Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:15

2 aprel məhbuslarının məhkəməsi davam edir (VİDEO)


2 aprel məhbuslarının məhkəməsi davam edir
Gözlə

No media source currently available

0:00 0:02:46 0:00
Direct-ə keçid

Avqustun 9-da Nəsimi rayon Məhkəməsində İctimai Palatanın 2 aprel aksiyasında həbs olunmuş 4 nəfərin- Elnur Məcidli, Ülvi Quliyev, Rüfət Hacıbəyli və Əhəd Məmmədlinin izi üzrə məhkəmə prosesi başlayıb.

Avqustun 9-da Nəsimi rayon Məhkəməsində İctimai Palatanın 2 aprel aksiyasında həbs olunmuş 4 nəfərin- Elnur Məcidli, Ülvi Quliyev, Rüfət Hacıbəyli və Əhəd Məmmədlinin işi üzrə məhkəmə prosesi başlayıb.

Hazırlıq iclasından fərqli olaraq bu dəfə məhkəmə salonuna daha az adam buraxıldı. Məhkəmənin həyətində xeyli adam toplaşsa da polislər yalnız 16 nəfərin içəri buraxılacağını bəyan etdilər. İzahatları da o oldu ki, içəridə artıq yer yoxdur. Bu da təqsirləndirilənlərin qohum-əqrəbasının, ümumiyyətlə ora toplaşanların narazılığına səbəb oldu. Nəticədə qalmaqal yarandı:

«İtələmə, niyə itələyirsən. Hüsnü Mübarəkin aqibətini gördünüz. 30 ilin diktatoru qəfəsdə idi...

Bu məhkəmə deyil ey, tamaşadır. Yox bir, ədalət məhkəməsidir».

«BURDAN DA QOVARAM SİZİ»

Polis jurnalistlərə - kənarda gözləyin, indi sizi içəri buraxacağıq-desə də sonradan vədinə xilaf çıxıb. «Medianı niyə buraxmırsınız?» soruşanda isə polislər deyib ki, adınız siyahıda qeyd olunmayıb.

«Siyahıda kimin adı var, o içəri keçib. Məhkəmə tərəfindən qərar çıxarılıb ki, içəri 16 nəfər buraxıla bilər. 16 nəfərdən artıq olmaz. İndi içəridə 16 nəfər var. 4 jurnalist buraxmışıq içəri. İndi məhkəmədi, bir azdan o 16 nəfər çıxar, başqa 16 nəfər girər içəri».

Sonra polislər camaatı zorla məhkəmənin həyətindən küçəyə çıxardaraq, qapıları bağladılar. Bayırda narazılıq edən adamlara arxalarını çevirərək, içəridə canlı sədd yaratdılar.

Məhkəmə qarşısındakı polislər
Nəsimi rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətov isə gözləyənləri oradan da uzaqlaşdıracağı ilə hədələdi:

«Bir az da belə eləsəniz, burdan da qovacam sizi».

DİPLOMATİK KORPUS DA BURAXILMADI

Polislər nəinki təqsirləndirilənlərin qohum əqrəbasını, jurnalistləri, heç diplomatik korpusun nümayəndələrini də bir müddət məhkəmənin həyətinə buraxmadılar.

«Ay balam, burada diplomat gözləyir. Sizin ixtiyarınız yoxdur bizi buraxmamağa».

Bir azdan ehtirazlar sakitləşdi. Adamlar dəstə -dəstə kölgəliyə çəkilib deyə-gülə söhbətləşməyə başladılar. Hələ də günün altında dayanıb kölgəliyə çəkilməyənlərin əsas mövzusu ərəb liderlərinin taleyi idi:

«Siyasi vəziyyət belədir ki, Hüsnü Mübarəki kresloda gətirdilər. Bəşər Əsədin də vəziyyəti qəlizdir. Əhməd Davutoğlu bu gün ora gedir. Medvedev də məktub yazıb ki, Bəşər, müxalifətlə dil tap və islahatlara başla».

MÜBARƏKİN VƏ 2 APRELÇİLƏRİN QƏFƏSİ

Məhkəmədə Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli də iştirak edirdilər.

Vəkillərdən biri gecikdiyi üçün proses başlamazdan əvvəl, Müsavat başqanı İsa Qəmbər məhbusların salındığı qəfəsi göstərərək hakimə deyib ki, «Misir prezidenti Hüsnü Mübarəkin tək salındığı qəfəs buradakı 4 məhbusun qəfəsindən qat-qat böyük idi. Xahiş edirəm bunu nəzərə alın».

Prosesi izləmək üçün gələnlər
Məhkəmədə əlavə şahidlərin çağırılması və bəzi sübutların siyahıdan çıxarılması ilə bağlı vəsatətlər qaldırılıb. Hakim vəsatətlərə baxmaq üçün fasilə elan edib. Fasilə zamanı bayıra çıxan İsa Qəmbər və Əli Kərimli öz müşahidələri barədə prosesə buraxılmayan jurnalistlərə açıqlama verdilər:

İsa Qəmbər:

«Vəkillər yüksək səviyyədə hazırlaşıblar prosesə. Onlar prokurorluğun, hakimiyyətin bütün iddialarını darmadağın etdilər. Mən əminəm ki, hakimiyyət bu yalanı, zorakılığı çox davam etdirə bilməyəcək. Yaxın müddətdə həbsdə olan dostlarımızın hamısını azad etmək məcburiyyətində qalacaq. Məhkəmə hökmü olsa da, olmasa da».

«MÜBARİZƏ DAVAM EDİR»

AXCP sədri Əli Kərimli isə hakimin qərarının necəliyindən asılı olmayaraq mübarizənin davam edəcəyini bildirib:

«Mübarizə davam edir. Mübarizədə itkilər, məhrumiyyətlər olur. Bu gün o gənclərin yaşadığı da həmin məhrumiyyətlərdən biridir. Ola bilsin ki, Azərbaycanın azadlığa qovuşması üçün hələ bizim çox məhrumiyyətlər yaşamamız lazım gələcək. Amma əsas odur ki, o gənclərin, insanların mübarizəsi Azərbaycanı bir gün azadlığa gətirib çıxardacaq».

Vəkillər deyir ki, zərərçəkmişlərdən iki hüquqi şəxsin nümayəndəsi prosesə qatılmayıb. Bir zərərçəkmişin – Daxili İşlər Nazirliyinin «Avtoyolnəqliyyat» İdarəsinin nümayəndəsi isə prosesi yarımçıq tərk edib.

Elnur Məcidli, Ülvi Quliyev, Rüfət Hacıbəyli və Əhəd Məmmədli Cinayət Məcəlləsinin 233 və 315.1 maddəsi ilə ittiham olunurlar. Onlar ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə təqsirli bilinirlər.
XS
SM
MD
LG