Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Badamdarda kafenin qadın icarədarı həbs edilib


Çəkilişə mane olan «Şəbnəm» kafesinin işçisi
Çəkilişə mane olan «Şəbnəm» kafesinin işçisi
Sentyabrın 21-də axşam saatlarında 300-dən çox Badamdar sakini qəsəbənin mərkəzindəki bir-neçə kafeyə hücum edib. Sakinlər bunu həmin kafelərdə əxlaqsızlığın olması ilə əsaslandırıblar. Narazı adamlar kafelərin üzərindəki bəzi reklam lövhələrini qopararaq onların fəaliyyətini dayandırıblar.

Bir müddət sonra əraziyə gələn polislər aksiyanın qarşısını alıblar. Narazılara isə bildirilib ki, həmin kafelərin hamısının fəaliyyəti tamamilə dayandırılacaq.

ÜÇ KAFEDƏN BİRİ BAĞLANIB


Sentyabrın 22-də biz həmin ərazidə olanda adamların narazı olduğu 3 kafedən yalnız biri- «Turan» çay evi fəaliyyətini dayandırmışdı. «Şəbnəm» və «NZS» kafeləri isə fəaliyyət göstərirdi. «NZS» kafesinin nümayəndələri baş verənlərin onlara aidiyyatı olmadığını bildirdilər:

«Bizdə heç bir şey olmayıb. Sakit fəaliyyət göstərən kafeyik. Kim nə deyirsə, yalan deyib. Gedin yuxarıdakı kafelərə baxın, orda olub hər şey. Ola bilər, kimsə bizim adımızı qərəzli şəkildə yayıb. Bizdə olmayan şeyi sizə necə deyək ki, olub?»

«Şəbnəm» kafesinin içi
«BİZİ ÇƏKMƏYİN»

Ərazidəki iki «Şəbnəm» kafesindən birinin sahibi baş verənlərin onlara aidiyyatı olmadığını bildirsə də eyni adlı ikinci kafenin nümayəndələri bizi içəri buraxmaqdan imtina etdilər. Yerli televiziyalardan birində işlədiyini deyən kafe əməkdaşı «Şəbnəm» kafesinin həmsahibi olduğunu bildirsə də qonşuların şikayətləri ilə bağlı suallarımızı cavabsız qoydu:

«Bizi çəkməyin, çıxın gedin...»

Kafe işçilərinin dediklərindən fərqli olaraq qonşuluqda yaşayanlar həmin kafelərdə hər gecə baş verən səs-küy, dava-dalaş, əxlaqa uyğun olmayan hərəkətlərdən cana yığıldıqlarını deyirlər:

«Saat 10-dan sonra burda maşınlar yığılır, qızlarla oğlanlar burda min hoqqadan çıxırlar. Dünən neçə qızı burdan qovmuşuq. Bu, biabırçılıqdır. Buna son qoymaq lazımdır».

«POLİSƏ MÜRACİƏT ETMİŞİK, AMMA....»

Badamdar qəsəbə sakini Bahadur Səlimov deyir ki, düz bir ildir gecələr musiqi səsindən, kafelərdə baş verən əxlaqsızlıqlardan polisə müraciət etsələr də, onların müraciətlərinə baxan olmayıb. Elə bu səbəbdən də onlar məsələni özləri həll eləmək qərarına gəliblər:

Sakinlərin narazılıq etdiyi «Turan» kafesi
«Polis gecə saat 3-də gəlib mənim evimə məndən yazdığım ərizəni götürüb. Polis bunun qarşısını niyə almır? Ona görə ki, həmin kafelərdən rüşvət alır. Açığı, əsl səbəb budur».

Taksi sürücüsü Vüqar Həmidov həmsöhbətimlə həmrəy olduğunu deyir:

«Saat 2-3-dür. Mahnı oxudurlar, Can-canadır, can-cana. Yığılıblar bura, qızlar çöldə oynayırlar. Camaatın arvadı, uşağı var, bu düz deyil axı. Mən olmayım, sən ol, kim onu götürər?»

NAZİRLİYİN MÖVQEYİ

Daxili İşlər Nazirliyində mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna deyir ki, «Turan» kafesinin icarədarı Təranə Əliyeva asayişin qorunması zamanı polislərin qanuni tələblərinə əməl etmədiyinə saxlanılıb. Səbael rayon məhkəməsinin qərarı ilə barəsində 4 günlük inzibati həbs qərarı verilib.

«NZS» kafesi
«Polis həmin gün aksiyanın qarşısını alanda «Turan» kafesinin icarədarı Təranə Əliyeva polisin qanuni tələblərinə əməl etməyib, polisə müqavimət göstərib. O saxlanılıb, 8-ci bölməyə aparılıb. Daha sonra məhkəmə onun barəsində 4 günlük həbs qərarı çıxarıb».

«BU ŞƏRƏF VƏ LƏYAQƏTƏ TƏCAVÜZDÜR»

Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev isə hesab edir ki, bəzən əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən yerləri vəzifəli şəxslər himayə etdiyindən polis həmin obyektlərə qarşı lazımı tədbirlər görə bilmir. Əliməmməd Nuriyevə görə, qanunla bütün vətəndaşlar şərəfli yaşamaq hüququna malikdirlər. Onun dediyinə görə, qonşuluqlarında əxlaqsızlıq yerlərinin fəaliyyət göstərməsinə qarşı çıxmaq vətəndaşların hüququdur, insanların gözü qarşısında əxlaqsızlıq edilirsə, bu onların şərəf və ləyaqətinə təcavüzdür.

DİN-dən Orxan Mansurzadə isə bu kimi yerlərin polis tərəfindən himayə olunması ilə bağlı deyilənləri həqiqətə uyğun olmayan məlumat hesab edir.

Cinayət Məcəlləsinin 244-cü maddəsinə görə, fahişəliklə məşğul olma yuvalarını təşkil etməyə görə,2 ilə qədər islah işlərindən 3 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Eyni əməllər təkrar və mütəşəkkil dəstə tərəfindən törədildikdə isə 3 ildən 6 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
XS
SM
MD
LG