PARLAMENTİN PAYIZ SESSİYASINDA 18 LAYİHƏ
Milli Məclisin payız sessiyasında «Rəqabət Məcəlləsi» 3-cü oxunuşda müzakirə ediləcək. Ümumilikdə isə parlamentin payız sessiyasının gündəliyinə 18 qanun layihəsinin müzakirəsi daxildir. Bunu sentyabrın 28-də, payız sessiyasının başlanması ilə əlaqədar keçirdiyi mətbuat konfransında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu dedi:
«Payız sessiyasında Şəhərsalma və Tikinti Məcəlləsi birinci oxunuşda, Rəqabət Məcəlləsi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Sessiyanın qanunvericilik planında «Təhsil krediti haqqında», «Hərbi vəzifə və hərbi xidmət haqqında», «Ali təhsil haqqında», «Elm siyasəti haqqında», «Mədəniyyət haqqında», «Pasiyentin hüquqlarının qorunması haqqında», «Sosial xidmət haqqında», «Həbs yerlərində saxlanılanların hüquq və vəzifələri haqqında» və digər qanun layihələrinin müzakirəyə çıxarılması da nəzərdə tutulur».
Akif Təvəkküloğlu bununla belə deyir ki, bu rəqəm dəyişə də bilər.
İqtidar yönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı payız sessiyasının iş planına salınan məsələləri müsbət dəyərləndirir. Deyir ki, bunlar hamısı parlamentin komitələrində artıq müzakirədən keçmiş məsələlərdir. Amma o da hesab edir ki, müzakirə olunan məsələlər bununla məhdudlaşmayacaq:
«Bəlli olduğu kimi qanunvericilik təşəbbüsünə malik olan prezidentdən Milli Məclisə kifayət qədər qanun layihələri daxil olur. Və ümumi müzakirələrin içərisində onların xüsusi çəkisi indiyə qədər daha çox olub. Bu da əsasən aparılan islahatların sistemli və ardıcıl xarakter daşımasının mahiyyətindən irəli gəlir və cəmiyyətin bütün sahələrini əhatə edir».
Fəzail Ağamalı əmindir ki, payız sessiyasında Milli Məclisəin müzakirəsinə prezidentin imzası ilə kifayət qədər qanun layihələri təqdim ediləcək.
KƏMİYYƏT YOX, MAHİYYƏT...
İctimai Palatanın təsisçilərindən biri, keçmiş deputat Pənah Hüseyn isə hesab edir ki, əsas məsələ parlamentə nə qədər qanun layihəsinin daxil olması deyil, hansı qanunların qəbul olunmasıdır. Yəni önəmli olan kəmiyyət yox, mahiyyətdir.
Onun sözlərinə görə, İctimai Palata hazırda ölkədə ciddi siyasi islahatların aparılmasını vacib sayır. Bunun da qanunvericilik bazasının yaradılması aktual məsələ kimi gündəmdə durur.
Pənah Hüseyn deyir ki, indiki Milli Məclis azad və ədalətli seçkilər nəticəsində formalaşmasa da, islahatların başlanması üçün orada müəyyən qanunların qəbul edilməsi mümkündür:
«Bizim mövqeyimiz İctimai Palatanın «Demokratiyaya keçidin yol xəritəsi»ndə ifadə olunub. Siyasi amnistiyanın verilməsi, KİV haqqında, televiziya və radio haqqında qanunlarda dəyişikliklər edilib plüralizmin bərpa olunması, siyasi partiyalar haqqında qanunun qəbulu və sair məsələlər. Yəni payız sessiyasına əslində təcili, dərhal həyata keçirilməsi lazım gələn məsələlər salınmalıdır. Bundan sonra isə konstitusion islahatlar tələb edən məsələlər gəlir. Bura da seçki qanunvericiliyində proporsional-mojaritar sistemin bərpasına dair referendum aktı haqqında qanunun qəbul edilməsi və sair məsələlər daxildir».
Pənah Hüseynə görə dünyada baş verən proseslər və Azərbaycanın qarşısında dayanan vəzifələr bir il əvvəlkindən fərqlənir. Bu baxımdan əvvəllər gündəmə çıxarılan konkret məsələlər ölkənin və cəmiyyətin həyatı üçün müəyyən əhəmiyyət kəsb etsə də onlar hazırda birinci dərəcəli məsələlər deyil. Buna görə də Pənah Hüseyn düşünür ki, Milli Məclis dünyada və ölkədə yaranmış vəziyyətə dair məsələlərin müzakirəsini payız sessiyasının iş planına salsa daha münasib olar.
Parlamentin payız sessiyası öz işinə sentyabrın 30-da başlayacaq. Sentyabrın ortasından isə artıq komitələr fəaliyyətə başlayıb.