Keçid linkləri

2025, 25 Yanvar, şənbə, Bakı vaxtı 17:03

Obama Suriya prezidentini istefaya çağırır



BMT-nin yeni hesabatında deyilir ki, Suriyada dinc nümayişçilərə qarşı repressiyalar insanlığa cinayət kimi yozula bilər.

Tezliklə BMT-nin Təhlükəsizlik Şurasına təqdim ediləcək hesabatda tövsiyə edilir ki, Suriya hökuməti buna görə Beynəlxalq Cinayət Məhkəməsinə verilsin.

Hesabat haqda Təhlükəsizlik Şurasına BMT-nin insan haqları komissarı Navi Pillay məlumat verəcək.

Homsda küçədə ölü və yaralılar. 10 avqust 2011
Sənəddə deyilir ki, martın ortalarından bəri Suriya hökumətinin dinc əhaliyə qarşı silah işlətməsi nəticəsində azı 1900 nəfər həlak olub.

Hesabatda BMT araşdırmaçıları buna görə günahkar saydıqları məmurlar arasında prezident Bəşər Əsəd (Bashar Assad) hökumətinin 50 üzvünün adını çəkirlər.


ƏSƏD ƏMƏLİYYATLARI DAYANDIRDIĞINI DEYİR...


BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı hesabatın dinlənilməsi üçün toplaşmasından bir qədər əvvəl Bəşər Əsəd elan edib ki, ölkə boyu ordunun bütün əməliyyatlarını, eləcə də həbsləri dayandırır.


Məlumata görə, Əsəd BMT-nin baş katibi Ban Ki Muna da deyib ki, yaxın aylar ərzində ölkədə islahatlara başlayacaq - o cümlədən, Konstitusiya və seçki islahatları.

Amma Əsədin bu bəyanatı deyəsən beynəlxalq ictimaiyyətin artan narazılığını azaltmaq üçün çox azdır.

ABŞ prezidenti Obama açıq şəkildə Suriya prezidenti istefa verməyə çağırıb. Bundan sonra Britaniya, Fransa və Almaniya rəhbərləri də eyni çağırışla müraciət edib.

Bunlara da nəzər salın
Birləşmiş Ştatlar həmçinin Suriya rejiminə qarşı yeni kəskin sanksiyalar tətbiq edir. Həmin sanksiyalarda Suriyanın bütün dövlət aktivlərinin dondurulması, bu ölkəyə sərmayə qoyuluşu və bu ölkədən mal idxalının qadağan edilməsi nəzərdə tutulur.

İsveçrə isə bu arada Suriyadakı səfirini geri çağırıb

Dünən isə Tunis öz səfirini Suriyadan geri çağırmışdı. Bir müddət əvvəl bir sıra başqa ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı da eyni addımı atmışdı.

SURİYA PREZİDENTİ İSTEFA VERMƏK İSTƏMİR

Amma Əsəd hakimiyyətdən getmək niyyətində olmadığını nümayiş etdirir.

O çərşənbə günü rəhbərlik etdiyi Baas Partiyasının toplantısında deyib ki, “Suriya güclü olaraq qalacaq, amma islahatlar da aparılacaq, çünki Suriya xalqı islahatların vacibliyini anlayır”.

Suriya hökuməti bildirir ki, şəhərlərə qoşun yeridilməsi və hərbi əməliyyatlar “terrorçuların ölkəni parçalamasına imkan verməmək üçün”dür.

Avqustun 17-dək dinc nümayişçilərə qarşı sərt əməliyyat davam edib. 4 günlük
BMT-nin Təhlükəsizlik Şurası Suriya ilə bağlı toplantı keçirir. 27 aprel 2011

əməliyyatdan sonra ordu Latakia şəhərində nəzarəti ələ alıb. Hüquq müdafiəçilərinə görə, orada həbs edilənlərin sayı o qədər çoxdur ki, həbsxanalar dolub və yüzlərlə insan şəhərdəki futbol stadionunda saxlanır.

Bundan başqa, Homs şəhərindəki əməliyyat zamanı 9 nəfərin öldürüldüyü də deyilir. Amma şəhərdə etirazlar davam edir.

Bu arada minlərlə insan Suriyanı tərk edərək qonşu ölkələrə, xüsusən də Türkiyəyə üz tutur.

Türkiyənin baş naziri Ərdoğan Suriyadakı vəziyyəti Liviya ilə müqayisə edib. O deyib ki, avqustun 17-də Əsədlə şəxsən danışsa, bundan qabaq xarici işlər nazirini Suriyaya göndərsə də, “onlar əhaliyə qarşı hücumları davam etdirirlər”.
XS
SM
MD
LG