Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Əgər nazir, icra başçısı kitab yarmarkasında özü kitab almırsa...


- Qələbəlik yaratmaq üçün kitab yarmarkalarına məktəbliləri gətirirlər. Onlar da gəzir-dolanır, imkan düşəndə də bir neçə kitab oğurlayıb gedirlər. O baxımdan bu yarmarkalar kitabın nüfuzunu ucaltmağa xidmət etmir...

Bu fikirləri Azadlıq Radiosunun "Pen klub" proqramında "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu söyləyib.

"Kitab yarmarkaları niyə böyük maraq doğurmur?" mövzusunda söhbətə yazar Cəlil Cavanşir də qatılıb.

Şahbaz X:

- Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “II Bakı Beynəlxalq Kitab Yarmarkası” həqiqətən də böyük tədbir idi.

Çalışılmışdı ki, yaxşı keçsin. İcra hakimiyyətləri səviyyəsində hazırlanıb rayonlarda keçirilən yarmarkalar isə çox formal xarakterlidir.

Deyək ki, Binəqədi rayonunda parkda təşkil edilən yarmarkada böyük nəşriyyat olmasına və kitab bazarına ciddi təsir etməsinə baxmayaraq “Qanun” nəşriyyatı bir gündə cəmi 19 manatlıq satış etdi.


"Baxın, bəzən kitab dükanlarında vergi orqanları aylarla oturur. Axı sən kitab dükanında nə axtarırsan?!

Nəyə görə vergi orqanı bu qədər kitabın üzərinə gəlməlidir. Burada kitabdan başqa nə satılır?! Axı kitab dükanları onsuz da çox baha qiymətə yer kirayə edirlər".

Əgər bir icra başçısı kitab yarmarkasına gəlib özü oradan kitab almırsa, onun yanındakılar heç kitab almayacaq.

Bu mənada mən bu cür lokal dairələrdə kitab yarmarkalarının təşkilinin əleyhinəyəm.

Təsəvvür edin ki, Yasamal rayonunda bir neçə nazirliyin, komitənin, universitetin və nəhayət AMEA-nın əhatəsində olan Cavid parkında keçirilən yarmarkada bizim kimi bir nəşriyyat cəmi 50 manatlıq kitab sata bildi.

Ona görə də biz artıq Qaradağ rayonunda keçirilən yarmarkaya qoşulmadıq. Hər şeyi aparıb orada qurmaq xeyli xərc tələb edir.

Digər tərəfdən kitabları da hara gəldi tökə bilmərik. Özlərinə də bildirdik ki, bu cür yarmarka təşkil etmirlər. Bir yerdə elan da vermirlər ki, barı gələn olsun.

Bizim, sadəcə, plan xatirinə düzənlənən tədbirlərə qatılmaq gücümüz yoxdur. Bacarmırlarsa, peşəkarlara həvalə etsinlər. Əhali ilə işləmək istəyən nəşriyyatları cəlb etsinlər təşkilati işlərə.

Məncə, bu cür yarmarkaların planı düzgün tərtib olunmayıb. Ona görə də effekti azdır.

Cəlil C:

- Belə sərgilərin, əlbəttə ki, mənəvi cəhətdən müsbət təsiri var. Gedirsən, ən azı beş-on oxucu ilə ünsiyyətdə olmaq imkanın yaranır. Amma ümumi vəziyyət çox bərbaddır.

Kitabın reklamı, təbliğatı, satışı məsələsinə gəlincə, bununla “Qanun” nəşriyyatı məşğul olur. Mən o işlərlə maraqlanmıram.

Mənə maraqlı gələn cəhət kitaba olan maraqdır. O da yoxdur. Heç bir yarmarkada mən ciddi şəkildə maraq görmədim. Beynəlxalq yarmarkada da həmçinin.

Təşkilatçılar – nazir açılışda iştirak edib getdi. Yarım saat sonra onların görüntü üçün ora yığdıqları adamlar da dağılışdılar. Ortada yenə bir neçə oxucu və bir neçə yazar qalmışdı.

Müsbətə doğru addım saymaq olar bu tədbirləri. Amma bunun da bir sistemi işlənib hazırlanmalıdır.

Bizdə bunun sistemi ona görə yoxdur ki, Azərbaycanda dövlət səviyyəsində bu yarmarkaları təşkil edənlər kitabla maraqlanmayan adamlardır. Hərəsinin oxu menyusunda cəmi 5-10 kitab var.


Və onların yeni çıxan kitablardan xəbərləri yoxdursa, o kitabları necə təbliğ edə bilərlər? Məsələn, mən özüm, bir yazar kimi yeni kitab görəndə, hansı nəşriyyatın məhsulu olmasının fərqinə varmadan onu təbliğ etməyə, tanıtdırmağa, haqqında məlumat yaymağa çalışıram.

Amma Mədəniyyət Nazirliyi səviyyəsində düzənlənən böyük bir tədbirin təşkilatçılarının, demək olar ki, kitabdan xəbərləri yoxdur.

Necə təbliğ etmək lazım olduğunu da bilmirlər. Məktəblərdən, universitetlərdən, xəstəxanalardan inzibati işçiləri, tələbə və şagirdləri zorla kitab sərgisinə gətirməklə nəticə əldə etmək olmaz.

Həmçinin icra nümayəndələrinin örnək olması da vacibdir. Türkiyədə baş nazir Ərdoğanın bu ay oxuyacağı kitabların adını açıqlayırlar.

ABŞ-da prezident Obama tətilə gedəndə oxuyacağı 5 kitabı mətbuatda elan etdi. Bu, kitab satışına, müəllif seçiminə böyük təsir edir.

Bizdə də bu örnəklər olmalıdır. Yarmarkaya gələn icra başçısının ən azı 20-30 kitab almaq imkanı var. Bunu edib başqalarına örnək ola bilər.

Oxumasa belə, alıb kiməsə hədiyyə vermək üçün bunu etməlidir. Bu nümunə də yoxdur bizdə.

İlqar R:

- Şahbaz bəy, beynəlxalq sərgidən narazılığınız nə idi?

Şahbaz X:

- Biz sərgidən 15 gün əvvəl təşkilatçıya öz guşəmizin qarşısında keçiriləcək tədbirlərin proqramını təklif etmişdik.

Təkil etdik ki, nazirliyin ümumi proqramına bizim proqram da daxil edilsin. Həmin proqramla o da yayımlansın.

Şəhərin gur yerlərində paylansın ki, ictimaiyyət yarmarkadan xəbərdar olsun.

Təəssüflər olsun ki, bizim bölməmizi elə bir yerdə qoydular ki, onun qarşısında heç bir tədbir keçirmək imkanı olmadı. Əslində biz daha böyük yerə, başqa şəraitə iddialı idik.

Məncə, bu iddianın da əsası var idi. Bu yarmarkaya hərə öz qohumu, yaxını, silahdaşına görə baxmamalıdır. Nazirliyə kim yaxındırsa, dünyada keçirilən kitab yarmarkalarında həmişə onlar iştirak edirlər. Yarmarkalarda ən yaxşı yerlər onlara verilir.

Kitaba heç bir xidməti olmayan nəşriyyatlara elə yerlər verirlər ki... Amma 200-dək bədii ədəbiyyatla sərgiyə qatılan “Qanun” kimi bir nəşriyyatı aparıb hansısa küncə yerləşdirirlər.


İlqar Rəsul
İlqar Rəsul
Hər halda onlar gördülər ki, ən çox qələbəlik bizim bölmənin qarşısındadır. Hətta sonuncu gün oxucular imkan vermirdilər ki, biz kitablarımızı yığışdıraq.

İlqar R:

- Cəlil bəy, sərgidən əvvəl hansısa kitabları təbliğ etmək barədə düşündünüzsə, bunu necə etdiniz?

Cəlil C:

- Mən sosial şəbəkə və telefon vasitəsilə çalışdım ki, satılmasında və yayılmasında maraqlı olduğum kitabları bacardığım qədər təblif edim.

Yəni tərcümə elədiyim Bernhard Şlinkin “Qiraətçi” romanından və özümün "Undergraund sevgilər" şerlər kitabımdan söhbət gedir.

Ərkim çatan adamlara xəbər verdim ki, kitab yarmarkasında olacağıq, gəlin, iştirak edin. Bu, sırf maddı maraq da deyil.

Yazırıqsa, oxunmaq üçün yazırıq. Hər satılan kitabda bir oxucu qazanırıq və Azərbaycan yazarı üçün bundan böyük sevinc yoxdur.

Doğrusu, daha qələbəlik bir təqdimat, daha qələbəlik bir yarmarka gözləyirdim. Birinci gün yox idi elə bir qələbəlik.

Yalnız iki guşədə - “Qanun” nəşriyyatı və “Əli və Nino” üçün ayrılmış bölmələrdə qələbəlik var idi. 15-20 dəqiqə dayandım, müəyyən kitablar da aldım oradan.

İlqar R:

- Yalnız təşkilatçıdırmı bunun günahkarı?

Cəlil C:

- Burada yaradıcı birliklərin də müəyyən günahı var. Məsələn, AYB kitab yarmarkasının sonunda “Gənc ədiblər məktəbi”nin tədbirini keçirdi. Orada şeir oxudular və sairə.

Orada qələminə hörmət elədiyimiz bir neçə yazar var ki, onların tədbirinin keçirilməsi mənim üçün sevindiricidir. Amma ümumən bu cür yanaşma əslində kədərlidir.

Axı Azərbaycanda təkcə “Gənc ədiblər məktəbi” fəaliyyət göstərmir. Təşkilatçı - Mədəniyyət və Turizm Nazirliyi maraqlanmalı idi, başqa ədəbi birliklər də dəvət edilməli idi.

AYO kimi alternativ təşkilat, müstəqil yazarlar var. Ən azından AYO sədri
Aqşin Yeniseyi dəvət edib məsləhətləşmək, gənc yazarların bir neçəsini cəlb etmək olardı. Biz bu ölkədə yaşayırıq, bu ölkə üçün yazırıq.

İlqar R:

- Onda bu yarmarka nə idi əslində?

Cəlil C:

- Bu bir şans idi. Bu bir bayram idi. Bu bizim idi. Haqqımız idi ki, o tədbirlərə bizlər də dəvət olunaq, iştirak edək.

Ona görə bu tədbirin planı düzgün cızılmalı idi. Oxuculara canlı ünsiyyət şansı yaratmaq üçün ora kitabı müəyyən qədər satılmış Seymur Baycanı, MKM-nın qalibi Pərviz Cəbrayılı dəvət etmək olardı.

Pərviz Cəbrayıl son illər ölkənin ən böyük kitab müsabiqəsi olan MKM-nın qalibidir. Amma onun kitabı yarmarkada təqdim olunmadı. Bizimdir də, bu xalqın sərvətidir o əsər (Pərvizin “Yad dildə” romanı nəzərdə tutulur - İlqar R.).

O kitab min tirajla təkrar nəşr edilib. Axı bu, təbliğ olunmalıdır. Bunu dövlət etməyib nəşriyyatların üzərinə atacaqsa, çətin olacaq.

Heç olmasa MKM-da ikinci yerin qazanmış Məqsəd Nura belə bir şərait yaradaydılar. Səhv eləmirəmsə o, AYB-nin üzvüdür.

Bəs bu adamlar nə vaxt təbliğ olunacaqlar? Özləri gedib hansısa rayonda keçirilən kitab yarmarkalarında özlərini təbliğ edə bilməzlər axı.

İlqar R:

- Şahbaz bəy, bəlkə gəncləri kitaba istiqamətləndirmək üçün onların sevdiyi müğənnilərin köməyindən istifadə etmək, yarmarkalara dəvət etmək lazımdır?

Şahbaz X:

- Olar. Amma ilk növdədə yazarların öz gücündən normal istifadə etmək lazımdır. Şübhəsiz, müəyyən müğənnilər var ki, onlar kitaba dəyər verirlər, kitabla bağlı tədbirlərə qatılmaq istəyirlər.

Deyək ki, Nura Suri, Faiq Ağayev və digər müğənnilər tərəfindən belə təkliflər də olub.

Mən onlara təşəkkür edirəm buna görə. Amma bizim istəyimiz odur ki, yazıçıya öz kitabını təbliğ etməsinə, kitabının arxasında dura bilməsinə imkan yaradılsın.

Hətta xaricdən də yazıçılar dəvət etmək olar bu tədbirlərə. Amma edilmir. Çünki bizdə yarmarkalar yaxşı təbliğ olunmur. Təşkilatçılar bilirlər ki, ora kifayət qədər oxucu kütləsi gəlməyəcək.

Halbuki, həmin yarmarkada xaricdən gələn yazıçının bir on min kitabı satılmalıdır ki, ona da zəhməthaqqı olaraq həmin gəlirdən müəyyən məbləğ verilsin. Bunu etmək mümkün deyil.


Ən azı ona görə ki, təşkilatçılar yarmarkanın reklam işini düzgün qurmamışdılar.

İlqar R:

- Amma etmək olardı?

Şahbaz X:

- Əslində bu çox asandı. Azərbaycan oxucusu əslində çox çevik oxucudur. Biz kitabla bağlı bir məlumat verən kimi dərhal onun reaksiyasını görürük. Hər yeni çıxan kitabın ən azı 150 alıcısı olur.

Yalnız bizim yaydığımız məlumatlar hesabına. Bu çox yaxşı bir rəqəmdir. Əgər bizim özümüzə şərait yaradılsa, desələr ki, hər gün çıxın televizorda təbliğ edin kitabları, yarmarkalar təşkil edin, əlbəttə,

Azərbaycan oxucusu müğənninin köməyi olmadan da gələcək. Mən düşünürəm ki, Azərbaycan oxucusu Orxan Pamukun çağırışına daha çox gələr, nəinki müğənninin çağırışına.

Hətta bizim orta səviyyəli oxunan bir yazıçımıza şərait yaratsalar ki, öz kitabı ilə bağlı televiziyada xalqa müraciət etsin, imza günü elan etsin, adamlar gələcək. Azərbaycan oxucusu çox etibarlı oxucudur.

Belə kitabsız bir vaxtda bunu dəyərləndirmək lazımdır. Azərbaycanda kitaba çox insafsız bir münasibət olduğu vaxtda.

Kitabın belə baha olduğu bir vaxtda. Axı niyə Azərbaycan oxucusu baha qiymətə kitab almalıdır? Onlar kitabın belə baha olduğuna etiraz edirlər.

İlqar R:

- Bəs Azərbaycanda niyə belə bahadır kitab?

Şahbaz X:

- Ona görə ki vergilər böyükdür. Təsəvvür edin ki, biz müəyyən yayım şəbəkələrinə kitab verə bilmirik.

Çünki onlar ƏDV (Əlavə dəyər vergisi – İlqar R.) ilə işləyirlər. Biz də ƏDV ilə işləyirik. Kitab kollektoru da ƏDV ilə işləyir. Hərəmiz 18 faiz kitabın üzərinə qoyduqda süni vergilər yolu ilə onun qiyməti xeyli artır.

Nəyə görə kitab kağızı vergilərdən azad deyil?! Nəyə görə kreditlər hesabına yaşayan Gürcüstan kimi balaca bir ölkə kitabı bütün vergilərdən azad edib.

Amma bu qədər sərvətə malik olan Azərbaycan kimi bir ölkə kitabın özü bir yana, kağızına da vergi qoyub. Nə səbəbdən, nə olub axı?!

Və yaxud, hər yerdə yanacaqdoldurma məntəqələrinin açılmasına imkan verən bu dövlət hər rayonda bir geniş, böyük kitab dükanı aça bilməzmi?!

Bu xalqa hansı daha lazımdır bunların? Bəs bu, on ildən sonra necə olacaq, bu xalq hara gedəcək? Dostoyevskinin, Platonovun və digərlərinin indiyədək Azərbaycan dilinə tərcümə olunmayan əsərlərini biz hələ indi nəşr edirik.

Niyə Azərbaycan oxucusu bu kitabları oxumasın? Ən azı yer vermək lazımdır ki, oxucu gedib oradan o kitabları əldə edə bilsin.

Yəni kitaba olan münasibət köklü dəyişməlidir. Bilinməlidir ki, kitaba doğrudan da güzəşt var.

Baxın, bəzən kitab dükanlarında vergi orqanları aylarla oturur. Axı sən kitab dükanında nə axtarırsan?!

Nəyə görə vergi orqanı bu qədər kitabın üzərinə gəlməlidir. Burada kitabdan başqa nə satılır?! Axı kitab dükanları onsuz da çox baha qiymətə yer kirayə edirlər.

Çünki yerlər özəldir, dövlət güzəşti ola bilməz, bunu başa düşürük.
Dövlət məmurları da çox zaman kitabların oxunmaması, təhsil səviyyəsinin aşağı olması ilə bağlı çıxışlar edirlər.

Sənin vergi orqanların daim kitab dükanlarında, nəşriyyatlarda otururlarsa, təhsilin səviyyəsi necə yuxarı ola bilər? Elədirsə, kitaba güzəşt verin də! Niyə belə edilir, nə səbəbə? Yaxşı, mənfəət vergisindən azad etməyin, axı ƏDV-dən azad olunmalıdır kitab nəşri.

Hamı kitabdan danışır, amma heç kim, olduğu səviyyədə kitaba məhəbbətini izhar etmək, ona güzəştə getmək istəmir. Nəyə görə?!

Belə problemlər var. Bu problemləri oxucular bəlkə də görmürlər və görməsələr də olar. Amma dövlət görüb bunu həll etməlidir axı.

İlqar R:

- Ümumi götürəndə neçə faiz edir kitabın vergisi?

Şahbaz X:

- Üst-üstə gələndə Azərbaycan şəraitində kitab 30 faizdən çox vergi ödəyir. Niyə? Azərbaycan şəraiti o deməkdir ki, mən il boyu bir yazıçının üç yüz dənə kitabını satıram.

Və bu ağlamalı bir rəqəmdir. Hər üç min Azərbaycanlıya bir kitab düşür.

Halbuki, Gürcüstanda dörd adama bir kitab düşür. Niyə belə olmalıdır Azərbaycan. Bəs bunun haqqında kim düşünməlidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG