Keçid linkləri

Təcili xəbərlər
2023, 23 Mart, Cümə axşamı, Bakı vaxtı 14:42

Azərbaycanın səhm bazarında kimlər var?


Əlinizdə beş-on min manat varsa, bank səhmdarı ola bilərsiz, yox, vəsaitiniz azdırsa, onda hansısa tikiş fabrikinin və ya şərab zavoduna investisiya qoya bilərsiz.

Bakı Fond Birjasında Texnika Bankın bir səhmi 1000 manata təklif olunur. Bakı Tikiş Fabrikinin bir səhminin nominal dəyəri 4 manatdan başlayır. Bakı-Şərab-2 zavodunda isə bir aksiya 3 manata bazara çıxarılıb.

2000-ci ildə bir neçə yerli və xarici maliyyə qurumları tərəfindən təsis edilən Fond birjasının 11 broker üzvü var. Brokerlərin işi birjaya çıxarılan aksiyaların alış-satışını təşkil etməkdir. Aksiya almaq istəyən fiziki və ya hüquqi şəxs bu on bir broker arasından birini seçib onun vasitəsilə birjada iştirak edə bilər. Fond Birjası brokerləri apardıqları əməliyyatların həcminə görə reytinqini də müəyyənləşdirir.

Səhmlərinin dividentli olub- olmaması da müəssisələrin kateqoriyalar üzrə yerini müəyyənləşdirir.

YERLİ FOND BİRJASINDA SAKİTÇİLİKDİR

Brokerlərdən biri Azərbaycanda səhm bazarının vəziyyətini AzadlıqRadiosuna şərh edib. Adının çəkilməsini istəməyən müsahibimiz deyib ki, yerli səhm bazarını dünya birjaları ilə müqayisə etmək olmasa da, orda gedən proseslərin Azərbaycana da təsiri olub:

«Bu proseslər investorları qiymətli kağızlar bazarına sərmayə qoymaqdan çəkindirib. Amma aksiyaların qiyməti kəskin qalxsın, ya azalsın, belə bir şey yoxdur».

Müsahibimiz deyir ki, iri şirkətlər, məsələn, banklar və sığorta şirkətləri dövlətin qiymətli kağızlarına investisiya qoyur, amma fiziki şəxslər daha çox səhmləri almağa meyl göstərir. Müsahibimiz deyir ki, artıq dövlət qiymətli kağızlarına faizi az olması səbəbindən maraq azalıb, fiziki şəxslərin isə aksiyalar almağa olan meylini broker belə izah edir:

- Sərmayə, kapital gəliri deyirik, bu tendensiya baş verə bilər, yəni şəxs sərmayə də götürə bilər.

- Azərbaycanda səhm bazarına daha çox xarici vətəndaşlar maraq göstərir, yoxsa yerlilər?

- Dövlət kağızlarının faizi yüksək olanda xarici şəxslərin böyük marağı vardı, amma faiz aşağı düşəndən sonra bu maraq kəskin azaldı. Müəssisələrin səhmlərini isə daha çox yerli vətəndaşlar alır.

Arxiv foto
«BİRJADA ALICILAR DƏYİŞMİR»

Amma müsahibimiz onu da əlavə edir ki, səhm alanlar arasında yeni alıcılar görmək çətindir, bunlar yalnız bir qrup adamlardırlar ki, birja yeni formalaşanda bazara daxil olublar və indi də əsas alıcılar onlardır:

- Digər ölkələrlə müqayisədə əhalinin bu bazara girişi-çıxışı zəifdir, maraq aşağıdır. Fikrimcə, bu, maarifləndirmənin aşağı olması ilə bağlıdır. Bəlkə də adamların çoxu heç bilmir ki, səhm nədir. Kimin əlində vəsaiti varsa, klassik yolu seçir, ya banka əmanət qoyur, ya da daşınmaz əmlak alır.

Müsahibimdən soruşuram ki, bir broker kimi əlində 5 min manatı olan sadə bir vətəndaşa öz maliyyə vəsaitini idarə etmək üçün hansı məsləhəti verə bilər? O cavab verir ki, həmin maliyyə vəsaitini onlar həm daxili, həm də xarici bazarda yerləşdirə və şəxsi səhmdara çevirməklə hansısa əmlaka şərik edə bilərlər.

«AZƏRBAYCANDA AYA, DÜNYADA İSƏ BİR SANİYƏYƏ 100-200 ƏQD BAĞLANIR»

Hafiz Babalı
«Azərbaycanda ayda 100-200 əqd bağlanır, halbuki, dünya birjalarında saniyədə bu qədər əqd bağlanır» deyən, «Turan» İnformasiya Agentliyinin eksperti Hafiz Babalı Azərbaycanın səhm bazarı haqqında o qədər də nikbin rəydə deyil, onun fikrincə, ölkə fond birjası formal xarakter daşıyır, brokerlər isə daha çox alıcı-satıcı arasında notarius funksiyasını icra edir. Hafiz Babalı deyir ki, ölkədə iqtisadi rəqabət zəif olduğundan səhmdar cəmiyyətlər belə ailə şirkətinə çevrilməyə çalışırlar:

- Dünyada ailə şirkətləri çalışır ki, daha çox səhmdarlar cəlb etsin, bu da böhranlı vəziyyətlərdə riski azaldır. Azərbaycanda isə bunun əksi baş verir, kimsə səhmdar cəmiyyət yaradıbsa, sonradan digər səhmdarları sıradan çıxarmağa çalışır.

Hafiz Babalı onu da əlavə edir ki, yerli fond birjasında qiymətlərin uzun müddət sabit qalması da bu sahənin inkişafını ləngidən amillərdən biridir. Onun sözlərinə görə, ölkədə mövcud 4 milyard manatlıq korporativ qiymətli kağızların yalnız cüzi hissəsi səhm bazarına çıxarılır. Hərçənd, bu səhmlərin əsas hissəsi də dövlətin təsisçisi olduğu qapalı tipli səhmdar cəmiyyətlərin əlində toplaşıb.
XS
SM
MD
LG