Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Partizanla evlənib İmişliyə gələn fransız gözəli


Coanna Botto Jak Murğuzallıdakı evində. Foto Səbuhi Məmmədlinindir
Müharibə və Sülh İnstitutu (IWPR) əslən Fransadan olan bir qadının Azərbaycandakı həyatından bəhs edən yazı dərc edib. Yazının müəllifi Səbuhi Məmmədlidir. Məqaləni qısa ixtisarla təqdim edirik:

«Məni ilk növbədə mütəəssir edən Coanna Botto Jakın adı idi. O, heç Azərbaycan adına oxşamır. Mən bu adı İmişli rayonuna səfər edərkən eşitdim. Daşqın qurbanları haqda məqalə hazırlayırdım.

Coannanı haqlayanda, onun danışdıqları romantik hekayəni xatırladırdı. Gənc qız ikən İkinci Dünya müharibəsi zamanı Fransada Müqavimət Hərəkatına qoşulan azərbaycanlı oğlana aşiq olub:

«Biz Liondanıq. Atam Jan Lionda çox nüfuzlu insan idi. Onun (Müqavimət lideri) Şarl de Qolla yaxın münasibətləri vardı. Atam gizli yollarla partizanlara silah göndərirdi. O, həmçinin yaralı partizanların müalicəsinə də kömək edib».

Əsir düşmüş sovet əsgəri - Şəmməd Şirməmmədovu İtaliyada saxlayıblar, o, 1944-cü ildə qaçmağa və Fransaya keçməyə nail olub. Burda Fransa Müqavimət Hərəkatına qoşulur və gözəl bacısı olan Pol Botto Jak adlı oğlanla dostlaşır.

«MƏNİM KİMİ GÖZƏL FRANSIZ QADININI KƏNDƏ ARABAYLA GƏTİRDİLƏR»

Müharibədən iki il sonra Coannanın atası nəhayət ki, onun Şəmmədlə ailə qurmasına razılıq verir:

«Atam Parisdə bizə çox qəşəng toy etdi. Bir aydan sonra Parisdəki Sovet konsulluğundan viza aldım və Azərbaycana yola düşdük. İki ay yolda olduq, bütün Avropanı gəzdik, daha sonra Moskva və ordan da Bakıya gəldik».

Bakıdan İmişliyə, nəhayət Murğuzallı kəndinə. Coanna həmin vaxt «istidən və ağcaqanadlardan dəhşətə gəldiyini» xatırlayır.

«Ən dəhşətlisi o idi ki, mənim kimi gözəl fransız qadınını kəndə arabayla gətirdilər», - deyərək gülür.

Şəmmədin ailəsinə onun müharibədə öldüyü deyilmişdi, ona görə cütlüyün kənddə qarşılanması səs-küylü olub:

Coanna Botto Jak gəncliyində. Foto Səbuhi Məmmədlinindir
«Həyətə girəndə, qohumların hamısı orda idi. Şəmmədi görən kimi hamısı qışqırmağa, ağlamağa başladılar».

COANNA ƏMİNƏ OLUR

Şəmmədin ailəsinin tələbi ilə Coanna İslam dinini qəbul edir və adını dəyişir, Əminə olur:

«İlk vaxtlar fərqli adət-ənənə və mədəniyyətə alışmaq çətin idi. Ən çətini isə iqlimə uyğunlaşmaq idi. İsti adamı öldürürdü. Ağcaqanad və milçək sanki adam yeyirdi. Heç vaxt belə şey görməmişdim. Ancaq qərarıma təəssüflənmirəm. Bir il sonra oğlumuz Rafael dünyaya gəldi. Ancaq xoşbəxtliyimiz uzun sürmədi, bir qədər sonra Şəmməd vəfat etdi».

Coannanın anası onu Sovetlər Birliyindən xilas etməyə cəhd edib. Hətta Bakıya onu görməyə gəlib. Lakin Sovet vətəndaşı olan oğlu ilə Coannanın ölkədən getməsinə icazə vermirlər.

Bu görüşdən sonra o, bir daha qohumlarını görmür. Ancaq yazışmaqda davam edirlər.

Yerli adətlər dul qalmış qadından ərinin yaxın qohumuna ərə getməyi tələb edirdi. Ona görə Coanna ərinin əmisi oğlu ilə ailə qurur. Bu evlilikdən daha bir oğlu və iki qızı olur. İndi Coannanın 30 nəvəsi və 22 nəticəsi var.

FRANSAYA QAYITMAQ ARZUSU

Zaman keçsə də, onun bir arzusu var – Fransaya qayıdıb, yaxınlarının məzarını ziyarət etmək.

… Mən Coannaya necə kömək edəcəyimi bilməsəm də, Bakıya qayıdandan sonra Fransa səfirliyinə zəng edib, Murğuzallıda yaşayan vətəndaşı barədə məlumat verdim.

Səfirliyin sözçüsü Cəmilə Axundova bildirdi ki, məsələyə baxılır və konsulluq əməkdaşları onunla əlaqə saxlayıblar:

«O, tələb olunan sənədləri toplasa, viza verilə bilər».

Hər halda, Fransaya səfər etməsi üçün Coannanın bankda lazımi qədər vəsaiti olmalıdır.

«Unutmayın ki, Avropa böhran içindədir. Fransa səfirliyi bu səfər xərclərini üzərinə götürə bilməz» - deyə konsulluq əməkdaşı Zemfira Quliyeva bildirdi.

Bu isə o deməkdir ki, Coanna bəlkə də heç vaxt evini görə bilməyəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG