözünə qoymaq bir qədər də ədalətsiz çıxır. Bu heç bir çərçivəyə sığmır».

Deputat Zahid Oruc da irad tutdu ki, Mütəllibov və Elçibəy prezident vəzifəsini yerinə yetirə bilmədikləri halda parlament onları eks- prezident etmək istəyir.

«NƏ DEYİRLƏR, DESİNLƏR»

Azərbaycanın ilk prezidenti-hazırda Rusiyada yaşayan Ayaz Mütəllibov isə onu ittiham edənləri öz vicdanlarına buraxdığını və özünü günahkar saymadığını deyir:

«Demokratiyadı, fikir fərqliliyi olmalıdır. Amma mənim günahım yoxdur. Bu siyasətə -özü də cılız siyasətə bağlı olan ifadələr, sözlərdir. Nə deyirlər desinlər. Özləri bilərlər».

Eks- prezident Ayaz Mütəllibov
Eks- prezident Ayaz Mütəllibov
Ayaz Mütəllibov bu qanun layihəsini parlamentin birinci oxunuşda qəbul olunmasını müsbət hal kimi dəyərləndirir. Deyir bu, lazımlı bir sənəddir. Onun çox böyük əhəmiyyəti var. Həm də təkcə onun özünə görə yox. O hesab edir ki, bu konstitusion akt Azərbaycanın müasir tarixində öz yerini tutacaq. Ölkənin daxilində və xaricində müsbət əks- səda doğuracaq.

Ayaz Mütəllibov 1992-ci ildən Moskvada yaşayır. Onu 1990-cı il yanvar faciəsinin və 1992-ci ilin fevralında Xocalı şəhərinin təslim edilməsinin günahkarlarından biri adlandırırdılar. Ona qarşı bir neçə cinayət işi açılıb.

CİNAYƏT TƏRKİBİNƏ XİTAM VERMƏK ÜÇÜN ƏSAS OLACAQ

Parlamentin oktyabrın 25-də keçirilən iclasında bəzi çıxışlarda isə vurğulanırdı ki, Ayaz Mütəllibov 20 ildir cinayət əməlində suçlu bilinir. Əgər qanun ona da şamil edilsə, bəs bu məsələ neçə həllini tapacaq?
Layihəni deputatlara təqdim edən Əli Hüseynov sonda həmin məsələyə də aydınlıq gətirdi:

«Əgər qanun bu şəkildə qəbul olunarsa, o eyni zamanda cinayət tərkibinə xitam vermək üçün əsas olacaq. Çünki bu konstitusiya qanunudur və daha üstün hüquqi qüvvəyə malikdir».

Sonda deyim ki, «Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» qanunun layihəsi konstitusion qanun olduğuna görə 6 aydan sonra bir də parlamentin müzakirəsinə çıxarılacaq.
XS
SM
MD
LG