Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:32

Bakıda Koroğluya və Babəkə heykəllər qoyulacaq


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Koroğluya ucaldılacaq abidənin hazırlıq işləri ilə tanış olurlar. 21 yanvar 2010
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Koroğluya ucaldılacaq abidənin hazırlıq işləri ilə tanış olurlar. 21 yanvar 2010
Bakıda qoyulacaq Koroğlu heykəlinin öz hündürlüyü 10 metr olacaq. Onun müəllifi, heykəltəraş Tokay Məmmədov AzadlıqRadiosuna müsahibəsində belə deyib.

«Postamentin hündürlüyü də elə bir o qədər olacaq yəqin. Təxminən 10 metr. Ümumi hündürlüyü 20 metr olmalıdır».

Heykəltəraş «Koroğlu»nun tuncdan töküləcəyini, postamentinsə qranitdən hazırlanacağını deyir:

«Qranitlə bağlı çertyojları hazırlayıb Çinə göndərdim. Orda indi yonma işləri gedir. Özümsə Kiyevə gedib heykəli işləyirdim. Hazırdır, onu tunca köçürəcəklər. Daha mənlik iş qalmayıb, sırf istehsalat işidir, tuncu əridirlər. Amma tunca köçürəndən sonra da üzərində işləyəcəm. Bütün bunlar başa çatandan sonra onları Bakıya gətirəcəklər və burda quraşdırılacaq. Əslində konstruksiya işi çox mürəkkəbdir».

Tokay Məmmədov deyir ki, heykəl ilkin eskizlər əsasında hazırlansa da, ona bəzi dəyişikliklər edilib. Ancaq bu dəyişikliklərin nədən ibarət olduğunu söyləmədi.

Müəllif heykəlin ilin sonuna kimi hazır olacağını istisna etmir.

84 yaşlı sənətkardan «yol Sizi yormurmu» xəbər aldıq. Güldü:

«Yol yox, zavodda relslər üstündə işləmək zülmdür. Yolda yenə oturmaq olur».

Bəs bu əziyyətin qarşılığında alacağı – qonorarı nə qədər olacaq? Yenə güldü:
«Söhbət olmayıb. Hələ məlum deyil. Görək nə olacaq».

Prezident İlham Əliyevin sentyabrın 6-da verdiyi sərəncama görə, Bakıda xalq qəhrəmanı Babəkə də abidə ucaldılacaq.

Prezident Koroğlu heykəli üçün Ehtiyat Fondundan 5 milyon manat ayırıb.
XS
SM
MD
LG