Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:26

Ramzan Kadırov 35 yaşını Şakira ilə qeyd edə biləcəkmi?


Ramzan Kadırov və Şakira
Ramzan Kadırov və Şakira
Ramzan Kadırov 30 yaşı olanda, özünə Çeçenistan prezidentliyi kürsüsünü hədiyyə etdi. Oktyabrın 5-də isə onun 35 yaşı tamam olur. Kadırov 35 illiyinə məşhur pop star Şakira (Shakira), britaniyalı skripkaçı Vanessa Mey (Vanessa Mae) və s. məşhurları dəvət edib.

Çeçenistan hökumətinin sözçüsü deyib ki, Şakira tədbirdə iştirak etməyə demək olar ki, razılıq verib. Onlar Qroznıda iri biznes mərkəzinin açılışı münasibəti ilə keçiriləcək qala konsertdə də iştirak edəcək (mərkəz helikopterin enməsi üçün xüsusi yeri, 3 min avtomobil üçün yeraltı qarajı olan 7 binadan ibarətdir).

Ancaq Şakira tədbirdə iştirakı ilə bağlı xəbərləri təkzib edib. Sentyabrın 29-da «Twitter»də yazıb ki, Kadırov üçün konsert verməyi planlaşdırmır.

Tədbirə 500 min dollar qarşılığında qatılacağı deyilən skripkaçı Vanessa Meydən də xəbər yoxdur. Digər dəvətlilər – Kevin Kostner (Kevin Costner), Hilari Suonk (Hilary Swank) və Yeva Mendesdən (Eva Mendes) də həmçinin.

ONLAR ÜÇÜN HOLLİVUD ULDUZLARI TORT VƏ ŞAMPAN KİMİ VACİBDİR

Cennifer Lopes
Bu yay Cennifer Lopes (Jennifer Lopez) 1 milyon dollar qarşılığında özbək oliqarx Azam Aslamovun oğlunun toyunda oxuyub.

Mərhum Emi Uaynhaus (Amy Winehouse) isə rus milyarder Roman Abramoviçin qız dostu Darya Jukovanın ad günü tədbirində bunun iki qatını qazanmışdı.

Kristina Aqilera (Christina Aguilera) isə başqa bir rus milyarderi Andrey Melniçenkonun oğlunun Fransadakı toyunda yalnız 3 mahnıya görə 3.6 milyon dollar almışdı.

STİNQ ETİRAZ EDİR

Ancaq bəzi məşhurlar ev sahibinin rəftarına etiraz olaraq tədbirlərdən yarımçıq çıxırlar. Məsələn, britaniyalı Stinq (Sting) bu yaxınlarda Qazaxıstandakı konsertini orda tətil edən neftçilərlə həmrəylik əlaməti kimi yarımçıq tərk etmişdi. Vaxtilə Qəddafi və ailə üzvləri üçün konsert verib milyonlar qazanmış Nelli Furtado (Nelly Furtado), Meraya Keri (Mariah Carey) və Beyons (Beyonce) indi günahlarını yumaq yollarını axtarırlar.

ŞAKİRA NƏYİ GÖTÜR-QOY EDİB?

Ramzan Kadırov və Dieqo Maradona, 11 may 2011
Ola bilsin ki, indi Şakira (hansı ki, bir neçə il bundan əvvəl rusiyalı milyarder Süleyman Kərimovun ad günündəki konsertində oxumağa görə 1 milyon dollar almışdı) indi Kadırovun dəvətindən imtina edərkən məhz bunları düşünüb. Kadırov Çeçenistanda insan hüquqlarını pozmaqda ittiham olunur. Ancaq çeçen lideri bəzi məşhur şəxsləri indiyə qədər ölkəsinə gətirə bilib. Məsələn, bu ilin əvvəllərində Qroznıda yoldaşlıq oyununa o, futbol ulduzları Dieqo Maradona (Diego Maradona) ilə Luiş Fiqunu (Luis Figo) gətirmişdi. Əlbəttə, havayı yox, 1 milyon avroya.

Yoxsul uşaqlar üçün keçirdiyi xeyriyyə tədbirləri ilə tanınan Şakira isə ola bilsin, internetdə kiçik axtarış aparmaqla başa düşüb ki, belə bir avtokratla adının assosiasiya olunmaması daha yaxşıdır.

Ya da Kadırov öz göstərişinə əməl edib. Rusiya xəbər agentliklərinin məlumatına görə, o, ad günü ilə bağlı şənliklərin keçirilməsini qadağan edib. Deyib ki, kimsə ona hədiyyə vermək istəsə, onu işdən azad edəcək.
XS
SM
MD
LG